İndiki müxalifətin hakimiyyətə gəlmək istəyinə şəxsən mən şübhə ilə yanaşıram. Mən belə hesab edirəm ki, bizim müxalifət, sadəcə olaraq, ABŞ və Qərbin maraqlı dairələri ətrafında dolaşaraq, pul qazanır və bu vasitə ilə subaydılarsa özlərini, evlidilərsə ailələrini dolandırırlar. Bir daha deyirəm: inanmıram ki, onlar hakimiyyətə gəlmək istəsinlər. O başqa məsələdir ki, xarici dairələr öz niyyətlərini gerçəkləşdirmək məqsədilə müxalifət təmsilçilərini hakimiyyət kürsüsünə əyləşdirməyə məcbur etsinlər. "Ağıllı" müxalifət liderləri də, bu ideyanın gerçəkləşməyəcəyinə inandıqlarından, "ya xan ölər, ya eşşək" məsəlindən bəhrələnərək, iki onillik ərzində müftə xaric çörəyini xımır-xımır yeməkdə davam edirlər.
1992-ci ilin mayında birtəhər hakimiyyət sükanı arxasına keçən müxalifətçilər cəmi bir ildən sonra hakimiyyət sükanını təhvil almağa razılıq verəcək adam axtarır, bu niyyətlərini gerçəkləşdirmək üçün ilan dili çıxarıb mələşirdilər. Onları bu binəsiblikdən Ümummilli Lider öz gəlişi ilə xilas etdi. Müxalifət liderləri də sızıldamalarına son qoyaraq, mütiliklə geri çəkilib, hərəsi bir tərəfə getdi. O vaxt onların hakimiyyətə gəlmək həvəsi sıfır həddində idi.
Sonra xaricin agentura şəbəkəsinə qoşulub arabir hakimiyyətə gəlmək istəklərini ifadə edirdilər. Artıq məsələ mən deyənə daha çox bənzəyir. Yəni onların başlıca məqsədləri qarın otarmaqla məhdudlaşır. Hillari Klintonun müxalifət liderləri ilə görüşməkdən imtina etməsi ABŞ rəsmilərinin bəzi Qərb dövlətlərinə nisbətən daha praqmatik olduqlarını təsdiqləməkdədir. Bu ölkə rəsmiləri görünməyən dağa getmək üçün bələdçi axtarışına çıxmırlar.
Avropanın bəzi ölkələrinin rəsmilərinin düşüncə səviyyələri və dalaşqanlıq dərəcələri isə müxalifətçilərlə eyniyyət təşkil etməkdədir. Məsələn, İsveçin Azərbaycandakı səfiri gəmidə oturub gəmiçi ilə dalaşmaqdan belə çəkinmir və başa düşmək istəmir ki, gəmiçini hətta suya itələməyə də nail olsa, axırda gəmini idarə edə bilməyib, özü də suya qərq olacaq. Səfir öz ölkəsinin təmsilçisi kimi ancaq rəsmi çərçivədə hərəkət etməlidir. Gözünə döndüyüm İsveç səfiri isə işini-gücünü atıb müğənni Lorini qoşub müxalifətçilərə, müxalifətçiləri də Lorinə, başlamışdı təxribatlara.
Almaniya rəsmiləri Kristofer Ştrasser və Markus Löninqin fikirlərini də dövlətin rəsmi mövqeyi olmadığını iddia etmək gülünc səslənir. Sadəcə olaraq, onlar Ermənistanı dəstəkləyən bir xristian kimi danışmaqdan uzağa gedə bilmirlər. Türkləri və müsəlmanları qırıb-çatmaq istəyən avropalı cinayətkar da əməlinə siyasi don geydirir. Deyəsən, Avropada cinayət və siyasətin meyarı eynidir. Məhz buna görə də, dünyanın müxtəlif ölkələrinin və o cümlədən, Dağlıq Qarabağ probleminin həlli düyünə düşüb.
Daha bir vacib məsələyə toxunmaq istəyirəm. Müxalifət "Eurovision" mahnı müsabiqəsinin faydasız tədbir olduğunu və həmin vaxt çox az turistin gəldiyini təkrarlayırdılar. Əslində, tədbir zaman kifayət qədər turist gəlmişdi. Ancaq müsabiqə başa çatdıqdan indiyə qədərki qısa vaxt ərzində ölkəmizə çoxsaylı turist axınının "Eurovision" müsabiqəsi ilə bağlı olduğu da danılmazdır. Bu turistləri, şübhəsiz, başa çatmış "Eurovision" dalğası gətirir. Müxalifətçilərin isə gözlərinin ucundan o tərəfi görmədikləri bir daha öz təsdiqini tapdı. İndi müxalifətin səsi tamam batıb. Ancaq bayaq dediyim kimi, onlar Qərb çörəyini xımır-xımır yeməkdə davam edirlər.
MİRZƏ QƏRƏNFİL