Müxalifətin hakimiyyəti nə səbəbə uzun sürmədi? Birincisi, Əbülfəz Elçibəy prezident kürsüsünə, yalan-doğru, cəmi 60 faiz səslə çıxmışdı. Yəni cəbhəçilər bundan artıq saxtalaşdırma apara bilməmişdilər. Hakimiyyətə gəldilər və ertəsi gündən etibarən bir-birinin ayağının altını qazmağa başladılar. Tutduğu vəzifədən asılı olaraq, hər bir vəzifə adamı özündən nisbətən yüksəkdə duran üçün daha dərin quyu qazırdı. Bu yarışma nəticəsində AXC hakimiyyətinin birinci yarısında bir çoxları tutduqları vəzifə kürsülərini tərk etməli oldular. 1992-ci ilin dekabrında Ali Sovetin sədri İsa Qəmbərov, dözüm nümayiş etdirə bilməyərək, prezident Əbülfəz Elçibəyin sədri olduğu AXC-yə alternativ bir partiya yaratmaq qərarı qəbul etdi. Başlıca məqsədi növbəti prezident seçkilərində öz namizədliyini irəli sürmək idi. Artıq əsəblər tarıma çəkilmişdi və iki qoçun başını bir qazanda qaynatmaq müşkül məsələyə çevrilmişdi.
Papağını qarşısına, qəlyanını damağına qoymuş İsa Qəmbərov fikrində xeyli müddət dağı arana, aranı isə dağa köçürüb, bir qərara gəlmək istəyirdi. O, təsbehini bir neçə dəfə fırladaraq, "sübhan Allah, əlhəmdülillah vəla" dedi və birdən "Evrika!" deyə qiyyə çəkərək ayağa qalxdı. Deyəsən, o, niyyətini gerçəkləşdirmək üçün çıxış yolu tapmışdı. O, kiməsə nəsə tapşırıq verib, yerində oturdu və təsbehini yenidən çevirməyə başladı.
Bir saatdan sonra "Yeni Müsavat" partiyasının təmsilçiləri Nəsib Nəsibli və Rauf Arifoğlu içəri girib gözlərini Ali Sovetin sədrinin ağzına dikdilər. Sədr onları çox da gözlətmədi:
- Gəlin sizin partiyanızın adından "yeni" sözünü götürüb, onu Müsavat edək ki, o, 20-ci əsrin əvvəllərindəki Müsavata bənzəsin. Onun sədr kürsüsündə mən əyləşim və 1997-ci ildə Ə.Elçibəyə alternativ kimi prezident seçkisində iştirak edim. Niyyətimin baş tutacağı təqdirdə, hər ikinizi dünya malından qane edərəm, - dedi.
Razılıq əldə edildi və İ.Qəmbərov işə girişdi. Deyir sən saydığını say, bir görə fələk nə sayacaq... Bu atalar məsəlinə məhəl qoymayan İ.Qəmbərov saydığını öz bildiyi formada saymaqda idi. Ancaq bir də ayıldı ki, baş nazir Pənah Hüseynovdan tutmuş icra hakimiyyətinin başçılarınadək quyuları qazıb başa çatdırdıqdan sonra kimisi şötkədə, kimisi kalkulyatorda fasiləsiz olaraq saymaqdadırlar. Yalnız bir fələk öz hesabını baş çatdırıb, onların nə edəcəklərini gözləyirdi. İsa da qeyri-ixtiyari gözlərini həmkarlarının əllərinə dikdi. Say dayandırılmışdı...
Xəbər gəldi ki, hakimiyyət sükanı laxlamaqdadır. İ.Qəmbərov "alternativ namizəd" məsələsini bir tərəfə atıb, Xarici İşlər Nazirliyinə qaçdı. Baş nazir Pənah Hüseynov onu burada gözləyirdi. Hər ikisi Surət Hüseynovun məhv edilməsinin tərəfdarı idi.
Prezident Ə.Elçibəy isə hakimiyyət sükanını heç birinə verməyib, öz əlində saxlamaq istəyirdi. Ümummilli Liderin iyunun 9-da paytaxta gəlib 15-də, Ali Sovetin sədri seçilməsi vəziyyəti dəyişdi. İyunun 17-də Ə.Elçibəy təyyarə ilə Kələkiyə qaçmaqla öz hakimiyyətinə son qoydu. Beləliklə, İ.Qəmbərovun 1997-ci il prezident seçkilərində Ə.Elçibəyə alternativ olaraq öz namizədliyini Müsavat başqanı kimi irəli sürməsi fikri fiaskoya uğradı.
Bizcə, o vaxt müxalifətin 5 illik hakimiyyətinin cəmi bir il sürməsinin səbəbi oxuculara aydın oldu. Bu, hakimiyyətdaxili kadrların bir-birinə və hamısının isə seçdikləri prezidentə nifrət etmələrindən doğan bir olay idi. Nifrət və kin duyğusu üzərində isə dövləti idarə etmək qeyri-mümkündür.
Ümummilli Lider məhəbbət və hörmət amilinə üstünlük vermişdi. Məhz buna görə də qurduğu dövlət daim yaşayacaq.
Valeh MƏHƏRRƏMLİ