Bir sıra beynəlxalq və yerli təşkilatlar Azərbaycanla bağlı mütamadi qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayır. Onların hazırladığı hesabatlardakı məlumatlar hardan və necə əldə olunduğu məlumdur. Ölkədə anti-milli qüvvələrin həqiqətə uyğun olmayan məlumatları həmin o təşkilatların hesabatlarına salınır və ictimai rəyin çaşdırılmasına xidmət edir. Belə ki, ölkədəki möhkəm ictimai-siyasi sabitliyə kölgə salmaq istəyən bəzi qüvvələr hesab edirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur. Amma hansı ki, bunların mövqeyi birmənalı olaraq yanlışdır. Azərbaycan dövlətinin yürütdüyü sistemli daxili və xarici siyasəti, onu deməyə əsas verir ki, bu gün ölkədə möhkəm ictimai-siyasi sabitlik mövcuddur. Onun daim yüksək səviyyədə qorunması dövlətin birbaşa nəzarətindədir. Və buna kölgə salan şəxslər daim qanun qarşısında cəzalandırılır. Xüsusilə, pozucu müxalifətin bu istiqamətdəki hərəkətləri bunu sübut edir. Ölkədə müxtəlif aksiyalar keçirməklə dağıdıcılıqla məşğul olan pozucu müxalifət dövlətin bu addımını öz tərzində qarşılayır. Azərbaycan dövləti demokratik prinsiplər üzərində təsis edilib və bu sabitlikdən istifadə etməklə, ölkədə qarşıdurma yaradan şəxslərin cəzalandırılması "siyasi məhbus" və ya "Vicdan məhbusu" kimi qarşılanmamlıdır. Ümumilikdə, təcrübədə "Vicdan məhbusu" deyilən bir anlayış yoxdur. Onun belə bir tərzə deyilməsi və ittihamlarla qələmə verilməsi son zamanlar pozucu müxalifət düşərgəsində əsas "müzakirə" obyektinə çevrilib. 2011-ci ilin 2 aprel aksiyası zamanı ölkədə dağıdıcılıq və pozuculuq etməklə ictimai asayişi kobud şəkildə pozmağa cəhd edən şəxslərin qanun çərçivəsində cəzalandırılması bir daha demokratiyanın göstəricisidir. Ölkədəki demokratik mühitdən öz çirkin məqsədləri üçün istifadə edən pozucu müxalifətin həyata keçirmək istədikləri çirkin siyasəti heç də ictimai rəy tərəfindən qəbul olunmadı. Ölkə vətəndaşlarının böyük əksəriyyəti Azərbaycan dövlətinin daxili və xarici siyasətinə dəstək verərək, ölkə başçısının ətrafında sıx birləşib. Bu amala xidmət edən sadiq vətəndaşlara təsir edə bilməyən anti-Azərbaycan meyilli qüvvələr ölkədə qəbul olunmadıqlarının şahidi olsalar da, yenə də pozuculuq əməllərindən əl çəkmirlər. Xüsusilə, dağıdıcı müxalifətə məxsus mətbu orqanlarda həmin təşkilatların hesabatlarının mütamadi dərc olunması, ictimai rəyi çaşdırmaq cəhdi yenə də bir fayda vermir. Baxmayaraq ki, onların çirkin məqsədlərinin həyata keçirilməsi üçün lazım olan köməkliyi etməyə hər zaman hazırdır.
Qərəzli təşkilatların "məqsədləri"
Bir sıra təşkilatların adını çəkmək olar ki, onlar açıq-aşkar Azərbaycanla bağlı qərəzli məlumatlar yayır. Məsələn, son vaxtlar "Freedom House" və "Human Rights Watch" kim təşkilatlar Azərbaycan dövlətinin ünvanına həqiqətə uyğun olmayan, böhtan xarakterli hesabatlar hazırlayır. Hesabatlarda söz və mətbuat azadlığının pozulması hallarının olmasını deyən bu qondarma təşkilatların məqsədlərinin kimə və nəyə xidmət etdikləri məlumdur. Xüsusilə, Ermənistan dövlətinin maliyyə dəstəyi ilə hesabatların hazırlanması, erməni lobbisinin köməyi ilə dünya mətbuatına ötürülən bu haqsız iddialar, onu deməyə əsas verib ki, ölkədəki dağıdıcı müxalifət də bu qüvvələrə kömək edir. Məsələn, aksiyalar zamanı xüsusilə guya zorakılığı əks etdirən şəkillərin qəsdən çəkilməsi və həmin təşkilatlara göndərməsi bunu sübut edir. Ümumilikdə, beynəlxalq aləmdə "Freedom House" və "Human Rights Watch" kimi təşkilatların yaydıqları məlumatlar ciddi xarakter daşımır. Böhtan xarakterli məlumatlar yaymaqla dövlətlər arasında münasibətlərin korlanmasına və dövlətlər daxilində xaos, anarxiya yaramaq məqsədi daşıyır. Həmin təşkilatlar dünyada demokratik dəyərləri pozmağa cəhd edən qüvvələrin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Ermənistandan dəfələrlə maliyyə alan və Azərbaycan dövlətinin ünvanına olmazın böhtanlar yayan bu təşkilatların hesabatları artıq baxımsız və oxunulmaz hala gəlib. Çünki bu gün dünyada demokratik dəyərləri yüksək səviyyədə qoruyub saxlayan dövlətlərin ünvanına böhtanların yağdırılması, digər tərəfdən, geridə qalmış söz və mətbuat azadlığı tapdanan ölkələr haqqında yüksək fikirlərin qeyd olunduğu hesabatları yayan bu təşkilatlar artıq ciddi bir qurum kimi qəbul oluna bilməz. Əsas məsələ odur ki, bu gün həmin o yalan məlumatları yayan təşkilatları dünya miqyaslı nüfuzlu beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər qəbul etmir.
Qərəzli məlumat yayanlarda erməni barmağı
Azərbaycanla müharibə şəraitində olan Ermənistan illərdir işğalçılıq niyyətindən əl çəkmir. Bütün mümkün vasitələrdən istifadə etməklə, Azərbaycanın nüfuzuna zərbə vurmaq niyyətindədi. "Freedom House" kimi təşkilata beynəlxalq səviyyətli bir təşkilat adı vermək, ümumiyyətlə, doğru olmazdı. Bu, sadəcə, bir sıra işğalçı dövlətlərin maraqlarına xidmət edən qurum kimi tanınmalıdır. Bu zamana qədər yayılan hesabatlarda Ermənistan dövlətinin ünvanına hər hansı bir böhtan xarakterli fakta rast gəlinməyib. Amma reallıq bunu sübut edir ki, Ermənistan bütün mənalarda Azərbaycandan geridə qalıb. Hətta Ermənistanda olan özbaşınalıq, söz və mətbuat azadlığının müdamadi pozulması kimi halların gizlədilməsi faktı və bunun təhrif olunaraq, hesabatlarda ön sıralarda olması təəccüb doğurmur. Hansı ki, ümumiyyətlə, statistik rəqəmlərdə Ermənistanın adı hallanmır. Buna səbəb nədir? Yekun olaraq, qeyd etmək yerinə düşər ki, Ermənistan kimi anti-Azərbaycan meyilli qüvvələr bu təşkilatlara 2 məqsədlə pul ayırır. Birincisi, bu təşkilatların hesabatlarında Ermənistanla bağlı həqiqətlər gizlədilsin, ikincisi isə, Azərbaycanın ünvanına böhtanlar yayılsın. Bu hesabatlar diqqət çəkmək məqsədi daşısa da, heç bir dövlət tərəfindən obyektiv qəbul olunmur. Əgər bu təşkilatların söz və mətbuat azadlığı ilə bağlı yaydığı hesabatlara o zaman inanmaq mümkündür ki, həmin hesabatlarda Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısı, onların sosial problemlərinin həllinə kömək və yeni mərhələdə jurnalistlərin mənzil təminatı ilə bağlı faktlar göstərilsin.
Babək Hacıyev