Yusif Bağırzadə:
Meydan axtarırıq, AMİP dar bizə,
Nə "DUİ", başqası qarışar bizə,
Nə "İP" tək bir qurum yaraşar bizə,
Nə İsa-Əli tək radikal olmaz.
Nurəddin Məmmədli:
Boss desə də yerdən durmuş "leş"imiz,
Çoxlu qrant kəsir balta dişimiz,
Yəqin xoşa gəlmir zəif işimiz,
Qərbin çevirdiyi daldan dal olmaz.
Yusif Bağırzadə:
"İP"-in hər üzvünün yosun əlində,
Az qalır qərblinin qussun əlində,
Hətta canınız da bossun əlində,
Sizdə nə səviyyə, nə kamal olmaz.
Nurəddin Məmmədli:
Bir işə yaramır o şikəst qollar,
Londonda önündə bağlanıb yollar,
Nə Etibar bəyin cibində dollar,
Nə də ki,AMİP-də dövlət-mal olmaz.
Yusif Bağırzadə:
Londonda Etibar əlində on sex,
Onun əli altda işlər polyak, çex,
Baxıb Aqramunta, Debono Qrex,
Dedi bu Leylada xoş amal olmaz.
Nurəddin Məmmədli:
Saçı ağarıbdı, əyilibdi qədd,
Heç vaxt iştahına qoymamışdı hədd,
İsa Əli ilə danışıbdı bəd,
Onun yuxusu çin, ağzı fal olmaz.
Yusif Bağırzadə:
Bossun yalı donub bumbuz kasanda,
Yoxdu oturan da kürsü, masanda,
Nə sənin Əlində, nə də İsanda,
Etibarınkı tək xoş camal olmaz.
Nurəddin Məmmədli:
Nahaqdan ucaltma hasar-barını,
Dəyiş bizimkinə öz kaftarını,
Çox da tərifləmə Etibarını,
Hər saçı ağaran ağsaqqal olmaz.
Yusif Bağırzadə:
Qərbə, fərəhlənib sən az qanad aç,
Arabir üzvlərə göndər busə, maç,
Gözünlə görərsən, düşər qaçaqaç,
Görərsən ki, "İP"-də bir çaqqal olmaz.
Nurəddin Məmmədli:
Bədxahlar bədxahdı, başlarına kül,
Sərsəm kübar olmaz, geydirsən də tül,
Həllini vaxtında tapar hər müşkül,
Etibar timsallı bir baqqal olmaz.
Yusif Bağırzadə:
Soyudu əliniz də vurhavurda,
Sizlər uduzdunuz o tur-bu turda,
Mümkündü AMİP-də hər cür qüsur da,
Ancaq "İP"-dəki tək bir naqqal olmaz.
Nurəddin Məmmədli:
Bu kolun özü də deyildir o kol,
Liderlər oynardı verilsəydi rol,
Əgər müdrikləşib Qərb qoyarsa qol,
Arzu-ümidlər də heç pamal olmaz.
Yusif Bağırzadə:
Əfqan ellərində yar-yarağı var,
Onun Kosovosu, həm İraqı var,
Qərb Qərbdi, onun da öz marağı var,
Dönüb nə Şərq olar, nə Şimal olmaz.
Nurəddin Məmmədli:
Toya döndərmədi AMİP bir yası,
"İP"-də udmamışdı kimsə bir tası,
Zərindən tanınar hər nərd ustası,
Hər şahmat oynayan dönüb Tal olmaz.
Yusif Bağırzadə:
Cibində qalmayıb birinin pulu,
Liderlərini də döyübdü dolu,
Kələ-kötürdüsə "İP"-inin yolu,
Qayıdıb təzədən o, şümal olmaz.
Nurəddin Məmmədli:
Əgər olmasaydı əsəbləri dar,
Açardıq onunla mağazalar, bar,
Keçsə sıramıza "İP"-də Etibar,
Nitqi səlistləşər, dili lal olmaz.
Yusif Bağırzadə:
Bəzən isti keçir hava, gah sərin,
Batıb qucağında "İP" ləpələrin,
"İP"-in qarşısında uçurum dərin,
Sizin liderlərdə xoş əhval olmaz.
Nurəddin Məmmədli:
AMİP-dən kənara az tulla bizi,
Cəlb eylə münasib üsulla bizi,
Təmin eyləsəydi boss pulla bizi,
Arada bir dənə nəhs sual olmaz.
Yusif Bağırzadə:
Həmişə məhsuldar Qərbin zəmisi,
Bizi alqışlayır bossun cəmisi,
Möhkəm, həm möhtəşəm AMİP gəmisi,
Bizi batırmağa qadir sal olmaz.
Nurəddin Məmmədli:
İşləsək, Qərb özü bizi dindirər,
Sağlığa içilən dost sevindirər,
Gec, ya tez bizləri boss sevindirər,
Bizimçün bundan da xoş misal olmaz.
Yusif Bağırzadə:
Problem cəlb edir, sözsüz, hər kəsi,
AMİP liderinin şuxdu nəfəsi,
Etibar istəsə gur çıxsın səsi,
Çiy yumurta içsə, səsi kal olmaz.
Nurəddin Məmmədli:
Bosslar da çox tutub bizi bal-yağa,
Söykəndik Qərb kimi güclü dayağa,
Qaldıra bilsələr "İP"-i ayağa,
Liderlər qəlbində qara xal olmaz.
Mirzə QƏRƏNFİL