Rəsul Quliyevin hansı mənafeyə xidmət etdiyi məlum deyil. Onun "gah nala, gah da mıxa vurması" bu gün dağıdıcı müxalifət düşərgəsində çaşqınlıq yaradıb. R.Quliyev yenidən "İctimai Palata"nın ünvanına ittihamlar yağdırmaqla yenə bu qurumun fəaliyyətsizliyindən danışıb. R.Quliyevin bu ittihamları kimin göstərişi ilə etməsi hələ ki, məlum deyil. Maraqlıdır ki, bir müddət öncə, "ACP"-nin "İctimai Palata"ya qoşulmasının tərəfdarı olan R.Quliyev indi tərsəmayallaq danışır. R.Quliyevin bu mövqeyi, deyəsən, düşərgədə yaxşı qarşılanmadığı üçün onun cavabı lazımınca verilib. Əvvəllər "ACP"-nin "İP"-ə gəlməsini istəyənlərdən biri elə R.Quliyev idi. Amma əsas R.Quliyevə toxunan "ACP"nin "İctimai Palata"ya müraciət edəcəyi tədqirdə, İP-in koordinasiya şurasında müzakirə ediləcəyi olub. O istəyir ki, müzakirəsiz-filansız "ACP" "İP"-ə daxil olsun.
Dəlidən doğru xəbər...
Xüsusilə, ittihamlarında R.Quliyev "İP" daxilində təxribatçıların olduğunu bildirib. Məgər R.Quliyev bunu indi bilir? Maraqlıdır. Elə R.Quliyev özü təxribatçıların ən yekəsidi. "İP"-də təmsil olunan bütün şəxslər hamısı təxribatçıdır. Gec də olsa R.Quliyevdən "yarıgerçək" bir söz eşidə bildik. Bu, lap "dəlidən doğru xəbər" məsəlini xatırlatdı. R.Quliyevin "İP"-in ünvanına dediyi ifadələri zaman-zaman çox eşitmişik. "İP"-i yaradan təşəbbüskarlar Müsavat-AXCP (i) partiyalarıdı ki, bunlar da təxribatçılardır. "İP"-də təmsil olunanlardan kimin adını çəksək, onların təxribatçı olmaqlarına yüzlərlə fakt, sübut gətirmək mümkündür. Bu məqamda, R.Quliyev bu ittahamlarla çıxışında nəyə işarə etdiyi məlumdur. Hər halda, yenə R.Quliyev "İP"-i gözdən salıb, "ACP"-nin pozucu müxalifət düşərgəsindəki "nüfuzunu" bərpa etmək istəyir. R.Quliyevin məlum ittihamlarında vahid namizəd problemi də qeyd olunub. Dağıdıcı müxalifətin vahid namizədi probleminə toxunan R.Quliyev bundan gileylənir və özünü vahid namizəd görmək istəyir. Bu arada İsa Qəmbərov və Əli Kərimov da vahid namizəd olmaq arzusundadır. Öz aralarında oyun oynayan bu "yaramazlar" dövləti idarə etmək arzusundadırlar. Amma hələ ki, bunlar özləri-özlərini idarə edə bilmirlər. Onsuz R.Quliyevin məqsədi "İP"-ə düyün vurmaq idi, necə ki, artıq vurub.
İttihamlara cavab və ya etiraf
"İctimai Palata"nın bəzi funksionerlərini dindirən kimi, özlərini xalq tərəfindən qəbul edilmiş güc mərkəzi kimi təqdim edilməsini vurğulayan R.Quliyev bir daha dağıdıcıların bütün cəhdlərinin iflasa uğradığını deyir. Ümumilikdə, R.Quliyevin danışdıqlarından belə çıxır ki, "İP" funksionerləri siyasi fəaliyyətlə məşğul olmur. Öz-özünə sual verib, cavabını özü tapmaq istəyən R.Quliyev dağıdıcı müxalifət düşərgəsindən də cavab alıb. Kortəbii şəkildə aksiyalar keçirən "İP"-in proqramsız olduğunu deyən R.Quliyevin özünün də "formata" ehtiyacı var. Onların içində anti-Azərbaycan meyilli və anti-milli xarici qüvvələr "virusu" var. Bu virus bütövlükdə dağıdıcı müxalifət düşərgəsini bürüyüb. Barmaqlarını masaya vurmaqla yaralayan "İP" koordinasiya şurasının üzvü Pənah Hüseynov R.Quliyevi adam yerinə qoymayıb. Onun fikirlərinə münasibət bildirməyib. AXCP (i) ali məclisinin sədri, "İP" üzvü Həsən Kərimov bildirdi ki, əgər onun əlində konkret faktlar varsa, adlar açıqlanmalıdır. Adları açıqlaması onun "İctimai Palata"ya yaxşılığı olardı. Digər bir "İP" üzvü Ərəstun Oruclu da ittihamlara münasibət bildirərkən deyib ki, R.Quliyevin partiyasının "İP"-lə əməkdaşlıq mesajları verdiyi bir vaxtda həmin qurum daxilində təxribatçı, agent, regionçu, tayfabaz axtarmaq siyasi cəhətdən korrekt yanaşma deyil. Əməkdaşlıq müzakirə olunan yerdə bu cür söhbətlər qoyulmur, o cür şərhlər verilmir. Nəyə görə bu və ya digər partiya başqasının daxilində təxribatçı axtarmalıdır? Daha sonra R.Quliyevə "get öz işinlə məşğul ol" deyən Ə.Oruclu bildirib ki, yaxşı olar ki, hər partiyanın, qurumun rəhbərliyi öz partiyası ilə məşğul olsun. Başqalarının sıralarında nəsə axtarmaq səmərəsiz işdir.
"İP" daha "ACP"-ni qəbul etməz
R.Quliyev yenə həmişəki kimi pozucu müxalifət düşərgəsində ortalığı qarışdırdı. Həm də "ACP"-nin "İP"-ə gedəcəyi bir məqamda. Maraqlıdır, görəsən, "ACP" sədri Sülhəddin Əkbər bu məsələyə necə münasibət göstərir? Görünür, bunların məqsədi nə təxribatçı axtarmaqdı, nə də vahid namizəd problemi. Pozucu düşərgədə vahid namizəd problemi ona görə yaşanır ki, orada lider və siyasətçi yoxdur. Qaldı ki, təxribat məsələsinə, onu da R.Quliyev hamıdan yaxşı bilir ki, "İP" təxribatçılarla "zəngindir". R.Quliyev onsuz da qaçıb gizlənib. Onun nəyinə lazımdır ki, "İP"-də nələr baş verir. Hər halda, "olanlar Sülhəddin Əkbərin başında çatlayacaq". "ACP" "İP"-dən məhrum oldu. Qısa zamanda Ə.Kərimov və İ.Qəmbərov özləri bu məsələyə münasibət bildirəcək və R.Quliyevdən sübut tələb edəcəklər. R.Quliyevin sübutları arasında əsas iki şəxs var: İsa Qəmbərov və Əli Kərimov.
Babək Hacıyev