PDF Oxu

Müxalifət

  • 75

Sərdar Cəlaloğlu "İctimai Palata"nı qarışdırdı

Sərdar Cəlaloğlu "İctimai Palata"nı qarışdırdı

"İctimai Palata"nın "Seçki dinləmələri" adı altında keçirilən tədbirində qurumun koordinasiya şurasının üzvləri ilə ADP sədri Sərdar Cəlaloğlu arasında kəskin qarşıdurma yaşanıb. Belə ki, keçirilən tədbirin mövzusundan da məlum olduğu kimi, dağıdıcı müxalifət təmsilçilərinin məqsədləri 2013-cü ilə hazırlıqla bağlıdır. Lakin hazırda oradakı siyasi təşkilat rəhbərlərinin şəxsi ambisiyaları heç də onların seçkilərə mütəşəkkil halda gedəcəklərini nümayiş etdirmir. Daha dəqiq desək, həm "cəbhə" sədri Əli Kərimovun, həm də Müsavat başqanı İsa Qəmbərovun ziddiyyət təşkil edən iddiaları "İctimai Palata"nın siyasi baxışlarını tamamlamır, əksinə olaraq, həmin qurumu bir neçə yerə parçalayır.


Pafoslu proqnozlar özünü heç vaxt doğrultmayıb


ABŞ dövlət katibi Hillari Klintonun ölkəmizdə səfərdə olduğu müddətdə onun dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri ilə görüşməməsi həm "palata"nın, həm də orada cəmləşən siyasi partiyaların qıcıqlanmasına səbəb olub. Belə ki, onlar hələ səfər öncəsi özlərinə məxsus informasiya şəbəkələrində bəyan edirdilər ki, xanım Klintonun Azərbaycana səfəri "ənənəvi müxalifət" üçün dönüş nöqtəsi olacaq. Amma hər zaman olduğu kimi, onların budəfəki pafoslu proqnozları da özünü doğrultmadı. Bu isə, bir daha onu deməyə əsas verir ki, "liderlər" həm də özləri-özlərini aldatmaqla məşğuldurlar.

Qeyd edək ki, "palata"nın tədbirinə orada təmsil olunmayan digər müxalifət partiya sədrləri də dəvət almışdırlar. Onlardan biri də ADP sədri Sərdar Cəlaloğlu idi ki, onun ittihamlarına qurum üzvləri tərəfindən arqumentli cavablar verilmədi. Bu səbəbdən də ADP sədrinin müxalifətin fəaliyyətinə yönələn kəskin tənqidi fikirləri ciddi etirazla qarşılanıb. Yığıncaqda çıxış edən ADP sədri S.Cəlaloğlu deyib ki, müxalifət bu tərkibdə seçki məsələsinin müzakirələrə çıxarılmasına gecikib. O, qeyd edib ki, müxalifət demokratik mühitdən uzaqda qaldığından, bu dəyərlərdən də kənarlaşıb. Yəni bilavasitə "İctimai Palata" rəhbərləri ölkədə yaranmış demokratik mühitdən şəxsi mənfəətləri üçün sui-istifadə edərək özlərini demokratik dəyərlərdən kənarlaşdırıb. Ona görə də bu kimi hallar qarşısında başqalarında günah axtarmaq yerinə, həmin günahları özlərində axtarmalıdırlar: "Əvvəla, onu deyim ki, biz ilk növbədə, müdafiə etdiyimiz dəyərlərə hörmət etmirik. Hərə öz reytinqi ilə məşğul olur".

S. Cəlaloğlu bildirib ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı bəzi məqamlara da aydınlıq gəlib: "Hillari Klintonun müxalifətlə görüşməməsi ABŞ-ın seçkilərə münasibəti kimi dəyərləndirilməlidir. Bu, müxalifətə heç bir dəstəyin olmayacağına ismarıcdır".

Əslində ADP sədrinin fikirlərində belə bir həqiqət də mövcuddur ki, bəli, bu gün özlərini bəzi Qərb siyasi dairələrinə xəyanətkarcasına satan, və satılan dağıdıcı müxalifət "liderləri" bu dəfə ABŞ-dan nə isə ummaqla, özlərinin heç nəyə qadir olmadıqlarını sərgiləyiblər. Təbii ki, Azərbaycanın seçki qanunvericiliyinə, konstitusiyon dəyərlərinə hörmətlə yanaşan ABŞ-ın rəsmi siyasi dairələri ölkə müxalifətinin yararsız ideyalarına şərik çıxmır.


Arqumentsiz "arqumentlər"


Bu baxımdan, "İctimai Palata"nı və həmin qurumu inhisarlarlarında saxlayan avtoritar "liderləri" kəskin tənqid atəşinə tutan qurum rəsmiləri cavab vermək üçün heç bir arqument tapa bilməyərək, sönük, ironiyadoğurucu cavablarla özlərini sakitləşdirməyə səy göstəriblər. Məsələn, "İP"-in koordinasiya şurasının üzvü Vidadi Mirkamal S.Cəlaloğlunun partiyasında istefaların artığını, özünün isə pessimist olduğunu deyərək, sinirlərini normallaşdırmağa çalışıb.

S. Cəlaloğlunun çıxışına növbəti etiraz isə Müsavat partiyasının başqanı İsa Qəmbərovdan gəlib. O, hər zamankı kimi yalan danışaraq, deyib ki, guya həmin toplantıda "səmərəli müzakirələr" aparılıb. İ.Qəmbərov hətta bildirib ki, "İctimai Palata" sözügedən tədbiri təşkil etməklə guya qarşısına qoyduğu hansısa məqsədə nail olub. Çünki Müsavat başqanı baş tutmayan mitinqləri, icazəsiz aksiyaları da hər zaman "baş tutmuş" hesab edərək, həm özünü, həm də ətrafındakıları aldatmaqla məşğul olub. Buna isə arqument demək qeyri-mümkündür. Ona görə də bir daha nəticə çıxarmaq mümkündür ki, əsil həqiqətləri dərk edə bilməmək, ya da bilərəkdən anlamamaq, "ənənəvi müxalifət" kimi sırınan dağıdıcıların yüngül təfəkkürlərində özünə yer edib. Ona görə də hər zaman nəinki iqtidar, hətta müxalifət təmsilçilərinin də haqlı iradlarını qəbul etmək gücündən məhrum olurlar. Buna isə zəiflik əlaməti deyilir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər