PDF Oxu

Müxalifət

  • 51

Sərdar Cəlaloğludan Etibar Məmmədova müəmmalı təklif

Sərdar Cəlaloğludan Etibar Məmmədova müəmmalı təklif

Müxalifət daxilində siyasi rəqabətdən daha çox düşmənçilik münasibətlərinə bənzəyən partiyalararası davranışlar hər dəfə ayrı-ayrı nöqtələrə doğru istiqamət aldıqca, oradakı vəziyyət də daim dəyişməkdə davam edir. Ancaq həmin dəyişikliklər heç də müsbət yöndə inkişaf etmir, əksinə, düşərgənin daxili strukturunu, onurğa sütununu laxladır. Belə ki, gah bu, gah da digər formalarda yaradılan qurum və birliklərin maksimum bir neçə il, yəni seçkilərdən-seçkilərə qədər fəaliyyət göstərməsi, sonradan isə həmin fəaliyyətlərə xitam verilməsi qeyd edilənləri yetərincə təsdiq edib. Amma bütün bunlara baxmayaraq, hər dəfə "yenilik" adı altında birliklər yaradan siyasi təşkilatlar sonradan verdikləri əhdlərinə qarşı naxələflikləri ilə seçilirlər. Buna misal kimi "cəbhə"-Müsavat süni birliyini göstərmək mümkündür. Hələ bir neçə il öncə "vahid partiya" kimi birləşəcəklərini vəd edən AXCP (i)-Müsavat bunu edə bilmədikdən sonra, dərhal "İctimai Palata" formatını işə saldılar. Sonra isə bəyan etdilər ki, məhz "palata" təmsilçiliyi çərçivəsində bu məsələni həll edəcəklər. Amma bu da onlarda alınmadı. Çünki hazırda nəinki "birlik", hətta münasibətlərin normal olmaması səbəbindən, artıq "İctimai Palata" da öz axırlarını yaşayır. Və təbii ki, "palata"nın buraxılması məsələsi gündəmə çıxdıqdan sonra, orada təmsil olunmayan başqa müxalifət partiyaları dərhal "yeni güc mərkəzi" yaratmaq iddialarını ortaya qoydular.


"Müxalifətin Güc Platforması"


Düşərgə daxilindən qəzetimizə sızan məlumatlara görə, fürsəti əldən vermək istəməyən iki siyasi təşkilat - ADP və AMİP artıq ilkin razılığa gəliblər. Məsələ ondadır ki, bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu AMİP lideri Etibar Məmmədovla gizli danışıqlara gedərək, "Müxalifətin Güc Platforması" adı altında qurum yaratmağa cəhd göstərəcəklər. Onların bunu etməkdə məqsədləri "palata"dan fərqli olaraq, 2013-cü ilə qədər gedib çıxmaq deyil, əksinə, "İP"-in ipinə kibrit vurmaqdır. Çünki hər iki partiyanın - ADP və AMİP-in yenidən müxalifətdə söz sahibinə çevrilmə amacları sözügedən manevrdən asılıdır. Əgər bu, onlarda alınarsa, demək, AXCP (i) və Müsavata qarşı ilk sarsıdıcı zərbəni vurmuş olacaqlar. Onsuz da onların məqsədləri bundan ibarətdir. Çünki hər iki siyasi təşkilatın digər ikisi ilə köhnə sona çatmamış "razborkaları" mövcuddur.

Maraqlıdır ki, həm E.Məmmədovun, həm də S.Cəlaloğlunun ətrafları da hər iki partiyanın adamları ilə görünməkdədir. Belə ki, AMİP-çilərin ADP-də, ADP-çilərin isə AMİP kuluarlarında tez-tez görünmələri səbəbi də sözügedən məsələdən qaynaqlanır desək, yanılmarıq. Bu baxımdan, yaxın ərəfələrdə həm "İctimai Palata"ya, həm Müsavata, həm də AXCP (i)-yə bütövlükdə köklü zərbə dəyəcəksə, həmin zərbəni ADP və AMİP cinahından almalı olacaqlar. Amma bir həqiqət də mövcuddur ki, bu günə qədər yaradılan bütün müxalifətdaxili birliklər məhz gözləmədikləri zərbələrini gözləmədikləri cinahlardan alırlar. Görünür, bu dəfə də belə olacaq.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər