PDF Oxu

Müxalifət

  • 73

AMİP-AXCP (i) savaşı yeni mərhələdə

AMİP-AXCP (i) savaşı yeni mərhələdə

Hələ "İctimai Palata"da təmsil olunarkən, başda sədr Yusif Bağırzadə olmaqla digər AMİP üzvləri qurumun "liderləri" tərəfindən sıxışdırılaraq, inhisara alınırdı. Bu siyasi bicliyi zamanında dərk edən "milli istiqlalçılar" "İctimai Palata"nın tərkibindən çıxdıqlarını elan etməklə, həm "cəbhə" sədri Əli Kərimova, həm də Müsavat başqanı İsa Qəmbərova ciddi zərbə vurmuş oldular. Belə ki, yeni yaradılarkən, "palata"nın müxalifəti birləşdirən qurum kimi təqdim olunması iddiaları məhz AMİP-çilərin oranı tərk etmələrindən sonra puç oldu. Ancaq həmin andan etibarən, xüsusilə, "cəbhə" sədri Ə.Kərimov tərəfindən həm AMİP sədri Y.Bağırzadəyə, həm də "lider" Etibar Məmmədova qarşı hücumlara start verilməyə başlanıldı. Ancaq həmin ittihamlara veriləcək cavablar da gecikmədi.


"Onlar birbaşa "cəbhə" sədrinə tulalıq edirlər"


Xüsusilə, Ə.Kərimovu əhatə edən söhbətlərdə "cəbhə" sədrinin hansı əməllərə sahib olduğu bir daha ictimaiyyətə açıqlandı. "Milli istiqlalçılar" bildirirlər ki, "Azadlıq" qəzeti və bu qəzetin ştatdan kənar baş redaktoru Ə.Kərimov AMİP "lideri" haqqında böhtan yayırlar: "Son bir neçə gündə qəzetlərdə AMİP və onun lideri Etibar Məmmədov haqqında böhtan və həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb."

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov isə deyib ki, AMİP və onun "lideri" E.Məmmədov haqqında Turqut Ər və İbrahim İbrahimli kimi adamların səsləndirdikləri fikirlər cəfəngiyyatdır və onlar birbaşa "cəbhə" sədrinə tulalıq edirlər: "Hər iki şəxsin fikirləri böhtan və cəfəngiyyatdan başqa bir şey deyil. Demək olar ki, hər il bu cür sərsəm iddialar səsləndirilib və tərəfimizdən də cavablandırılıb".


"İbrahim bəyin hər hansı bir hakimiyyət dönəmində, hətta uşaq bağçasını idarə etmək üçün bacarığı olmayıb"


Xatırladaq ki, T.Ər bir müddət bundan öncə hakimiyyət haqqında da qərəzli fikirlər səsləndirərək, "cəbhəyə" yaxınlığı ilə seçilən bəzi Qərb qüvvələrinin sifarişlərini icra edirdi. Onun yenidən "cəbhə" sədrinin buyruqlarını canla-başla yerinə yetirməsi isə artıq adi hal almağa başlayıb.

Lakin İbrahim İbrahimlinin də E.Məmmədova qarşı çıxış etməsi AMİP-çilər tərəfindən əsəblə qarşılanıb. Onlar İ.İbrahimlinin, ümumiyyətlə, sayılacaq şəxs olmadığını, yararsız, gələcəyi görünməyən fərd kimi tanıdıqlarını bildiriblər: "Təəssüf ki, cəfəng fikirlər İbrahim İbrahimli tərəfindən də səsləndirilib. İbrahim bəyin hər hansı bir hakimiyyət dönəmində, hətta uşaq bağçasını idarə etmək üçün bacarığı olmayıb. Ona görə də dilini qarnına qoysa idi, daha yaxşı olardı".

İki partiya arasında yaranmış söz-söhbətlərin məcradan çıxması isə dağıdıcı düşərgədə yeni və daha sərt qarşıdurmaların əmələ gəlməsini təsdiq edir. AMİP-in bu günlərdə AXCP (i)-nin sədri haqqında açacaqları, gizli arxiv isə sözügedən vəziyyəti daha da kəskinləşdirib. Görünür, müxalifətdaxili qarşıdurmalar hələ çox xəmirin suyunu aparacaq.


R.RƏSULOV

Digər xəbərlər