PDF Oxu

Müxalifət

  • 68

"İP"-in problemləri böyüyür

"İP"-in problemləri böyüyür

"İctimai Palata"nın "yüksək eşalonu" tərəfindən irəli sürülən 2013-cü ilə hazırlıq fərziyyələri tükənməklə yanaşı, qurumda vahid namizəd məsələsi də qeyri-müəyyən olaraq qalmaqdadır. Və həmin qeyri-müəyyənlik amili qurumdaxili olaraq, özünü loyal münasibətlərdən aqressiv münasibətlərə doğru kökləməkdədir. Siyasi ictimaiyyətin hələ bir müddət bundan öncə verdiyi proqnozları isə artıq həqiqətə söykənir və bu həqiqət bir məqamı növbəti dəfə qabardır ki, həmin məqam "İctimai Palata"nın zəif, yararsız, monopolist müxalifət birliyi olduğunu təsdiq edir. Söz yox ki, istər iqtidar, istər konstruktiv müxalifət, istərsə də "palata" təmsilçiləri tərəfindən bu xüsusda verilən açıqlamalara nəzər saldığımız zaman çıxarılan nəticələrin məntiqəuyğunluğunu görərik. Çünki reallıqdan kənara çıxmaq heç zaman mümkün olmayıb. Bu zaman sual yaranır ki, nəyə görə dağıdıcı müxalifət "liderləri" tərəfindən və bəzi Qərb siyasi dairələrinin sifarişləri əsasında yaradılan, ictimaiyyətə "ölkənin, xalqın taleyini həll edəcək qurum" kimi təqdim olunan "İctimai Palata" bu qədər tez müddətdə öz ömrünü başa vurmaqdadır? Məgər "liderlər" adıçəkilən qurumun "monolit" olması barədə pafoslu fikirlər səsləndirmirdilərmi? Bu suallara cavab olaraq bir həqiqəti demək mümkündür: Öz siyasi irədələrinin yoxluğu ucbatından xarici qüvvələrə sığınaraq, yalnız şəxsi ambisiyalarını, mənfəətlərini inkişaf etdirmək istəyən "liderlər" (Burada AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərovu nəzərdə tuturuq -R.R.) bu kimi niyyətləri bahasına ətrafındakıları aldadıb, "İP"-i məhvə doğru sürüklədilər. Nəticədə, vaxtilə onlara inan qruplar artıq "liderlərdən" üz döndərməyə başlayıblar.


"İctimai Palata" partiyaların yox, fərdlərin təsis etdiyi, fərdlərdən ibarət qurumdur"


Məhz "İctimai Palata"da təmsil olunan Ərəstun Oruclunun da mətbuata açıqladığı fikirləri maraqdoğurucudur. Çünki onun söylədiyi hər bir ifadəsində bezginlik nüansları, hiddət nəzərə çarpır. Belə ki, onun fikrincə, bundan sonra "palata"nın siyasi arenada qalıb-qalmaması əhəmiyyət kəsb etmir. Həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun ümumi razılığa gələ bilməmələrinə toxunan Ə.Oruclu iddia edir ki, nə Müsavat, nə AXCP (i), nə də digər hansısa partiya "İP"-in üzvü deyil və bu qurum partiyaların deyil, fərdlərin cəmləşdiyi qurum kimi fəaliyyət göstərib: "İctimai Palata" partiyaların yox, fərdlərin təsis etdiyi, fərdlərdən ibarət qurumdur. Oradakı fəaliyyət də fərdi fəaliyyətdir".

Lakin adıçəkilən qurum yaradılarkən, "cəbhə" və Müsavat rəhbərləri bəyan edirdilər ki, "İctimai Palata" onların siyasi gücləri ətrafında fəaliyyət göstərəcək və istəyən hər bir şəxs oraya üzv ola bilər. Bu baxımdan da Ə.Oruclunun "liderlərin" bəyanatlarına zidd fikirlər səsləndirməsi, "palata"nın fərdlərdən ibarət qurum olduğunu bildirməsi, əslində, həmin "liderlərə" qarşı başladılmış üsyanın davamıdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Pənah Hüseynov da adıçəkilən qurumu fəaliyyətsizlikdə, sənədlərin qəbul edilməsi prosesindəki boşluqlarda günahlandırıb. Ona görə, Ə.Oruclu da P.Hüseynov kimi qurumu ittihamlar atəşinə tutub. Razılıqların əldə olunmamasına gəlincə, "palata" üzvü qətiyyətlə bildirib ki, bu qurumun dağılması elə bu günlərdə baş verməlidir: "İctimai Palata" həmin müəyyənləşmənin qaydalarını ortaya qoyan sənəd qəbul eləməlidir. Həmin sənəddə prezidentliyə namizədin hansı qaydada irəli sürüləcəyi, namizəd təsdiq olunandan sonra digər qurumların özünü necə aparması, hansı danışıqların aparılması, hansı strategiyanın qurulması əksini tapmalıdır. Yox, deyək ki, bir partiyanın namizədi irəli sürülüb keçəcəksə, digər partiya "İctimai Palata"nı dağıdacaqsa, onda "İctimai Palata" elə bu gündən dağılsın, onun qalmasına ehtiyac yoxdur".


"Niyə hamı hər zaman gəlib dayanır məhz müxalifət liderlərinin üzərində ki, ya namizəd İsa Qəmbər olmalıdır, ya da Əli Kərimli?"


Ə.Oruclunun növbəti ittihamı da məhz AXCP (i) və Müsavat partiyalarının rəhbərlərinə doğru istiqamətlənib. O, bu vasitə ilə hər iki partiya sədrinin "palata"da inhisarçılıq rejimi yaratdıqlarını etiraf edib. Çünki həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun avtoritarlıq üzərindəki idarəçilikləri digər müxalifət nümayəndələrinin, həmçinin, "palata" üzvlərinin normal siyasi mühitdə fəaliyyət göstərmələrinə qətiyyən imkan vermir. Ə.Oruclu hər iki partiya sədrinin vahid namizəd məsələsində düzgün yol seçmədiklərini iddia edir və onları günahlandırır: "Mən hesab edirəm ki, Azərbaycanda, xüsusilə də, müxalif düşərgədə qəribə ənənə yer tapıb. Niyə hamı hər zaman gəlib dayanır məhz müxalifət liderlərinin üzərində ki, ya namizəd İsa Qəmbər olmalıdır, ya da Əli Kərimli? Axı kim deyə bilər ki, "İctimai Palata"nın heç bir partiyada təmsil olunmayan üzvü prezidentliyə namizəd ola bilməz. Bunun səbəbi aydın deyil".

Ə.Oruclu şəxsi maraqların digər maraqları üstələdiyini deyərək, bəyan edib ki, "İctimai Palata"da fərdlərin şəxsi maraqları davam edəcəksə, onda dərhal bu qurumu tərk edəcək: "Əgər fərdlərin marağı üstün gələcəksə, onda xudahafiz, "İctimai Palata"nı birinci mən tərk edəcəyəm və güman edirəm ki, xeyli adam da gedəcək".

R.RƏSULOV

Digər xəbərlər