Sirr deyil ki, "İctimai Palata"nın vahid namizəd kimi önə sürdüyü iki barışmaz "lideri" var. Bunlar Müsavat partiyasının başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimovdur. Düzdür, onların hər ikisi bir yerdə olarkən "vahid namizəd" ideyasının müzakirəsinin müxalifət düşərgəsi üçün ziyanlı oluğunu bəyan etsələr də, ayrı-ayrılıqda bir-birlərindən gizlin şəkildə müəyyən addımlar atırlar. Hazırda isə bu istiqamətdə daha çox fəallıq göstərən, mehriban düşməninə daim badalaqlar gələn "cəbhə" sədri Əli Kərimovdur. Onun özü də yaxşı bilir ki, əgər "vahid namizəd" məsələsi gündəmə ciddi daxil olacaqsa, bu zaman kimin hansı şəxslər tərəfindən müdafiə olunması daha çox əhəmiyyət daşıyacaq.
2013-cü il "ənənəvi müxalifətin" baş bəlasına çevrilib
Məhz bu kimi məsələni özü-özlüyündə analiz edən Ə.Kərimov Müsavat başqanına yaxınlığı ilə seçilən Pənah Hüseynovla bir araya gələrək müzakirələr aparıb. Gizli görüşdə "palata"nın 2013-cü il prezident seçkilərində mövqeyinə, "vahid namizədlə" seçkiyə qatılmaq imkanlarına xüsusi yer ayrılıb. Əldə etdiyimiz informasiyaya görə, gizli görüşdə AXCP (i) sədri "vahid namizəd" məsuliyyətini üzərinə götürməyə və bu mübarizədə sona qədər getməyə hazır olduğunu deyib. Bir sözlə, "cəbhə" yetkilisi P.Hüseynovdan onu dəstəkləməsini xahiş edib. Lakin P.Hüseynov bunun mümkünsüzlüyünü deyərək, Ə.Kərimovu "ənənəvi müxalifətə" xəyanət etməkdə suçlayıb.
Başqa tərəfdən, AXCP (i) sədri "vahid namizəd" olmaqdan ötrü özünə başqa mənbələrdən də tərəfdarlar axtarmağa başlayıb.
Rezonans nədən yaranacaq?
Və təəccüblüsü də odur ki, növbəti adam da İ.Qəmbərova yaxınlığı ilə seçilənlərdəndir. Bu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur. Amma R.Arifoğlu da Ə.Kərimovu dəstəkləyib-dəstəkləməyəcəyi haqqında qərar verməyib. Ancaq buna baxmayaraq, "cəbhə" sədri "Yeni Müsavat"ın baş redaktordan ona mane olmamasını, "vahid namizəd" məsələsində əleyhinə fəaliyyət göstərməməsini tələb edib. Çünki son zamanlar adıçəkilən qəzetdə Ə.Kərimova qarşı, hələ ki, yumşaq şəkilli qara piar kampaniyası aparılmaqdadır.
Bundan sonra Müsavat partiyasının hansı addımlar atacağına gəlincə, bir fakt mövcuddur ki, İ.Qəmbərov heç bir zaman Ə.Kərimovun ondan irəli keçməsi ambisiyalarının reallaşmasına razılıq verməyəcək. Çünki Ə.Kərimovun apardığı gizli görüşlər haqqında məlumatlara malik olan Müsavat başqanı, hələ ki, öz addımlarını gizli saxlamaqdadır. Amma "İctimai Palata"da baş verən son hadisələrdən də görmək mümkündür ki, yaxın bir zamanda dağıdıcı müxalifət daxilində ciddi və rezonans doğuracaq partlayış baş verəcək. Təbii ki, həmin hadisənin ictimaiyyətə heç bir aidiyyəti olmasa da dağıdıcı müxalifətin həmin partlayışdan normal halda çıxacağına ümidlər azdır, bəlkə də yoxdur.
R.RƏSULOV