Bu günlərdə ALP sədri Əvəz Temirxan mətbuata açıqlama verərək bildirmişdi ki, onun əlində AXCP (i) sədri Əli Kərimov haqqında şok yaradacaq faktlar mövcuddur. Ancaq həmin faktların, hələlik, açıqlanmasının tərəfdarı deyil. Bu səbəbdən, "cəbhə" yetkililəri Ə.Temirxana verəcəkləri cavablarını gecikdirməyiblər. Belə ki, Ə.Kərimovun göstərişi əsasında danışan, sədr müavini Fuad Qəhrəmanlı sözügedən cavabında deyib ki, guya "cəbhə" sədrinin Lalə Hacıyeva ilə bağlı problemi olmayıb və onların münasibətləri normaldır. Ancaq bütün bu deyilənlərin saxtakarlıq olduğunu ictimaiyyət də yaxşı bilir və xatırlayır. Məsələ ondadır ki, 2003-cü il prezident seçkiləri öncəsi yaradılmış "MKM"-də və "Azadlıq" blokunda birgə təmsil olunan hər iki şəxs - həm Ə.Kərimov, həm də L.Hacıyeva arasında ciddi qarşıdurmalar yaşanmışdı. Nəticədə, "cəbhə" və ALP rəhbərləri arasında təhqirlərlə yekunlaşan söz atışmaları yaşanmışdı. Və bütün bunlardan sonra F.Qəhrəmanlının baş verənlərə loyal münasibət bildirməsi səmimi görünmür.
Ancaq buna baxmayaraq, AXCP (i) sədrinin müavini qeyri-səmimi olduğunu Ə.Temirxana verdiyi cavabında bu cür aşkar edib: "Hesab edirəm ki, bu tipli açıqlamalara ehtiyac yoxdur. Müxalifətdaxili münasibətlərdən gündəmdə qalmaq üçün istifadə edilməməlidir".
Bu cavab isə, onu deməyə əsas verir ki, əslində, Ə.Temirxanın Ə.Kərimovla bağlı açıqlayacağı şok faktlar mövcuddur və həmin faktlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Əldə etdiyimiz məlumatlara görə, Ə.Kərimov F.Qəhrəmanlıya tapşırıb ki, həmin faktların açıqlanmaması üçün L.Hacıyeva haqqında "müsbət" fikirlər səsləndirsin. Ona görə də "cəbhə" sədrinin müavini Ə.Temirxana sərt olmasa da, müəyyən cavab verməyi gecikdirməyib.
RÖVŞƏN