PDF Oxu

Müxalifət

  • 79

\"İstənilən variantdan istifadə edirlər ki, gündəmdə qalsınlar\"

\"İstənilən variantdan istifadə edirlər ki, gündəmdə qalsınlar\"

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Müsavat başqanı İsa Qəmbərovun müxalifətin vahid namizəd ideyasının guya hakimiyyətdən qaynaqlanması barədə söylədiklərinə münasibət bildirib. O, mətbuata açıqlamasında vahid namizəd məsələsinin, ilk növbədə, dağıdıcı müxalifətin təsiri altında olan mətbuat orqanlarında qaldırıldığına diqqət çəkib. Belə ki, İsa Qəmbərov \"Azadlıq\" radiosuna deyib ki, \"İctimai Palata\"da daha mühüm məsələlərin müzakirə olunduğu bir vaxtda belə bir məsələnin ortalığa atılması cəmiyyəti hakimiyyətdaxili problemlərdən yayındırmağa hesablanıb: \"Təbii ki, hakimiyyət maraqlıdır ki, hakimiyyətdaxili qarşıdurmalar, qruplaşmalar müzakirə olunmasın, müxalifətin mövzuları, müxalifətin vahid namizədi məsələləri daha aktual olsun. Bu, hakimiyyətin tam maraqlarına cavab verir. Çünki diqqət hakimiyyətdən yayınır. Biz bu məsələdə qətiyyən maraqlı deyilik\".

Aydın Mirzəzadə isə, hesab edir ki, iqtidar heç bir halda müxalifətin vahid namizəd məsələsinin müzakirəsinə maraq göstərə bilməz: \"Sual çıxır - əgər \"vahid namizəd\" məsələsinin müzakirəsi hakimiyyətin tam maraqlarına cavab verirsə, özlərinin qəzetlərində niyə bunu müzakirə edirlər? İsa Qəmbər \"İctimai Palata\"da təmsil olunan qüvvələrdən birinin rəhbəridir. O, təmsil olunduğu cinahın bütün potensialının onun namizədliyinin lehinə işləməsinə çalışır\".

Göründüyü kimi, orada digər iddialılar var və onlar bu çətirin altına girməsinə tələsmirlər: \"İ.Qəmbərov artıq dördüncü dəfədir ki, prezidentliyə namizəddir və hər dəfə uduzur. Siyasi təcrübədə, bir qayda olaraq, bir-iki dəfə uduzan şəxs yerinə daha potensiallı siyasətçinin olmasına çalışır\".

Millət vəkilinin sözlərinə görə, ambisiyalar həddindən artıq böyükdür. Buna görə də dağıdıcı müxalifət yetkililəri \"vahid namizəd\" məsələsini ortaya atırlar, sonradan geri çəkilərək, bunu iqtidarın üzərinə atmağa çalışırlar. İstənilən variantdan istifadə edirlər ki, gündəmdə qalsınlar. \"Vahid namizəd\" məsələsi də bu variantlardan biridir: \"Müxalifət cəmiyyəti üçün hansı proqram ortaya qoyub? İndidən desinlər, hakimiyyətə gələcəkləri halda nəyi indiki hakimiyyətdən yaxşı edəcəklər? İş yerlərinin artırılması üçün hansı addımlar atılacaq? Neft pullarından nə cür istifadə olunacaq? Kadr potensialları hansıdır? Bu sualların hamısı açıqdır. İqtidardan fərqli olaraq müxalifət bu suallara cavab verməkdən çəkinir\".


R.NURƏDDİNOĞLU

Digər xəbərlər