PDF Oxu

Müxalifət

  • 39

Ambisiyalar antidemokratik və avtoritar təfəkkürün məhsuludur

Ambisiyalar antidemokratik və avtoritar təfəkkürün məhsuludur

"İctimai Palata"nın inhisarçı və avtoritar rejim idarəçiləri olan AXCP (i) və Müsavat arasında 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı "vahid namizəd" ideyası ətrafında barışmaz ziddiyyətlər yaşanmaqdadır. Artıq həmin ziddiyyətlər açıq qaydada özünü büruzə verir və "cəbhəçilər" Əli Kərimovun, müsavatçılar isə İsa Qəmbərovun namizədliyində israrlı görünməklə yanaşı, bir-birinə güzəştə getməyəcəklərini də müxtəlif formada nümayiş etdirirlər. Eyni zamanda, iki barışmaz "liderin" məsələ ətrafında anlaşa bilməyəcəkləri təqdirdə, "palata"nın süqutu haqqında verilən proqnozlar reallığa çevrilir.

Baş verənlərlə yanaşı, müxalifətin digər qanadı - eks-spiker Rəsul Quliyevin "liderlik" etdiyi "Açıq Cəmiyyət Partiyası"nın da daxil olduğu "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı", "Ümid" və Azərbaycan Demokrat Partiyalarının daxil olduğu "Qarabağ" blokunun da seçkiyə hesablanmış iddiaları düşərgənin hər iki cinahının bütövlükdə iflasa doğru hərəkətinə təkan verir.

"Bir çox problemlər var ki, bunlar "İctimai Palata" ilə bağlıdır"

Bu baxımdan, ADP sədri Sərdar Cəlaloğlu baş verənlərdə, bilavasitə, kimlərin günahkar olmasını açıqlayıb və bildirib ki, müxalifəti iflasa doğru aparan əsas baiskarlar, məhz "İctimai Palata"nın inhisarçı "liderləridir". Ona görə ki, ictimaiyyət müxalifət dedikdə, yalnız onları nəzərdə tutur: "Müxalifətdə gedən proseslərin hamısını "İctimai Palata" ilə məhdudlaşdırmaq, "İctimai Palata" çərçivəsində görmək yanlışdır. Çünki "İctimai Palata" bəlli bir kəsimi təmsil edir. Amma Azərbaycan müxalifəti, cəmiyyəti təkcə "İctimai Palata"dan ibarət deyil. Bir çox problemlər var ki, bunlar "İctimai Palata" ilə bağlıdır. Yəni "İctimai Palata"nın öz problemləridir. Bütövlükdə, müxalifətin problemi deyil. Əslində, "İctimai Palata" bu problemlərlə ona görə üzləşib ki, özünə qapanıb, cəmiyyətlə özü arasında bir növ keçilməz divarlar hörüb".

"Hər şey mənim üçün", "Hər şey məndən ötrü" demək yanlış hesablanmış addımdır"

"İctimai Palata" daxilində "vahid namizəd"in müəyyənləşdirilməməsinin səbəbinin ambisiyalar ilə bağlı olduğunu deyən S.Cəlaloğlu daha sonra dediklərini bu cür izah edib: "Özü də bu ambisiyaların arxasında konkret nəsə dayansaydı, yenə dərd yarıydı. Bu ambisiyaların arxasında real heç nə durmur. Yəni insanlar daha çox istəyəndə, azdan da məhrum olurlar. Açığını deyim ki, digər tərəfdən, bu, antidemokratik, avtoritar təfəkkürün məhsuludur. Yəni "Hər şey mənim üçün", "Hər şey məndən ötrü" demək yanlış hesablanmış addımdır".

" İctimai Palata" iki iddialı partiya sədrlərinin bir-birinə güzəştə getməməsini qurumun dağılması ilə nəticələnəcəyini deyən ADP sədrinin fikrincə, bu hal artıq baş verməkdədir.

R.RƏSULOV

Digər xəbərlər