"İctimai Palata"nın müxalifət düşərgəsi üçün yararsız və səmərəverici olmayan qurum olması barədə daha öncələr irəli sürülən fikirlər öz təsdiqini tapmaqdadır. 2010-cu il parlament seçkilərindən sonra qeyri-ciddi siyasi iddialar fonunda təsis olunan "İctimai Palata" üzərinə götürdüyü öhdəçiliyi yerinə yetirə bilmədi. Bu baxımdan, artıq 2013-cü il prezident seçkilərinin yaxınlaşması qurumdakı vəziyyəti daha da ağırlaşdırıb.
Əli Kərimov İsa Qəmbərovun zaman-zaman "cəbhəni" necə parçalamasını yaxşı xatırlamalıdır
Qarşıdan gələn seçkilərlə bağlı dağıdıcı partiyalar arasında əvvəllər üstüörtülü qaydada mübarizə aparılırdısa, hazırda "vahid namizəd" məsələsinin gündəmə çıxaması "ənənəvi müxalifət" liderlərinin abisiyalarını açığa çıxarıb. Nəticədə, düşərgədə ən çox AXCP (i)-Müsavat sədrlərinin münasibətlərində qarşısıalınmaz gərginlik yaranıb. Bu faktor isə hər iki partiya səlahiyyətlilərinin qaranlıq tərəflərinin ictimaiyyətə açıqlanması ilə nəticələnir. Daha dəqiq desək, tərəflər qarşılıqlı olaraq, ittihamlar irəli sürür, kompromat müharibəsi elan edirlər. Və bu kompromat müharibəsində ən çox "cəbhə" sədri Əli Kərimov hücumçu təsiri bağışlayır. AXCP (i)-dən sızan məlumatlara görə, Ə.Kərimov Müsavat başqanı İ.Qəmbərov və onun partiyasının rəhbərlik strukturlarında təmsil olunan səlahiyyətli funksionerlər barədə kəskin mənfi fikirlər, münasibətlər yaratmaqdan ötrü yaxın ətrafına gizli tapşırıqlar verib. Verilən tapşırıqlar daxilində ən çox vurulan tərəf isə məhz İ.Qəmbərov və A.Hacıyevdir. Lakin Müsvatın da yaxın keçmişini unutmamalı olan Ə.Kərimov İ.Qəmbərovun zaman-zaman "cəbhəni" necə parçalamasını yaxşı xatırlamalıdır.
"Cəbhə" sədrinin "ağıllı" planları
Artıq sözügedən planın ilkin mərhələsinin icrası həyata keçirilib. Belə ki, informasiya portallarından birində iqtidar-müxalifət dialoquna dair məlumatlar yayılıb və sözügedən məlumatda bildirilib ki, bu yaxınlarda "İctimai Palata"nın üzvü Mehman Əliyev (o, həm də "Turan" İA-nın direktorudur - R.R.) hakimiyyət nümayəndəsi ilə görüşüb və guya ikinci birinciyə müxalifət-iqtidar dialoqunda vasitəçilik etməyi xahiş edib.
Eyni zamanda, bildirilib ki, M.Əliyev bu təklifi qəbul edib və guya müxalifət "liderləri" ilə danışıqlara başlayıb. Hətta danışıqlarda ilkin razılaşma əldə olunub (?!)Guya M.Əliyevin hakimiyyətlə dialoq təklifinə İ.Qəmbərovdan müsbət, Ə.Kərimovdan isə mənfi mövqe nümayiş etdirilib və s. Lakin sonradan məlum olub ki, bu informasiya heç bir həqiqətə söykənmir və İ.Qəbmərovun hakimiyyət-müxalifət dialoquna "razılıq" verməsini Ə.Kərimovun tərəfdarları dezinformasiya kimi həmin portala yayıb.
Lakin "cəbhə" Müsavata qarşı başladığı kompromat savaşına yenisi də əlavə olunub. Yəni məsələ tək İ.Qəmbərovla bitmir. Ə.Kərimova yaxınlığı ilə seçilən partiyadaşları mediaya digər dezinformasiyanı sızdırmalıdırlar ki, bu da bilavasitə Arif Hacıyevin adı ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, Ə.Kərimov yaxın ətrafına tapşırıq verib ki, mətbuatda A.Hacıyevin həbsdən çıxarkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə aparılması, guya orada hansısa "sövdələşmələrə" getməsi barədə məlumatlar yaysınlar. Lakin hələlik, bu barədə məlumat iformasiya şəbəkələrinə verilməyib.
Göründüyü kimi, siyasi dividendlərini şəxsi maraqları çərçivəsində artırmaqdan ötrü hətta öz düşərgədaşlarına qarşı çirkin kampaniyalara start verən AXCP (i) sədri Ə.Kərimov bu vasitə ilə 2013-cü ilə tək, yəni "vahid namizəd" statusunda "ağıllı" planları ilə getmək niyyətindədir. Bu isə, bir daha onu deməyə əsas verir ki, "İctimai Palata"nın iflasa uğraması fonunda baş verən hadisələr dağıdıcı müxalifətə yaxın ərəfələrdə daha ciddi fəsadlar yaradacaq. Bu amil isə, bütövlükdə, onların seçki ambisiyalarının baş tutmayacağından xəbər verən reallıqdır.
RÖVŞƏN RƏSULOV