"İctimai Palata" dağılır, dağıdıcı müxalifət liderləri isə o qədər dağıdıcılığa aludə olublar ki, hətta özlərini belə parçalamağa hazırdırlar. Əslində, dağıdıcılarda bu kimi aludəçilik çoxdan mövcuddur. Bunu dəqiqləşdirmək üçün tarixini də göstərmək mümkündür: 1993-cü ilin iyunundan. Bu, hər kəsə məlumdur. Lakin məlum olmağa başlayan yeniliklər də mövcuddur ki, bu yeniliklərin başında daha bir etiraf dayanıb. Daha dəqiq desək, "İctimai Palata"nın dağılması haqqında dolayısı ilə edilən etiraf. Və həmin etirafı bilavasitə AXCP (i) sədri Əli Kərimov edib. Həmin Ə.Kərimov ki, "palata" yaranarkən, qurumun monolit təşkilat olacağını iddia edirdi. Amma nə oldu? "İctimai Palata" monolit deyil, monopolist quruma çevrildi və iki "liderin" başı bir qazanda qaynamadı.
AXCP (i) SƏDRİ NƏDƏN QORXUYA DÜŞDÜ?
"Vahid namizəd" məsələsi gündəmə çıxdıqdan sonra gah bir monopolist "liderin", gah da digər monopolist "liderin" prezident olmaq arzuları "İP"-i kökündən dartıb qırdı. Nəticədə, "cəbhə" sədri Əli Kərimov acı da olsa, etiraflar etməyə başladı. Məsələ ondadır ki, rəhbərlik etdiyi siyasi təşkilatın sıravi üzvləri onun qarşısına bu yoldan çəkilmək tələbini qoydular. Hətta dedilər ki, sən bu yoldan çıxmasan, özümüz səni oradan uzaqlaşdıracağıq. Bundan qorxuya düşən AXCP (i) sədri dərhal özünə mənsub olan "Azadlıq" qəzetinə müsahibə verdi. Belə ki, o, həmin müsahibəsində deyib ki, "vahid namizəd" məsələsinin müzakirəsi yersizdir. Necə deyərlər, onun canına vəlvələ düşdü və dərhal ona edilən tələblərə razı olmaqdan başqa çarəsi qalmadı.
ZİYANINI BAŞINDA ÇATLADAN SƏDR
Maraqlıdır ki, Ə.Kərimov "hazırda biz bu məsələ ilə məşğul olmalı deyilik və bunu ziyanlı hesab edirəm" deməklə "palata"nın parçalanma mərhələsini yaşadığını etiraf edib.
Amma ortada digər maraqlı məqam dayanıb. Ə.Kərimov deyib ki, "yəqin ki, "İctimai Palata" yenidən toparlanaraq, mübarizəsini davam etdirəcək". Yəni bu açıqlamanın özü də "İctimai Palata"nın parçalanması anlamını daşıyır. "Palata" dağılıb, ona görə də Ə.Kərimov yenidən başqa qurum yaratmaq istəyindədir. "İP"-in iflasa uğramış variantı isə Müsavat başqanı İsa Qəmbərova "peşkəş" ediləcək. Bunu "Siz "İctimai Palata" olaraq, bu müzakirələri burada dayandırmaq istəyirsinizmi?" sualına "cəbhə" sədrinin "bəli" deməsi də sübut edir.
RƏFİQƏ HÜSEYNOVA