PDF Oxu

Müxalifət

  • 50

Sərdar Cəlaloğlu dediklərində israrlıdır

Sərdar Cəlaloğlu dediklərində israrlıdır

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun AXCP (i)-nin və Müsavatın inhisarçı liderləri tərəfindən idarə olunan "İctimai Palata" haqqında irəli sürdüyü iddialar bir daha mətbuatda yer alıb. Belə ki, ADP sədrinin adıçəkilən qurumun dağılacağı haqqında öncələr də verdiyi proqnozlar üzərində dayanması onun Əli Kərimova və İsa Qəmbərova qarşı "cəbhə" açması anlamını daşıyır. S.Cəlaloğlu "palata"da cərəyan edən vahid namizəd məsələsinə toxunarkən bildirib ki, əgər "İctimai Palata" 2013-cü il seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.


"Mənə elə gəlir ki, "İP" heç vahid namizədlə də çıxış edə bilməyəcək"


Bu isə, onu deməyə əsas verir ki, hazırda həm "cəbhə" sədri, həm də Müsavat başqanı tərəfindən guya qapadılan məsələ, əslində, heç də qapadılmayıb. Çünki hər iki partiya funksionerlərinin öz sədrlərini vahid namizəd kimi gördüklərini demələri bu status uğrunda gedən mübarizənin gizli şəkildə aparılmasını təsdiq edir. Nəticədə, "İP" artıq parçalanma mərhələsini yaşayır.

Vahid namizədin seçiləcəyinə inanmadığını deyən S.Cəlaloğlu iddia edib ki, "palata"nın dağılması labüddür: "İctimai Palata"dan bir namizədin irəli sürülməsi məsələsi bizim düşündüyümüz kimi Azərbaycanın ictimai-siyasi vəziyyətinə ciddi təsir edəcək amil olmayacaq və buna çox diqqət ayırmaq lazım deyil. Mənə elə gəlir ki, "İP" heç vahid namizədlə də çıxış edə bilməyəcək. Onlar ya iki namizədlə gedəcəklər, ya da "İctimai Palata" dağılmalıdır".


"İctimai Palata"da parçalanma sindromunun iflasla əvəzlənməsi qeyd olunan fikirləri tamamlayır


Xatırladaq ki, bəzi müxalifət partiyalarını özündə birləşdirən "İctimai Palata"nın təmsilçiləri seçkiyə vahid namizədin müəyyənləşdirilməsinin vacibliyi təklifi ilə çıxış edirlər. Lakin adıçəkilən qurumun ambisioz liderləri sözügedən statusda özlərindən başqa heç kimi görmədiklərini deyərək, ayrı-ayrılıqda vahid namizəd olacaqlarını düşünürlər. Hətta bu ad uğrunda gedən gizli savaşlar açıq müstəviyə keçib və nəticədə, onsuz da bərbad durumda olan dağıdıcı düşərgə iflas məngənəsində sıxışaraq qalıb. ADP sədrinin irəli sürdüyü iddiaları isə artıq öz bəlirtilərini verməkdədir. Bu gün "İctimai Palata"da parçalanma sindromunun iflasla əvəzlənməsi qeyd olunan fikirləri tamamlayır.


Rəfiqə Hüseynova

Digər xəbərlər