"Ümid" partiyası ilə "ACP" arasında yaşanan gərginlik pik həddinə çatmaqdadır. Belə ki, daha öncə yaşanan söz atışmaları artıq təhqirlərə keçid alıb. Bu məsələnin böyüməsi hər iki siyasi təşkilat arasında əlbəyaxa döyüş motivi ilə nəticələnəcəyi proqnozlaşdırılır. Xatırladaq ki, "Ümid" sədri İqbal Ağazadənin "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyevin ünvanına mətbuatda kəskin ifadələr işlətməsindən sonra iki partiya arasında münasibətlər gərginləşib. "ACP" liderinin müşaviri Ağasif Şakiroğlu açıqlamasında İ.Ağazadəni daha kəskin tərzdə ittiham edib. O, "Ümid" sədrinə falçılıqla deyil, ciddi siyasi fəaliyyətlə məşğul olmağı tövsiyə edib. Bundan əlavə, eks-spikerə bağlı olan "azpolitika.com" saytında İ.Ağazadə ilə bağlı geniş həcmli ittihamların yer aldığı yazılar davamlı olaraq dərc olunmaqdadır.
Bakir Həsənbəyli: "...İnformasiya bolluğundan başının yaddaş kartı zədələnər"
"ACP"-dən olan hücumlara "Ümid" partiyası da kəskin cavablar verir. Partiyanın səlahiyyətliləri, funksionerləri R.Quliyevi, eləcə də, Sülhəddin Əkbəri siyasi savadsızlıqda, bölücülükdə suçlayırlar. "Ümid" sədrinin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli bildirib ki, əslində, İ.Ağazadə R.Quliyev haqqında qərəzsiz və reallığa uyğun fikirlər səsləndirib. Yəni R.Quliyev nəyi haqq edirsə, həmin münasibəti görüb: "Siyasət uşaq məşğuliyyəti deyil. Bu, kifayət qədər ciddi və məsuliyyətli bir işdir. Uşaqların vaxtından tez siyasətə atılmaları, nəinki işin xeyirinə, əksinə, onların əl-ayağa dolaşmalarına səbəb olur. Ayağa dolaşanların da ayaq altında qalma ehtimalı böyükdür. Rəsul Quliyevin partiyasında fəaliyyət göstərən bir uşağın "Ümid" partiyasının sədri haqda hətta yaxşı fikir söyləməsi belə onun çapında deyil. "Ümid" partiyası liderinin xidmətləri o uşağa sadalansa, informasiya bolluğundan başının yaddaş kartı zədələnər". Məhz bu kimi sərt açıqlamalar fonunda tənqiddən təhqirə, təhqirdən isə təhdidə keçən "Ümid" partiyasının yetkililəri sözügedən məsələdə barışmaz olduqlarını verdikləri bəyanatlarında da gizlətmirlər. Yaşanan mövcudluq isə görünür həm "Ümid"din, həm də "ACP"-nin xəmirlərindən hələ çox su aparacaq.
RÖVŞƏN RƏSULOV