PDF Oxu

Müxalifət

  • 59

Rəsul Quliyevin partiyasını kim çökdürür?

Rəsul Quliyevin partiyasını kim çökdürür?

Sülhəddin Əkbərin "ACP"-yə sədr təyinatından sonra adıçəkilən təşkilatda yeni-yeni ziddiyyətlər baş qaldırmağa başlayıb. Məsələ ondadır ki, S.Əkbərin sədrliyini həmin partiyada istəməyənlər var və onların əsas məqsədləri "liderləri" Rəsul Quliyevin aldanmasını sübuta yetirməkdən ibarətdir. Daha dəqiq desək, R.Quliyevin S.Əkbərə etimad göstərməsi, əslində, partiyadakı böhranlı vəziyyəti daha da kəskinləşdirməkdədir.


"ACP"-də "qiyam" planı


Bu baxımdan, quliyevçilər komandasının üzvləri hesab edilən Akif Şahbazov, Vaqif Mahmudov, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Natiq Əfəndiyev, eləcə də, Mahir Əsədov artıq qruplaşma yaradaraq, anti - Əkbər kampaniyasına start veriblər. Düzdür, onlar bu və ya digər şəkildə planlarını açıqlamasalar da, onların ayrı-ayrılıqda R.Quliyevlə selektor vasitəsilə görüşmələri deyilənlərin həqiqətə uyğunluğunu sübut etmiş olur. Və maraqlıdır ki, onlar S.Əkbərin "ACP"-yə özü ilə birgə daha bir neçə eks-müsavatçıları cəlb etməsini, həmin adamların partiyada müavinlik postlarına təyinatlarını deyil, tamamilə başqa məsələləri qabardırlar. Bu isə bilavasitə AXCP (i) sədri Əli Kərimovun adı ilə əlaqəlidir. Onlar R.Quliyevə əminliklə söyləyirlər ki, S.Əkbərin ötən günlərdə "cəbhə" sədri ilə görüşməsindən sonra "ACP"-də baş verən struktur dəyişiklikləri bütün mənalarda Ə.Kərimov izini açığa çıxarır. Ona görə də R.Quliyevin S.Əkbərə həddən artıq etimad göstərməsi siyasi təşkilatın çökməsi ilə nəticələnə bilər. Amma "ACP" "lideri" hələ ki, partiyadaşlarının məsləhətlərini qulaqardına vurur, onların iddialarını ciddi qəbul etmir. Bu səbəbdən də, fürsətdən istifadə etməyi yaxşı bacaran S.Əkbər Ə.Kərimovla arasında olan gizli anlaşmanı rahat şəkildə reallaşdırmaqda davam edir. Lakin qarşı tərəf də öz planlarını rezerv olaraq saxlamaqdadırlar. Yaxın mənbədən sızan məlumata görə, partiyada gedən struktur dəyişikliklərindəki olaylara qarşı heç də sakit münasibət bəslənməyəcək. Hətta R.Quliyevin "liderlik" məsələsi burada böyük sual altında qala bilər. Bu rezerv planın adı isə sadədir - "qiyam".


Gizli anlaşmanın pərdəarxası məqamları


Xatırlatmaq yerinə düşərdi ki, S.Əkbər hələ "ACP"-yə sədr təyin olunmamış, artıq qeyri-rəsmi fəaliyyətə başlamışdı. Onun bir neçə dəfə Müsavat və "AXCP (i) funksionerləri ilə görüşü, həmin görüşdən çıxarılan nəticələr rəsmi fəaliyyətindən sonra daha da qabarıq formada nümayiş olundu. Məsələn, Müsavat başqanı İsa Qəmbərovla, demək olar ki, baş tutmayan görüş, "cəbhə" sədri Ə.Kərimov ilə təkbətək görüş bəzi nüansların üzə çıxmasına xidmət edir. Bu çərçivədən, belə qənaətə gəlmək mümkündür ki, əslində, hər iki qoldan - həm Müsavatdan, həm də AXCP (i)-dən yararlanmağa səy göstərən S.Əkbər yalnız biri ilə anlaşmağa müvəffəq oldu. Ancaq bir neçə şərtlə. Birincisi, Ə.Kərimovun bəzi Qərb siyasi dairələri ilə daha çox ünsiyyətdə olması, təbii ki, S.Əkbərin də mənfəətini tamamlayır. Ona görə də "cəbhənin" nüfuzunun itməməsi üçün, digər partiyaların imiclərinə zərbə vurmaq lazımdır ki, Ə.Kərimov üçün S.Əkbər faktoru əvəzolunmazdır. Necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq istəyən "cəbhə" sədri hazırda düşərgədaxili opponentləri olan İ.Qəmbərovu və R.Quliyevi "vurmağı" qarşısına məqsəd qoyub. İkinci məqamda söyləmək mümkündür ki, "ACP"-nin yeni sədri AXCP (i) sədri ilə razılaşıb və əldə ediləcək gəlirləri ikilikdə bölüşəcək. Ancaq ilk növbədə, müsavatçıları "ACP"-yə cəlb etməklə, İ.Qəmbərovu susdurmaq, sonradan isə sədrliyindən istifadə edib, "ACP"-ni daxildən parçalamaq və R.Quliyevi uzaqlaşdırmaq. Məhz bütün bunları həyata keçirib, 2013-cü ildə müxalifətin "vahid namizədi" kimi tək fiqur qismində çıxış etmək.

Əlbəttə ki, bu kimi çirkin və iyrənc siyasətləri bahasına olan-qalan nüfuzlarını, şəxsi keyfiyyətlərini itirmiş, elektoratlarından, sosial bazalarından məhrum olmuş dağıdıcı müxalifət təmsilçiləri bundan sonra da hər hansı planlarını icra edərkən, zərərdidə də özləri olacaqlar. Fəqət, bir amil indidən məlumdur ki, 2013-cü il seçikləri uğrunda artıq gizlilikdən açıq düşmənçiliyə keçmiş "liderlər" nəinki siyasi arenada, ümumiyyətlə, siyasət burulğanında qurbana çevriləcəklər. Təkcə bu kimi qarşıdurmaları izləmək, təhlil etmək və nəticə çıxarmaq söylənilənlərin nə qədər doğru olmasına kifayət qədər dəlalət edir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər