PDF Oxu

Müxalifət

  • 65

Müsavatda gözlənilənlər özünü doğruldur

Müsavatda gözlənilənlər özünü doğruldur

Müsavatda gedən və ziddiyyətli xarakter alan başqanlıq uğrunda mübarizənin növbəti və bəlkə də sonuncu mərhələsi başlayıb. Baş verənlər isə, əslində, gözləniləndir. Çünki partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin həbsdən çıxmasından, eləcə də, 2011-ci ilin məlum 2 aprel hadisələrindən sonra ertələnmiş başqanlıq postu uğrunda mübarizəsinin yenidən və bu dəfə daha sərt şəkildə davamı gözlənilən idi. Sirr deyil ki, partiyada bir neçə qrup ayrı-ayrılıqda başqanlıq uğrunda mübarizə aparır ki, həmin qruplardan biri də məhz A.Hacıyevin rəhbərlik etdiyi partiyadaxili toplumdur. Ancaq aparıcı qruplardan birinə A.Hacıyevin rəhbərlik etməsinə baxmayaraq, onun planlarının və məqsədlərinin icraçısı qardaşı Mustafa Hacıbəylidir. Çünki Müsavatın bəzi rayon təşkilatlarının bilavasitə A.Hacıyevin tərəfini saxlamalarında, məhz M.Hacıbəylinin xüsusi rolu mövcuddur. Belə ki, partiyanın Xətai rayon təşkilatının üzvləri, Zaqatala və Ağdam təşkilatından bir sıra tanınmış fəallar, partiyanın təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli, gənclər təşkilatının sədri Tural Abbaslı və digərləri M.Hacıbəylinin sayəsində A.Hacıyev qruplaşmasına transfer olunublar. Çünki artıq iki ilə yaxındır ki, bu adamlar təbliğatlarında başqan İsa Qəmbərovun həmin postda qalmasını Müsavatın maraqlarına uyğun olmadığını bəyan edirlər.


Adil Qeybullanın açıqlamaları Müsavat daxilində yeni qarşıdurmaların başlanacağına işarədir


A.Hacıyev qrupunun hələ də baş tutmayan qurultayla bağlı mövqeyi də radikal və barışmaz təsir bağışlayır. Qrup istəyir ki, həbsxanadan yenicə çıxmış A.Hacıyevin partiya daxilindəki az-çox nüfuzu tükənməmiş qurultay keçirilsin ki, İ.Qəmbərov üzərində qələbə qazanmaq da asan olsun. Çünki Müsavat daxilində A.Hacıyevin başqan olmasını istəməyən daha iki qrup mövcuddur. Bu qruplardan biri hələ də partiyaya təsirini saxlamış Vurğun Əyyubun tərəfdarlarıdır. Digəri isə başqanlığa iddialı Arzu Səmədbəylidir. İkincini idarə edən qrup ona bir müddət vaxt udmağı tövsiyə edib.

Bu ərəfədə Müsavatdan Sülhəddin Əkbərlə birgə istefa verib, sonra geri qayıtmış Adil Qeybullanın A.Səmədbəyli qrupunun istəyi ilə danışdığı bildirilir. Belə ki, onun dediyinə görə, Müsavatda İ.Qəmbərovu çölə tullamaq xətti götürülüb. A.Qeybullanın açıqlamaları isə Müsavat daxilində yeni qarşıdurmaların başlanacağına işarədir. Artıq "İsa Qəmbərov qalsın" deyənlərlə, "getsin" deyənlərin daha kəskin və daha barışmaz mübarizəsi başlanacaq.


R.RƏSULOV

Digər xəbərlər