PDF Oxu

Müxalifət

  • 72

"İctimai Palata" parçalanır

"İctimai Palata" parçalanır

Eks-spiker Rəsul Quliyevə yaxınlığı ilə seçilən "Açıq Cəmiyyət" partiyasının ("ACP") "İctimai Palata"ya ("İP") daxil olmaq istəyi bu amorf qurum daxilində yaşanan gərginliyi daha da artırıb. Belə ki, Müsavat rəhbərliyi "ACP"-nin "İP"-ə üzv olmasına qarşı çıxdığı halda, AXCP (i) Sülhəddin Əkbərin sədrlik etdiyi bu partiyanın "İP"-ə qatılmasının tərəfdarı kimi çıxış edir. Burada S.Əkbərin son günlər bu qurumda təmsil olunan müxalif partiyaların təmsilçiləri ilə fəal görüşlər keçirməsi də diqqətdən yayınmır. Bu, onu göstərir ki, "ACP" bu və ya digər formada "İP"-də təmsil olunmaqda, bu nominal qruplaşma çərçivəsində özünü təsdiqləməkdə maraqlıdır. Aydındır ki, məqsəd, ilk növbədə, siyasi mövcudluq görüntüsü yaratmaq, imkan, şərait yarandıqda, "ACP"-nin "İP" çevrəsində toplaşan digər müxalif partiyalardan üstünlüyünü, daha geniş təsir imkanlarına malik olmasını isbat etməkdir.

Bəllidir ki, S.Əkbər heç də özbaşına deyil, eks-spiker R.Quliyevlə razılaşdırılmış konkret plan əsasında hərəkət edir. Diqqəti çəkən odur ki, "ACP"-də əsas söz sahibi sayılan R.Quliyev "İP"-i ardıcıl şəkildə tənqid edir, destruktiv düşərgədə təmsil olunan həmkarlarını açıq şəkildə ittiham etməkdən çəkinmir. Bütün bunların fonunda isə S.Əkbər destruktiv düşərgə və ya "şef"inin açıq şəkildə tənqid etdikləri ilə dil tapmağın, ortaq məxrəcə gəlməyin yollarını arayır.

Doğrudur, R.Quliyev əvvəlkindən fərqli olaraq, müxalifətdəki sabiq dostlarına münasibətdə "badbaxt" sözündən, buna bənzər digər ifadələrdən qətiyyən istifadə etmir. Lakin onun müxalif düşərgəyə kinli, aşağılayıcı bir tərzdə, yuxarıdan aşağı baxdığı aydın sezilir. Bu yuxarıdan aşağı münasibət isə heç də indi deyil, illər öncə formalaşıb. Müəyyən məqamlarda o korporativ maraqları naminə yenidən İsa Qəmbərov, Əli Kərimov, Etibar Məmmədovla bir araya gəlsə, bir müddət ADP-nin həmsədri və sədri olsa da, bütün hallarda qeyri-sabitliyi, tez-tez bir qütbdən digər qütbə keçməsi, bu düşərgədə bir çoxlarını yarı yolda qoyması ilə seçilir.

Heç də təsadüfi deyil ki, vaxtilə "təmənnalı maliyyə yardımı"ndan faydalanmaq xatirinə, eks-spikerlə ADP-nin sədri postu ilə bağlı bazarlıq edən Sərdar Cəlaloğlu indi R.Quliyevi qorxaqlıqda, qeyri-ciddilikdə ittiham edir. Müsavat başqanı İ.Qəmbərovun R.Quliyevin nə söylədiyi ilə maraqlanmadığını deyir, R.Quliyevin köhnə dostlarından sayılan keçmiş baş nazir Pənah Hüseynov isə nədənsə eks-spikeri heç xatırlaya, tanıya bilmir.

AXCP (i)-nin "ACP"-nin timsalında R.Quliyevin "İP"-də təmsil olunmasına müsbət yanaşmasına gəldikdə, burada belə bir qərarın AXCP (i) sədrinin müavini, eks-spikerin sabiq sözçüsü Nurəddin Məmmədlinin təsiri ilə qəbul edilməsi istisna edilmir. Xatırladaq ki, uzun müddət ADP Ali Məclisinin sədri olmuş Nurəddin Məmmədli məhz eks-spiker və ADP-nin hazırkı sədri Sərdar Cəlaloğlu ilə aralarında yaranmış narazılığa görə partiyanı tərk etmişdi. N.Məmmədli AXCP (i)-yə transfer etdikdən sonra R.Quliyevlə bağlı tənqidi fikirlər səsləndirməyi də unutmamışdı. Hazırda isə siyasətdə çıxdaş olunmuş fiqur kimi görünən, müxalif düşərgədə, partiyadaşları arasında tam hörmətdən düşmüş AXCP (i) sədri Əli Kərimov da, deyəsən, R.Quliyevin "İP"-ə yaxınlaşmaq cəhdlərindən faydalanmağa çalışır.

Müsavatla AXCP (i) arasında süni müttəfiqlik görüntüsünün dağılması, ənənəvi rəqabətin yenidən qabarması keçmiş "Yurd"un şefini alternativ axtarışına vadar edir. Destruktiv düşərgənin tərkibi yetərincə seyrəldiyindən, əslində, onun seçim imkanı da kifayət qədər məhduddur, sıfır həddindədir. Aydındır ki, Ə.Kərimov indi AXCP (i)-ni "güc mərkəzi" təqdim etmək, özünü destruktiv düşərgənin əsas fiqurlarından biri kimi təsdiqləmək üçün istənilən siyasi manipulyasiyaya hazırdır. Bu mənada, Müsavatla "zorən müttəfiqlik"dən gözlədiklərini əldə edə bilməyən AXCP (i) mənsubları "ACP" ilə yaxınlaşmaya "əlverişli fürsət" kimi baxırlar. "ACP"-də keçmiş Müsavat funksioneri S.Əkbərin yaxın ətrafının, Müsavatdan bu quruma transfer edənlərin cəmləşdiyini nəzərə alsaq, AXCP (i) sədrinin müvafiq taktiki oyunlarının başlıca hədəfi bəlli olur. Aydındır ki, o, bununla yaranmış fürsətdən istifadə etməyə, alternativ əməkdaşlıq görüntüsü ilə Müsavatı təmsilçilərini sıxışdırıb sıradan çıxarmağa çalışır.

Beləliklə, yaranmış qütbləşmənin dərinləşməsi, Müsavatla AXCP (i)-nin maraqlarının növbəti dəfə toqquşması fonunda "İctimai Palata"nın dağılması qaçılmaz sonluq kimi dəyərləndirilir. Bütün bunlara rəğmən, "İP" daxilində parçalanmanın baş verməsi və siyasi arxivə göndərilməsi ehtimalı kifayət qədər real görünür.

NAİB

Digər xəbərlər