PDF Oxu

Müxalifət

  • 46

Arif Hacıyev qruplaşması hücuma keçdi

Arif Hacıyev qruplaşması hücuma keçdi

"İctimai Palata"da cəmləşmiş siyasi partiyalar və ictimai birliklər bu dəfə həmin qurumdan kənarda qalmış partiya sədrləri tərəfindən deyil, bilavasitə, Müsavat rəhbərliyində təmsil olunan Arif Hacıyev qruplaşması tərəfindən kəskin hücumlara məruz qalıb. Belə ki, "palata"nın fəaliyyətini hər tərəfdən baltalayan Müsavat partiyası icra aparatının rəhbəri qurumun toplantılarının heç də nəyi isə həll etmədiyini bildirib. O, bu kimi bəyanatı ilə "İP"-i öz inhisarları altında saxlayan Müsavat başqanı İsa Qəmbərova, eləcə də, "cəbhə" sədri Əli Kərimova qarşı ultimatum verib.

Qeyd edək ki, hələ aprel-may aylarında ardıcıl aksiyalar keçirməyə cəhd göstərən "palata" yetkililəri həmin aksiyalar vasitəsilə bir daha sübut etmişdilər ki, dağıdıcı müxalifətin sosial bazası, ümumiyyətlə tükənib və özlərinin dediyi kimi, xalq dəstəyindən məhrum olublar. Bu baxımdan, onları fəaliyyətsizlikdə suçlayan A.Hacıyev yenidən aksiyaların keçirilməsi tələbini ortaya qoyub. Düzdür, onun özü də bilir ki, əgər "palata" yenidən icazəli, ya da icazəsiz aksiyalara start vermək fikrində olsa, növbəti dəfə özünü cəmiyyətdə xar edəcək. Ancaq buna baxmayaraq, siyasi dividendlərini artırmaqdan ötrü, onun başqa çarəsi qalmayıb. Çünki qarşıda gec, ya da tez Müsavatın qurultayı var. Həmin qurultayda isə başqanlığa namizədliyini təsdiq etməkdən ötrü hər hansı addım atmaq lazımdır. Məhz bu səbəbdən də A.Hacıyev aksiya məsələsini ortaya atıb.


Arif Hacıyev: "Biz hər gün də bura toplaşsaq, heç nəyi dəyişdirə bilməyəcəyik "


A.Hacıyev hətta aksiyaları avqustdan gec olmayaraq başlamağı da təklif edib. O, bunu "mübarizə" adlandırmaqla ətrafına topladığı qrupu daxili opponentlərinə tərəf istiqamətləndirib. Ancaq bununla belə, bir daha etiraf edib ki, müxalifətin siyasi mübarizə aparmaq üçün heç bir gücləri mövcud deyil:"Təbii ki, 1988-ci ildə olduğu kimi, nəhəng aksiyalar keçirmək imkanımız yoxdur".

O bildirib ki, cəmiyyət "İP"-in fəaliyyətinin nəticəsizliyini görməkdədir: "Biz ayda bir dəfə bura yığılmaqla heç nəyi dəyişdirə bilməyəcəyik. Biz hər gün də bura toplaşsaq, heç nəyi dəyişdirə bilməyəcəyik. Real siyasi fəaliyyətlə məşğul olub, resurslarımıza uyğun aksiyalar keçirməliyik ki, nəticəyə nail olaq".

Onu da qeyd edək ki, A.Hacıyevlə birgə məhbəs həyatı yaşamış Müsavat partiyası gənclər komitəsinin sədri Tural Abbaslı da həmkarının qruplaşmasında "İP"-in inhisarçı qüvvələrinə qarşı çıxır. Xatırladaq ki, həbsə düşməmişdən öncə, T.Abbaslı İsa Qəmbərovun yaxın tərəfdarı qismində çıxışlar edirdi. Lakin həbsdə olduğu müddətdə A.Hacıyevin sərəncamına keçən T.Abbaslı hazırda başqanı ən çox ittiham edənlər sırasında yer alır. Bu səbəbdən də, o, A.Hacıyevin aksiyalarla bağlı fikrini dəstəkləyib.

Bütün bunlar isə, bir daha onu deməyə əsas verir ki, əslində, öz şəxsi mənafelələrini tənzimləmək fikrində olan müxalifət təmsilçiləri bu vasitə ilə daxili opponentlərini sıradan çıxarmağı qarşılarında bir vəzifə kimi qoyublar. Baş verənlərin müqabilində isə dağıdıcıların son qapıları da onları üzlərinə bağlanır. Təkcə bu kimi hadisələri qiymətləndirərkən, bunu deməyə kifayət qədər əsas yaranır.


R.Hüseynova

Digər xəbərlər