PDF Oxu

Müxalifət

  • 54

"Müqavimət Hərəkatı"nda parçalanmaya start verildi

"Müqavimət Hərəkatı"nda parçalanmaya start verildi

"Açıq Cəmiyyət Partiyası" ("ACP") və Azərbaycan Liberal-Demokrat Partiyası (ALDP) "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"ndan çıxmaları haqqında bəyanat veriblər. Belə ki, bu barədə qərar ALDP-nin idarə heyətinin toplantısında verilib. Toplantıda bldirilib ki, 2013-cü ildə keçiriləcək seçkilərlə bağlı yaranmış qurumdaxili ziddiyyətlər onların bu addımı atmalarına səbəb olub.

Onu da qeyd edək ki, "ACP"-nin sədri Sülhəddin Əkbər də sədrlik etdiyi partiyanın "hərəkatdan" çıxdığını bəyan edib: "Partiyanın bu qurumda fəaliyyətini dayandırması ilə bağlı qərar var. Lakin bu addımın səbəblərinin əks olunduğu mətn hazırda hazırlanır və yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq". S. Əkbər müəyyən detalları gizlətməyə çalışsa da, əldə etdiyimiz məlumatlara görə, həm "ACP"-nin, həm də ALDP-nin qurumdan çıxması haqqında qərar hələ bir neçə ay bundan öncə verilmişdi. Sadəcə, onların məqsədləri təmin olunmadığı üçün vaxt qoyulmuşdu. Daha dəqiq desək, "Müqavimət Hərəkatı"nın vahid lideri olmaq üçün Rəsul Quliyev faktoru digər partiyalar tərəfindən rədd edildi. Məhz bundan sonra qəti qərara gəlindi ki, həm "ACP", həm də ALDP qurumdan çıxsın.


"HƏRƏKAT"DAN "PALATA"YA İSTİQAMƏT DÜŞƏRGƏNİN PARÇALANMASINI SÜRƏTLƏNDİRİR


Xatırladaq ki, "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı" bu il yanvarın 12-də "Klassik Xalq Cəbhəsi Partiyası", "Aydınlar" partiyası, "Açıq Cəmiyyət Partiyası", Liberal-Demokrat Partiyası, "Azadlıq" partiyası, eləcə də, "Vətəndaş Hərəkatı Forumu" tərəfindən təsis olunmuşdu. Cəmi yeddi ay bütövlükdə fəaliyyət göstərə bilən "hərəkat" artıq öz iflasını bəyan edib. Çünki qurumu tərk edən partiyalarla yanaşı, orada təmsil olunan digər siyasi təşkilatlar arasında ciddi fikir ayrılıqları mövcuddur.

Baş verənlərdən həm də belə bir qənaətə gəlmək mümkündür ki, "Müqavimət Hərəkatı" ilə yanaşı, dağıdıcı müxalifətin digər qütbündə yer almış "İctimai Palata"nı da hazırda həmin aqibət gözləyir. Çünki "hərəkatı" tərk edən partiyaların "palata"da yer almasını istəməyən Müsavat kimi siyasi qüvvə mövcuddur. AXCP (i) isə həmin partiyaların "İP"-dəki təmsilçiliyini tələb edir. Eyni zamanda, "cəbhə"-Müsavat arasında yaranmış başqa ziddiyyətlər də vəziyyəti gərginləşdirib. Ona görə də həm "ACP"-nin, həm də ALDP-nin "İP"-ə transferi bütün mənalarda düşərgənin parçalanmasına və məhvinə təkan olacaq.


R.Hüseynova

Digər xəbərlər