Prezident seçkilərində "vahid namizəd"in müəyyənləşdirilə bilinməməsi Müsavat və Xalq Cəbhəsi partiyaları arasındakı münasibətləri gərginləşdirib. Belə ki, AXCP (i) və Müsavatın təmsil olunduğu "İctimai Palata"nın koordinasiya şurasındakı mənbənin verdiyi məlumata görə, "ACP"-nin "lideri" Rəsul Quliyevin partiyasına və "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"na "İctimai Palata"ya daxil olmaqla bağlı təlimat verib. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, R.Quliyevin təlimatına əsasən "ACP"-nin yeni sədri Sülhəddin Əkbər "DCUMH"-də partiya "liderinin" prezident seçkisində "hərəkat"ın "vahid namizəd"i kimi təqdim olunması, həmçinin, "hərəkat"ın da "İctimai Palata"ya daxil olması ilə bağlı müzakirələrə başlayıb. Lakin "hərəkat"ın digər təsisçiləri tərəfindən bu təklif etirazla, hətta ciddi narazılıqla qarşılanıb. Bundan sonra isə R.Quliyev təkidlə "hərəkat"dan etiraz aksiyalarına başlamağı tələb edib.
Onun "əsaslandırmasına" görə, aksiyalar xarici mətbuatın diqqətini çəkə bilər ki, bu da "hərəkat"ı "İctimai Palata" üçün də cəlbedici edə bilər. R. Quliyevin bu istəyi də "hərəkat"ın idarə heyətində məqbul hesab edilməyib. Ona görə də "ACP"-nin "lideri" son açıqlamalarının birində "hərəkat"ı yarıtmaz fəaliyyətdə ittiham edib və oradan uzaqlaşıb.
"İctimai Palata"ya daxil olmaq üçün indinin özündə də AXCP (i) sədri Ə.Kərimov ilə aktiv müzakirələr aparan R.Quliyevi və S.Əkbəri "cəbhə" sədri, eləcə də, AXCP (i)-nin digər funksionerləri ciddi dəstəkləyirlər. Lakin R.Quliyevin "İctimai Palata"ya gəlməsi Müsavat partiyasının başqanı İsa Qəmbərov tərəfindən birmənalı etirazla qarşılanıb. R.Quliyevin təlimatına əsasən isə S.Əkbər davamlı olaraq, "İP"-in koordinasiya şurasının üzvləri ilə görüşür və onları inandırmağa çalışır ki, "ACP"-nin, yəni R.Quliyevin "İP"-ə gəlişi guya müxalifətin bu qanadının güclənməsinə səbəb ola bilər.
AXCP (i)-nin adının çəkilməsini istəməyən funksioneri isə mətbuatda belə müzakirələrin getdiyini təsdiqləyib. O, AXCP (i)-nin R.Quliyevin "İP"-ə gəlməsini dəstəkləməsinin səbəbini də açıqlayıb : "İndiki halda "İctimai Palata"da Ə.Kərimovun "vahid namizəd" kimi təsdiqlənməsi mümkün görünmür. Çünki Müsavat və onu dəstəkləyənlər İ.Qəmbərovun "vahid namizəd"liyindən vaz keçməyəcəklər. Pənah Hüseynovun "vahid namizəd" məsələsini bu qədər erkən ortaya atması da bununla bağlıdır.
R.Quliyevin "İctimai Palata"da təmsil olunması məsələsi gündəmə gələn kimi bunlar "İP"-in "vahid namizəd"inin müəyyənləşməsini istədilər. Çünki bilirlər ki, "ACP"-nin gəlişi ilə qüvvələr nisbəti dəyişəcək. R. Quliyev heç vaxt İ.Qəmbərovu dəstəkləməyəcək, özünün ölkəyə gəlib namizəd olmaq şansı olmadığından, Ə.Kərimovu dəstəkləyəcək. Bu isə Müsavatın faktiki təklənməsi və qəbul olunan qərarla razılaşması deməkdir. Əks- təqdirdə, "İctimai Palata"nın dağılmasının məsuliyyəti Müsavatın üstündə qalacaq".
R.RƏSULOV