PDF Oxu

Müxalifət

  • 56

Müsavatın qurultay bəhanəsi

Partiya yetkililəri üzləşdikləri problemlərini "nala-mıxa" döyəcləməklə gizlədirlər

Müsavatın qurultay bəhanəsi

Uzun müddətdir Müsavat partiyasının qurultayı ətrafında gəzən söz-söhbətlərdən, müzakirələrdən də bəlli olur ki, adıçəkilən siyasi təşkilat, əslində, həmin tədbirini keçirmək iqtidarında deyil. Çünki həm sosial baza qıtlığının yaşanması, həm də İsa Qəmbərov tərəfindən başqanlıq postunun əldə saxlanılması cəhdi partiyanın sözügedən çərçivədə fəaliyyətinin qarşısını kifayət qədər alıb. Eyni zamanda, Müsavatın aparat rəhbəri Arif Hacıyevin partiyadaxili qruplaşmalara qarşı barışmaz mövqe sərgiləməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

Heç bir açıqlama cəmiyyət tərəfindən ciddi qəbul edilmir

Bu baxımdan, zaman-zaman İ.Qəmbərov qruplaşmasının partiyanın qurultayının gah Gürcüstanda, gah da Türkiyədə keçirəcəkləri haqqında səsləndirdikləri bəyanatlar cəmiyyət tərəfindən ciddi qəbul olunmamaqdadır. Qeyd edək ki, hazırda qurultayın keçirilməsi üçün hakimiyyət tərəfindən kifayət qədər yerlər, münbit zal və salonlar təklif olunsa da, Müsavat başqanı və onun qruplaşması yersiz iddialarda bulunmaqla guya təklif edilən yerlərin onları qane etmədiyini deyirlər. Amma onların siyasi oyunbazlıqlar çərçivəsində "fürsətdən istifadə" cəhdləri də öz yarıtmazlığı ilə seçilir.

" Partiya qurultay keçirmək üçün bütün hazırlıqlarını görüb. Müsavat qurultayını Gürcüstanla razılaşdırıb" deyə açıqlamalar verən məclis sədri Arzu Səmədbəylinin də fikirlərindən bəlli olur ki, onun dedikləri özündə heç bir həqiqəti əks etdirmir. Və əgər Müsavat partiyası, həqiqətən də, öz qurultayını keçirmək amacında ciddi olsaydı, bunu çoxdan etmiş olardı.Amma nə ciddilik var, nə də amac.

"Texniki işlər", yoxsa siyasi uğursuzluq?

Digər tərəfdən, qurultayın keçirilməsi üçün guya texniki işlərin yekunlaşdığını deyən A.Səmədbəyli nədənsə siyasi uğursuzluqlarını da hakimiyyətin üzərinə atmağa cəhd göstərib. Ancaq "texniki iş"in, əslində, partiyadaxili böhran olduğunu da hər kəs çox gözəl anlayır. Yuxarıda qeyd edilən fikirlərdən başqa, burada daha bir neçə məqamlar dayanıb ki, həmin məqamlardan biri də partiyada prezident seçkiləri səbəbindən yaranmış ikitirəliklərdir. Çünki İ.Qəmbərovun başqan qalmasını istəməyənlər, eləcə də, onun müxalifətin vahid namizədi olmasını da arzulamırlar.

Maraqlıdır ki, Müsavatın qurultayının keçirilməsi üçün Gürcüstanla razılıq əldə edildiyini deyən A.Səmədbəyli sonradan öz fikirini təkzib edib. Onun qurultayın Gürcüstan və Türkiyədə keçirilməsi ilə bağlı axtarışlarını davam etdiyi barədə açıqlama verməsi bunu deməyə əsas yaradır. Sual yarana bilər ki, əgər partiyanın qurultayı Gürcüstanla razılaşdırılıbsa, Türkiyədə də axtarışların aparılması hansı reallığa söykənir?

Qurultay ümumiyyətlə baş tutmayacaq

Eyni zamanda, qurultayın hələ bir müddət bundan sonra da keçirilməyəcəyini eyham edən A.Səmədbəyli növbəti dəfə bunu Gürcüstanda keçiriləcək seçkilərlə ört-basdır etməyə çalışıb:"Gürcüstanda da seçkilərə qızğın hazırlıq gedir, gündəm doludur. Ona görə də, hələlik, ilkin söhbətlərdə razılaşdırılmış məqamlar var, amma tam yekunlaşmayıb" (?!) Maraqlıdır ki, gah Gürcüstanda müqavilənin bağlandığını deyən, gah da Türkiyədə axtarışlar aparıldığını bildirən A.Səmədbəyli partiyanın çıxış yolu tapa bilmədiyini etiraf edib. Görünür, Müsavatın başabəla qurultayı partiyanın başına hələ çox oyunlar gətirəcək. Təbii ki, İ.Qəmbərovun və A.Səmədbəylinin timsalında.

R.RƏSULOV

Digər xəbərlər