PDF Oxu

Müxalifət

  • 88

"KXCP" "vahid namizəd" ideyasını qəbul etmir

Mirmahmud Fəttayev: "Müxalifətdə bu istiqamətdə ortaq məxrəcə gəlmək mümkün deyil"

"KXCP" "vahid namizəd" ideyasını qəbul etmir

Müxalifətdə "vahid namizəd" ideyası ətrafında müxtəlif və bir-birinə əks olan müzakirələrin aparılması, nəticədə, həmin amilin reallaşmayacağını indidən göstərməkdədir. Belə ki, sözügedən ideyanın düşərgənin hər iki qütbündə müzakirəsi parçalanmış müxalifət düşərgəsinin vahid konsepsiya ətrafında birləşə bilməyəcəyini çoxdan yəqin edib. Nəzərə alsaq ki, həm "İctimai Palata"da, həm də "Müqavimət Hərəkatı"nda bu kimi müzakirələrin aparılması ətrafında yaranmış gərginlik düşərgəni 2013-cü ilə nəinki parçalanmış, hətta arxivə gömülmüş şəkildə aparacaq. Bunu müxalifətdə az-çox nüfuzu olan partiya sədrləri də etiraf edirlər.

"KXCP"-nin sədri, hazırda "Müqavimət Hərəkatı"nın idarə heyətinin üzvü olan Mirmahmud Fəttayev bildirib ki, düşərgədə "vahid namizəd" olaraq dəstəkləyə biləcəyi şəxs mövcud deyil: "Müxalifət düşərgəsində prezident seçkilərində "vahid namizəd" olaraq dəstəkləyə biləcəyim namizəd yoxdur".

Partiya sədri dediyi sözlərini təhrif edir?

Maraqlıdır ki, M.Fəttayev müxalifət daxilində ciddi fikir ayrılığının olmamasını desə də, sonradan irəli sürdüyü fikirləri onun bu kimi açıqlamasını kölgədə qoyur, daha dəqiq desək, təhrif edir: "Müxalifətdə "vahid namizəd"in müəyyənləşdirməsi məsələsində ciddi fikir ayrılığı yoxdur: "Sadəcə, bir müddət əvvəl vahid namizədin müəyyənləşdirilməsinin vacibliyini vurğulayanlar indi danışmamağa üstünlük veriblər. Bu da məsələyə yanaşmada suallar yaradıb. Amma müxalifətdə bu istiqamətdə ortaq məxrəcə gəlmək mümkün deyil".

"KXCP" sədri, əslində, məsuliyyətin onların üzərində deyil, məhz "İctimai Palata"nın üzərində olduğunu deməsi qurum "liderlər"ini qərar qəbul edə bilməməkdə və zəiflikdə suçlayıb: "Burada İctimai Palatanın da üzərinə məsuliyyət düşür. Bəzi partiyalarının mövqeyində də yəqinlik yoxdur".

"Belə hallar "İctimai Palata"da parçalanma yarada bilər"

Partiya sədri belə halların nəticəsində həm "palata"nın, həm də müxalifətin olan-qalan hissəsinin də parçalanacağı proqnozunu verib: "Təəssüf ki, belə hallar İctimai Palatada parçalanma yarada bilər".

Xatırladaq ki, hələ "Müqavimət Hərəkatı" yaradılmamışdan öncə, "İctimai Palata"da təmsil olunan M.Fəttayev sonradan həmin qurumu tərk etmiş və alternativ "hərəkat"ın yaradılmasında aktiv fəaliyyət göstərmişdi. Ancaq həmin "hərəkat"da da yaşanan parçalanmalardan sonra, onun müavinləri və funksionerləri yenidən "palata"ya üz tutmuşdular. Hətta M.Fəttayev həmin "klassiklər"in partiyadan uzaqlaşdırılacağı haqqında bəyanat da vermişdi. Bu səbəbdən, 2013-cü il prezident seçkiləri öncəsi məhz onun özünün müxalifət haqqında verdiyi proqnozlarının doğruluğunu əks etdirir. Çünki parçalanma ehtimalı düşərgənin hər iki qanadında sürətli mərhələyə keçid alıb.

RÖVŞƏN

Digər xəbərlər