PDF Oxu

Müxalifət

  • 64

"ACP" -nin Müsavata qarşı müdhiş planları

Və 2013-də açığa çıxacaq kartlar

"ACP" -nin Müsavata qarşı müdhiş planları

Müxalifət düşərgəsinin post-seçki ambisiyaları partiyalararası münaqişələrlə yanaşı, şəxslərarası müstəvidə də ciddi fəsadlar yaratmaqdadır. Bu kimi kəskin ziddiyyətlərin acı nəticəsi isə onsuz da laxlamış müxalifəti daha da acınacaqlı vəziyyətə sürükləməkdədir. Həmin acı nəticələrdən biri də hazırda Rəsul Quliyevin "lideri", Sülhəddin Əkbərin isə sədri olduğu "ACP" ilə Müsavat arasında yaşanmaqdadır.

Vəziyyəti daha kəskin xarakterə yönəldən amillərdən digəri isə R.Quliyevin "Müqavimət Hərəkatı"ndan çıxması, ardınca "İctimai Palata"ya meyil etməsi və burada AXCP (i) sədri Əli Kərimovun ona gizli dəstək göstərməsidir. Məhz bundan sonra, "cəbhə" sədrindən təlimatlar alan R.Quliyev Müsavata qarşı kampaniyaya start vermiş, eləcə də, S.Əkbəri burada aparıcı qüvvə kimi təyin etmişdir. Nəticədə, "ACP"-Müsavat qarşıdurması müxalifətdaxili münaqişələrin qızışdırılmasında daha aktiv nəzərə çarpmağa başlamışdır. Söz yox ki, bütün mənalarda burada iki partiya səlahiyyətlisinin - Ə.Kərimovun və R.Quliyevin ambisiyalarını reallaşdırmaq imkanları artmış, Müsavatın, eyni zamanda, İ.Qəmbərovun düşərgədaxili nüfuzuna kifayət qədər qurşaqaltı zərbələr vurulmuşdur. Bu kimi olayları onların bir-birlərinə qarşı irəli sürdükləri ittihamlarından da sezmək elə bir çətinlik yaratmır.

"ACP" -nin "çayxana" əməliyyatı Müsavata nə vəd edir?

Onu da qeyd edək ki, hazırda S.Əkbərin ardınca bu günə qədər yüzə yaxın Müsavat üzvü "ACP"-yə transfer olunub. Lakin "ACP" rəhbərliyi hələ ki, bu faktdan Müsavat əleyhinə istifadə etmək fikrində deyil. Amma onu da xatırladaq ki, S.Əkbər Müsavatdan istefaya gedərkən, ardınca öz qruplaşmasını da oradan uzaqlaşdıracağını eyham vurmuşdu. Nəticədə, İ.Qəmbərovun qorxduğu hadisə baş verdi. "ACP"-də təmsil olunan mənbədən aldığımız xəbərlərə görə, yüz nəfər müsavatçının "ACP"-yə keçməsi yalan informasiya deyil. Və məhz həmin transferlərdən sonra Müsavat partiyası qarşı tərəfə hücuma keçib. Mənbə qeyd edib ki, "açıq cəmiyyətçilər" son bir ayda Müsavat partiyasına yaxın olan "Yeni Müsavat" qəzetində "ACP" ilə bağlı yazıların monitorinqini aparıblar. Bu zaman bəlli olub ki, Müsavatdan verilən tapşırığa əsasən, "ACP"-nin "lideri" R.Quliyev hədəf seçilib və onun haqqında təhqir xarakterli yazılar davamlı şəkil alıb.

Qeyd edək ki, indiki situasiyada Müsavat partiyasında qurultay məsələsinin istər müxalifətdə, istərsə də iqtidar mətbuatında müzakirəyə çıxarılması başqan İ.Qəmbərova sərf eləmir. Məhz bu səbəbdən də, partiyanın "Divanı" bu mövzuda olan çıxışlara qəti qadağa qoyub. Çünki bu barədə danışan istənilən Müsavat funksionerinə qarşı xəyanətkar damğası vurulur. Lakin S.Əkbərə bu gün də yaxın olan müsavatçıların həmin istiqamətdə müzakirələr açacağı istisna edilmir. Yeri gəlmişkən, bu partiyada başqanlığa namizədliyini irəli sürəcəyi haqda bəyanat verən siyasətçilərdən biri S.Əkbərin yaxın dostu və hətta qohumudur.

Başqa tərəfdən, Müsavat partiyası prezident seçkilərinə qədər qurultay keçirməyə nail olarsa, burada partiyadaxili durum daha da qızışacaq. Əgər nəzərə alsaq ki, Müsavat partiyasının qurultayından narazı qalan tərəflər olacaq və növbəti narazıların isə ADP-yə, "KXCP"-yə, AXCP (i)-yə, yaxud da digər müxalifət partiyalarına deyil, məhz S.Əkbərin sədri olduğu "ACP"-yə meyillənəcək, onda yaranacaq situasiyanı indidən müəyyənləşdirmək mümkündür.

O da sirr deyil ki, "ACP" rəhbərliyi mütəmadi olaraq Müsavat partiyasının divanında və məclisində təmsil olunan şəxslərlə görüşlər keçirib, müzakirələr aparır. Əldə etdiyimiz dəqiq informasiyalara görə, bu kimi gizli görüşlər Nərimanov və Gənclik metrostansiyalarının ətrafında fəaliyyət göstərən çayxanalarda həftədə bir neçə dəfə keçirilir.

Müsavatdan etiraf

Qeyd edək ki, Müsavat partiyası da "ACP" ilə aralarında baş verənlərə yalnız "Yeni Müsavat"dakı manevrləri ilə kifayətlənmir. Bunu bu günlərdə partiyanın başqan müavinlərindən olan Tofiq Yaqublunun da fikirlərindən sezmək mümkündür. "Münasibətlərdə uyuşmazlıqlar var" deyən T.Yaqublu dolayısı ilə etiraf edib ki, "ACP"-nin istənilən hücumlarına qarşı adekvat addımlar atacaq və seçkilər ərəfəsində həm R.Quliyevə həm də S.Əkbərə ciddi siyasi zərbələr vuracaq. Müsavat yetkilisi, eyni zamanda, qarşı tərəfi xəyanətdə suçlayıb və bildirib ki, S.Əkbər "ACP"-nin sədrliyinə gətirilməzdən əvvəl R.Quliyev sürəkli olaraq "İctimai Palata"ya, həmçinin, Müsavata qarşı qərəzli mövqe tutub. T.Yaqublu müsavatçıların "ACP"-yə transfer olunmalarını da istisna etməyib: " Müsavatla "ACP" bir yerdə deyil. Təxminən ay yarım bundan əvvəl bir neçə müsavatçı "ACP"-yə keçdilər. Partiyamızı tərk edənləri üzvlərimiz arasında ciddi ittiham edənlər var".

Bu kimi açıqlamadan da bəli olur ki, hazırda AXCP (i)-nin təşəbbüsü ilə başladılmış kəskin ziddiyyətlərdən məhz Ə.Kərimov "uduşlu" çıxmaq iddiasındadır. Lakin Ə.Kərimov bir məqamı unudub ki, "ACP"-Müsavat partiyalarının qarşıdurmaları bütün mənalarda onun özünə də sıçrayacaq. Çünki qarşılaşacaqları 2013-cü il məğlubiyyətindən sonra, hər zamankı kimi, bu dəfəki ittihamlar pik həddə inkişaf edəcək ki, burada seçkiləröncəsi gizli sövdələşmələrin ifşa edilməsi kartları açığa çıxaracaq. Həm Ə.Kərimovun, həm İ.Qəmbərovun, həm də R.Quliyev - S.Əkbər cütlüyünün siyasi manevrləri də məhz bu nöqtədə -2013-cü il prezident seçkilərindəki acı sonluğunu, ucuz aqibətini yaşayacaq. Bu, faktdır.

R.RƏSULOV

Digər xəbərlər