Qonşu İranda baş verən zəlzələ faciəsi Azərbaycan xalqının da ürəyini ağrıtdı. Çünki ağır faciənin baş verdiyi məkan soydaşlarımızın daha kompakt yaşadığı ərazilərdir və qurbanların böyük əksəriyyəti də orada yaşayan azərbaycanlılardır. Yüzlərlə kənd və qəsəbələr viran qalıb, minlərlə insan faciənin girovuna çevrilib. Təbii ki, burada siyasət deyil, sadəcə insanlıq, humanizm prinsipləri dayanmalıdır ki, nəticədə, həmin prinsiplər zəlzələ qurbanlarını düşdükləri durumdan xilas etsin.
Səmimiyyətsizliyin "2013" nümunəsi
Lakin ortada maraqlı və özündə səmimiyyəti əks etdirməyən hadisələr də cərəyan etməkdədir ki, bu da qonşu dövlətdə baş vermiş ağır faciədən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən Azərbaycan müxalifətinin başbilənləri ilə əlaqəlidir. Belə ki, zəlzələdən dərhal sonra AXCP (i) sədrinin "Azadlıq" qəzeti vasitəsilə "lider" kimi gözə soxması, guya zəlzələdən zərər çəkmiş soydaşlarımıza "ürəyinin yanmasını" reklam etdirməsi nəinki səmimiyyətsizlik, hətta həyasızlıq nümunəsi kimi nəzərə çarpdı. Çünki Əli Kərimovun partiya sədri səlahiyyətlərini aşaraq, dövlətin müvafiq qurumlarını, öz təbirincə, "görəvə çağırması" arxasında siyasi manevrdən başqa heç nə dayanmayıb. Bəs nə güdüb bu kimi manevrlərlə "cəbhə" sədri? Təbii ki, onun əsas məqsədi 2013-cü il prezident seçkiləri ilə bağlıdır. Çünki İranda baş vermiş zəlzələ ilə bağlı başından böyük başsağlığı ünvanlaması onun "siyasi iddialarını" yetərincə sərgiləyir. Ancaq həmin "iddiaların" arxasında hətta ən kiçik məsələdən belə sui-istifadə etməsi dividend axtarışında olan partiya sədrinə sərf edir. Belə nüanslara Ə.Kərimovun hələ bir neçə müddət bundan öncə İranın xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqlara getməsini, İranın Azərbaycan əleyhinə işləyən mollalarına dəstək göstərməsini də əlavə etmək olar.
Əli Kərimov qazandığı qrantlardan zəlzələ bölgəsinə nə qədər yardım göstərib?
Eyni zamanda, Ə.Kərimovun heç bir səlahiyyəti olmadan dövlət orqanlarını hər hansısa "görəvə çağırması" da başadüşülməzdir. Çünki dövlət başçısının göstərişi ilə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.
FHN-in verdiyi məlumata əsasən, avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaqdır. Məlumat verilmişdir ki, növbəti yardımlar da mütəmadi xarakter daşıyacaq, davamlı olaraq, təbii fəlakət zonasındakı insanlara istənilən dəstək göstəriləcək.
Bütün bunlardan sonra Ə.Kərimovun siyasi artistizm məharətindən sui-istifadə etməsi, öz təbirincə və öz "təxəyyülünə" hesablanmış ucuz populizmlərə yol verməsi sağlam düşüncəli insanların ona qarşı olan ikrah hissini daha da artırır. Hər halda, belə bir "adamın" 2013-cü ilə ümid etməsi mümkünsüz və imkansızdır. Hətta Afrikaya ünvanlanmış "bəyanatlar" səsləndirsə belə!
RÖVŞƏN RƏSULOV
P.S. AXCP (i) sədri zəlzələ bölgəsinə mollalardan aldığı qrant payından nə qədər yardım göstərib-göstərmədiyi haqqında gələn sayımızda qeyd edəcəyik.