Və ya qütblərarası əks-effekt sindromu
Müxalifət partiyalarının yenidən bir yerə toplaşaraq hər hansısa "birlik" formatı yaratmaq cəhdləri düşərgə daxilində birmənalı qarşılanmayıb. Nəticədə, hər iki qütb arasında yaranmış fikir haçalığı düşərgədə əks-effekt sinromunu əmələ gətirib. Belə ki, xüsusilə, AXCP (i) və Müsavat partiyaları arasında yaranmış ziddiyyətlər təşkilatların açıq hücuma keçdiklərini sərgiləyir.
Artıq partiyalarda funksionerlərarası ittihamlar da qabarmaqdadır ki, həmin ittihamlar çərçivəsində onların öz "liderlərindən" imtinaları məsələsi gündəmə gəlməkdədir.
Xaliq Bahadır: "Çünki bunlar 20 ilin partiyalarıdır və 20 ildir ki, bu xalqı ələ salırlar"
Məsələ ondadır ki, bu dəfə "liderlərə" qarşı daim sərt münasibət bəsləyən "cəbhə" funksioneri Xaliq Bahadır partiya sədrlərini buldozerin qabağına verməyi təklif edib. O, Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşdığını iddia edib: "Son 20 ildə Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Bu gün 8 partiya guya bir yerə toplaşıb. Bunlar 20 ilin partiyası və liderləridir. Mən bundan heç nə gözləmirəm. Əgər 20 il əvvəl bu haqda soruşsaydınız, böyük gözləntilərimin olduğunu qeyd edərdim. İndi mənim müsbət anlamda heç bir gözləntim yoxdur. Çünki bunlar 20 ilin partiyalarıdır və 20 ildir ki, bu xalqı ələ salırlar. Bu yerdə akademik Azad Mirzəcanzadə deyirdi ki, əgər say bilməsəydim, mən də sizin kimi optimist olardım".
"Bunların məqsədi qrant əldə etməkdir. Pul üstündə çarpışma gedir"
X.Bahadır 8 müxalifət partiyasının bir araya gəlməsindən heç nə gözləmədiyini xüsusilə vurğulayıb: "Bunların məqsədi qrant əldə etməkdir. Pul üstündə çarpışma gedir. Bu, indi açıq-aydın görünür".
"Cəbhəçi" funksioner deyib ki, xalq bu müxalifətin liderlərini buldozer qabağına verib atmalıdır. Onun fikrincə, artıq başqa yol qalmayıb: "20 ildir bunlar eyni oyun oynayır, ayrı-ayrı adlar altında eyni birliklər yaradır və sonra da dağıdırlar. Ortada isə nəticə yoxdur. Bu, nə vaxta qədər belə olmalıdır?"
X.Bahadır AXCP (i) və Müsavat partiyasının strateji baxımdan müttəfiqliyi ilə bağlı suala da cavab verib: "Əslində, mən bu haqda danışmaq istəmirəm, çünki bununla bağlı fikrimi 2010-cu ilin yayında demişəm. Mən 2 il əvvəl demişəm ki, bu partiyalar heç vaxt birləşməyəcəklər".
AXCP (i) yetkilisi İsa Qəmbərovla Rəsul Quliyev arasında münasibətlərin kəskinləşməsinə də münasibət bildirib: "2003-cü il seçkilərində İsa Qəmbər bizim koalisiyanı rədd edərək dedi ki, Rəsul Quliyevlə müttəfiqlik edirəm və onunla hakimiyyət quracağam. Mən bu danışıqların içində sona qədər olmuşam. İsa Qəmbər dönə-dönə dedi ki, prezident olacaq və Rəsul Quliyev də onun baş naziri olacaq. İndi baş verənlər, ola bilsin ki, İsa Qəmbərin yeni siyasi oyunudur. İsa Qəmbər bu günə qədər çoxlu sayda partiyalarla koalisiya yaradıb və sonra da koalisiya ortaqlarına təpik vuraraq atıb. Bu da həmin oyunlardan biridir".
Bu kimi açıqlamalardan bir daha bəlli olur ki, "cəbhənin", yaxud da müxalifətin şinelindən çıxmış "köhnə qvardiyaçılar" artıq öz "liderlərinin" siyasi oyunbazlıqlarından kifayət qədər beziblər. Həmin bezmələrin nəticəsi isə "elektrodlara" parçalanmış müxalifətin, "atomcuqlara" bölünməsi şəraitini yaradacaq. Hər halda, əks-effektin başqa nəticəsi ola da bilməz.
QİSMƏT ZƏNGİBASARLI