Rəsul Quliyev:
Durmasın önündə nə "DUİ", nə "QAT",
Verərdi "Qarabağ" bloku da çat,
Ona həmlə edir böyük "hərəkat",
"Palata" odlara qalansın gərək.
Sərdar Cəlaloğlu:
Sınanda ağrılı sizlər sınasız,
Sülhəddin naxırda qalar danasız,
Rəsul "hərəkat"ı "İP"-dən mənasız,
"ACP" qanına bulansın gərək.
Rəsul Quliyev:
"İP" tükənib, qalıb artıq bazasız,
Mənim "hərəkat"ım gəlir qəzasız,
Əli yol üstündə qalsın vizasız,
İsanın büdcəsi talansın gərək.
Sərdar Cəlaloğlu:
Mən öz blokumdan görərəm xeyri,
Çökər "hərəkat"ın hər iki böyrü,
Baxıb Sülhəddinə "ACP" əyri,
Görüb "Qarabağ"ı odlansın gərək.
Rəsul Quliyev:
"ACP" doyunca yeyib gəyirə,
Keçə yavaş-yavaş ceyran-cüyürə,
Əli ilə İsa böyür-böyürə,
Durub, pişik kimi yaaşsın gərək.
Sərdar Cəlaloğlu:
Hədəfimiz rəvan, aydın, duru yol,
Nəsibi qoy olsun ağır quru yol,
Rəsulun özü də gəlib yarı yol,
Bədnam blokuna culansın gərək.
Rəsul Quliyev:
Qoxusun anaşa, tütün qurumlar,
Girsin "ACP"-yə üstün qurumlar,
İçi "İP" qarışıq bütün qurumlar,
Fırlanıb başıma dolansın gərək.
Sərdar Cəlaloğlu:
Tapılsalar belə uzaq Heratda,
Gəlsin "Qarabağ"a Dürat, Qıratda,
Əzmkar, nüfuzlu elektorat da,
Mənim blokumda sınansın gərək.
Rəsul Quliyev:
Heç vaxt əyilməsin şux qəddin, Əkbər,
Gərək bir az billə öz həddin Əkbər,
Hamısı da deyib Sülhəddin Əkbər,
Mənim "ACP"-mə inansın gərək.
Sərdar Cəlaloğlu:
Meyili bloka həm qəti olsun,
Kütlənin çox iti sürəti olsun,
Dilində "Qarabağ" şöhrəti olsun,
Rəsul, Sülhəddini həm dansın gərək.
Rəsul Quliyev:
Hər üzvü sevərəm əsil göz-qaş tək,
Peşkəş də verərəm müftə, daş-baş tək,
Başlardan tökərəm pulu şabaş tək,
"ACP" deyərək, o, yansın gərək.
Sərdar Cəlaloğlu:
Küçələr, meydanlar bəhrəsiz şumdu,
"Hərəkat"ın önü sərt uçurumdu,
Rəsul "ACP"-si zəif qurumdu,
Mənim blokuma calansın gərək.
Rəsul Quliyev:
Nəşəm viskidəndi, təmiz meydəndi,
Nemət sovetlərdən, pulum göydəndi,
Bilsinlər Rəsulam, yolum göydəndi,
Maddi durumumu həm qansın gərək.
Sərdar Cəlaloğlu:
Başda bircə yumruq, dalda diz azdı,
Partiyalar çoxdu, stul, miz azdı,
Daxili potensial qüvvəmiz azdı,
Gücü dərk olunsun boss Hansın gərək.
Rəsul Quliyev:
Bərəlsin "ACP" üzvünün gözü,
Pul qapazlayanda qızarsın üzü,
Mənim qurumuma girməkçün, düzü,
Olsun mərhəmətin və şansın gərək.
Sərdar Cəlaloğlu:
Həm İsanın altdan, Əlinin altdan,
Hər çıxan gəlməsin dəlinin altdan,
"Qarabağ"a gələn, əlinin altdan
Keçsin qadir bosslar- Sem, Consun gərək.
Rəsul Quliyev:
Kimin dəryalarda batsa gəmisi,
Əliyə, İsaya qənim kimisi,
Heç də incimərəm, mənim kimisi,
Gəlib ciblərimə tez qonsun gərək.
Sərdar Cəlaloğlu:
Zəncirdən üzvlərin onu açılsın,
Talesiz, bəxtsizin sonu açılsın,
Mənim qurumumda donu açılsın,
Rəsulun yanında o, donsun gərək.
Rəsul Quliyev:
Çevrilmək istəsə kimsə qənimə,
Əlbəttə, tuş gələr nifrət, kinimə,
Mənim xatirimə, mənim şənimə,
Əlilə heykəlcik tez yonsun gərək.
Sərdar Cəlaloğlu:
Rəsulu puludu Rəsul eyləyən,
Həm də qurumunu məqbul eyləyən,
Məni "Qarabağ"da qəbul eyləyən,
İsanı, Rəsulu tez dansın gərək.
Rəsul Quliyev:
Maraq göstərənlər minər atıma,
Həyatı bənzəyər xoş həyatıma,
Kim ki, yaxınlaşır "hərəkat"ıma,
Özünü əjdaha, div sansın gərək.
Sərdar Cəlaloğlu:
Yerlərə enməyən çarter atı var,
Küskün taleyi tək pis həyatı var,
Rəsulun natəmiz, çirkli adı var,
Bir təmiz adımı o, ansın gərək.
MİRZƏ QƏRƏNFİL