"İctimai Palata" dağıdılır, əvəzində anti-Müsavat birliyi formalaşdırılır
Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilmiş yeni təşəbbüs fikri "İctimai Palata"da, xüsusilə, Müsavat partiyasında növbəti çaxnaşmaların yaranmasına səbəb olub. Belə ki, hələ ötən həftə şəhər restoranlarının birindəki iftar süfrəsində 8 müxalifət partiyası sədrlərinin görüşü onsuz da normal olmayan mühiti daha da ziddiyyətli məqama doğru isiqamətləndirib. Ancaq bir vacib nüansa toxunmaq da lazımdır. Xatırladaq ki, bu partiyalar ayrı-ayrı bloklarda fəaliyyət göstərirlər və ümumi olaraq, hər birinin arasında kifayət qədər uçurum mövcuddur. "Ümid"lə ADP "Qarabağ" blokunda təmsil olunsalar da, hər iki təşkilat arasında qeyri-səmimilik hökm sürür.
AXCP (i) ilə Müsavat "İctimai Palata"da vahid liderlik savaşı aparır, "KXCP" "Demokratiya Uğrunda Milli Müqavimət Hərəkatı"nda fəaliyyət göstərsə də, orada təmsil olunan başqa partiyalarla ümumi razılığa gələ bilmir. Məhz bu səbəbdən, sual oluna bilər ki, ADP sədri Sərdar Cəlaloğlunun təşəbbüsü "barışdırıcı missiya" kimi necə qiymətləndirilə bilər? İlk öncə, belə qənaətə gəlmək mümkündür ki, ADP sədrinin cəmiyyətdəki imici, mövqeyi onun missiyasının reallaşmasına şərait yaratmır. Bundan başqa, S.Cəlaloğlu köhnə ədavətə görə, Rəsul Quliyevin "ACP"-sini görüşə çağırmayıb. Yəni burada, həqiətən də, səmimi barışıq niyyəti olsaydı, ən azından "ACP"-nin sədri, bir zamanlar Naxçıvanda S.Cəlaloğlu ilə birgə ADP-ni yaratmış Sülhəddin Əkbər də iftar süfrəsinə dəvət olunardı.
Bir görüşün təfərrüatları
S.Cəlaloğlunun başqa bir niyyəti müxalifətin "iqtidarətrafı partiya" kimi təqdim etdiyi etdiyi "Ümid" partiyasını yenidən öz aralarına qatmaq olub. Xatırladaq ki, İqbal Ağazadənin rəhbərlik etdiyi "Ümid" partiyası məhz Müsavat başqanı İsa Qəmbərovun təkidi və iddiası ilə düşərgədən dışlanıb, bu gün də hər iki partiya arasında olduqca soyuq münasibətlər mövcuddur.
Başqa tərəfdən, sözügedən görüş "İctimai Palata" daxilində vahid namizəd mübahisələri gedən bir vaxta təsadüf edir. Lakin görüşün təfərrüatlarından da bəllidir ki, hadisələr sakit məcrada inkişaf etməyib. Əldə etdiyimiz informasiyalara görə, Müsavatda Arif Hacıyevin xətti qalib gəlsə, Müsavat AXCP (i) sədrini vahid namizəd kimi qəbul etməsə "İctimai Palata" dağılacaq. Məhz bu baxımdan, ADP sədri fürsəti yaxşı dəyərləndirib və əsas niyyəti də "İP"-in parçalanmasına nail olmaqdır. Ən maraqlısı isə ADP-nin bu təşəbbüsünə "İP"-dən verilən dəstəkdir. Məsələ ondadır ki, vahid namizəd kimi "İP"-dən dəstək ala bilməyəcəyini anlayan Ə.Kərimov artıq "İctimai Palata"nın dağılmasına razılıq verib. Plana əsasən, əgər "İP" dağılarsa, ADP, "VİP" və AMİP Ə.Kərimovun vahid namizədliyinə dəstək verəcək yeni birliyin yaranmasına əngəl olmayacaqlar. Plan öz təsdiqini taparsa, demək, yeni qurum anti-Müsavat birliyi kimi fəaliyyət göstərəcək.
İsa Qəmbərovun planları başqadır
Və buradan bir daha bəlli olur ki, "İctimai Palata" daxilində vahid namizəd mübahisələri qurumun əsaslarını kifayət qədər laxladıb və "palata" dağılmaq ərəfəsindədir.
Digər informasiyaya görə, "palata" daxilində anti-"cəbhəçi" qüvvələr sözügedən planın icrasını tezləşdirməyə çalışsalar da, Müsavat bu qurumun dağılmasına ciddi əngəllər yaradır. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, başqan İsa Qəmbərov qurumun bazasında yeni birliyin yaranmasına çalışır. Beləliklə, 2013-cü ildə dağıdıcı müxalifətin təxminən 2003-cü ildəki vəziyyəti bir daha təkrarlanacaq. Belə addımın təkrarlanması isə, bütövlükdə, müxalifətin parçalanmasına və siyasi arenadan geri çəkilməsinə yetərincə səbəb verir.
RÖVŞƏN