Müsavat başqanı İ.Qəmbərov Şimali Qafqaza istirahətə gedib. Onun bu istirahəti heç də müalicə məqsədi ilə deyil. Dağıdıcı müxalifət düşərgəsində siyasi pərakəndəlik hökm sürdüyü bir vaxtda İ.Qəmbərovun istirahətə getməsi AXCP (i) sədri Ə.Kərimovun maraqlarına tam cavab verir. Çünki hər kəsə məlumdur ki, AXCP (i) sədri Ə.Kərimov "İctimai Palata"nın buraxılması üçün əlindən gələni edir.
Belə bir məqamda İ.Qəmbərovun bu səfərindən sonra Ə.Kərimovun bu istiqamətdə addımlar atacağı bildirilir. Müsavat başqanı İ.Qəmbərovun müalicə məqsədilə getdiyi bilidirilsə də, sonradan məlum olub ki, onun səhhətində heç bir problem yoxdur. Son vaxtlar da Müsavat partiyası ilə "ACP" arasındakı qarşıdurmalar nəticəsində iki dağıdıcı qüvvə arasında yaranan gərgin münasibətlərdən də AXCP (i) sədri Ə.Kərimov sui-istifadə edəcək. Dağıdıcı müxalifət düşərgəsində, xüsusilə, "İctimai Palata"nın belə qarışıq bir məqamında İ.Qəmbərovun istirahətə getməsi dağıdıcı düşərgədə vəziyyəti bir qədər də çətinləşdirəcək.
İstirahət, yoxsa qurultayı keçirmək üçün dayaq axtarışı?
Deyilənə görə İ.Qəmbərovun istirahət adı altında etdiyi bu səfər, eyni zamanda, qurultay keçirmək üçün özünə dayaq axtarmaq məqsədi daşıyır. Uzun zamandır ki, qurultay keçirə bilməyən Müsavat özü üçün dayaq axtarışına çıxıb. Bir vaxtlar qurultayın Gürcüstanda və ya Türkiyədə keçiriləcəyi ilə bağlı İ.Qəmbərovun verdiyi açıqlamalar öz təsdiqini tapmır. Görünür, bunlar ajiotaj yaratmaq məqsədindən başqa bir şey deyil. İ.Qəmbərov müalicəyə getməmişdən qabaq "İctimai Palata" təmsilçiləri ilə görüşüb. Başqanı arxayın ediblər ki, o, istirahətdən qayıdana qədər hər hansı bir siyasi addım atılmayacaq. Amma əslində, İ.Qəmbərovun istirahət adı altında aradan çıxarılması yeni təxribatlara yol açacaq. Bu təxribatların da başında dayanan AXCP (i) sədri Ə.Kərimovdur. Baxmayaraq ki, onlar eyni cəbhədə təmsil olunurlar. Elə "İctimai Palata"nın da buraxılması ideyası Ə.Kərimov tərəfindən irəli sürülüb. Ə.Kərimovun İ.Qəmbərova qurultay keçirməyə köməklik göstərməməsi də bunu bir daha açıq şəkildə göstərir. İ.Qəmbərov qurultayı keçirmək üçün dayaq tapa bilsə də, qurultay seçkilərə qədər keçirilməyəcək. Çünki qurultay keçirilsə, İ.Qəmbərov başqanlıqdan gedəcək. İ.Qəmbərov qurultayı tez keçirməyin ona görə tərəfdarı deyil ki, ilk növbədə, sosial bazası yoxdur və digər yandan dağıdıcı müxalifətin "vahid namizəd"i olmaq şansını itirir.
Babək Hacıyev