PDF Oxu

Müxalifət

  • 59

Dağıdıcı müxalifət iflasa uğrayıb

Vaqif Abışov: "Birlik yaranmadan onun pozulmasına start verilib"

Dağıdıcı müxalifət iflasa uğrayıb

Müxalifətin birliyinə nail olmaq üçün Sərdar Cəlaloğlunun təşəbbüsü ilə 8 partiya bir araya gəlib. Bir-birini qəbul etməyən partiya sədrlərinin bir blokda birləşməsi nə dərəcədə real görünür? Ayrı-ayrı bloklarda birləşən partiya sədrlərinin yenidən hər hansı yeni bir blok yaratması nə dərəcədə mümkündür? Bu məsələyə aydınlıq gətirmək üçün BAXCP Ali Məclisinin sədri Vaqif Abışova müraciət etdik.

V.Abışovun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin bir blokda birləşməsi sonda iflasa uğrayıb. Bunun da səbəbi sözügedən partiyaların şəxsi ambisiyalarının olması ilə bağlıdır. Düzdür, müxalifət partiya sədrlərinin bir blokda birləşməsi məsələsi ilə bağlı fikirlər yayılmaqdadır. Amma bu birliyin baş tutmayacağı ilə bağlı işartılar görünür. Əgər müxalifət partiya sədrlərinin ambisiyaları varsa və hər hansı bir lider önə keçmək fikrindədirsə, bu halda, onların birliyi alınan deyil. Yəni, bu birlik yaranmadan onun pozulmasına start verilib.

V.Abışov onu da qeyd etdi ki, ayrı-ayrı bloklarda birləşən partiya sədrlərinin yenidən hər hansı yeni bir blok yaratması baş tutmaya bilər. Burada söhbət bloklarda birləşməkdən getmir. Söhbət sözügedən qüvvələrin bir-birini qəbul etməməsindən gedir. Bir sözlə, müxalifət qüvvələri demokratik əsaslarla, yəni Azərbaycanın gələcəyini istəmək və dövlətçiliyini daha da möhkəmləndirmək baxımından yaranmış birlik olarsa, bu, müsbət bir haldır. Yox, əgər ambisiya varsa, deməli, birliyin baş tutmayacağı şübhəsizdir.

V.Abışov sonda bildirdi ki, inandırıcı görünmür ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr "vahid namizəd"ini müəyyənləşdirə bilsinlər. Bu da həmin qüvvələrin şəxsi maraqlarından irəli gəlir. Bir sözlə, 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində müxalifəti təmsil edən qüvvələrin hər hansı bir uğur qazanması real görünmür. Demək olar ki, əvvəlki illərdə də sözügedən qüvvələr ölkədə keçirilən seçkilərdə nə isə bir uğura nail ola bilməyiblər. Bundan sonra da belə olacağına tam əminlik var.

GÜLYANƏ

Digər xəbərlər