PDF Oxu

Müxalifət

  • 58

Rəsulmeyilli müxalifət qurumu yarana bilərmi?

Rəsulmeyilli müxalifət qurumu yarana bilərmi?

Nurəddin Məmmədli:

Qılıncı qınından sıyırmaq üçün,

Mövcud qurumları ayırmaq üçün,

Hər hansı birliyi qayırmaq üçün,

Yığışıb oturmaq ar ola bilməz.

Rəsul Quliyev:

Qara rəng qaradı, ağa dedim ağ,

"Hərəkat"a girən yeyəcək bal-yağ,

Bizimlə bacarmaz "İP"-lə "Qarabağ",

Rəsulun meydanı dar ola bilməz.

Nurəddin Məmmədli:

Digər bloklar da abdal qurumdu,

"Hərəkat" tərpənməz, həm lal qurumdu,

"Palata" yeganə real qurumdu,

Yayın cırhacırı qar ola bilməz.

Rəsul Quliyev:

Hamı tökülüşsün məsul meydana,

Çəkib tökəcəyəm məhsul meydana,

Hünərlə cumdusa Rəsul meydana,

Heç zaman o, zəlil-xar ola bilməz.

Nurəddin Məmmədli:

Zəiflər başında sərt qamçı olub,

O, yeyib-dağıdan klançı olub,

Bu Rəsul həmişə yalançı olub,

Tanrı ona heç vaxt yar ola bilməz.

Rəsul Quliyev:

A kütlə, sən də bax, ali faydana,

Nə dedim olacaq, lənət şeytana,

Nəqd pul qoyacağam küçə-meydana,

Hər meyvə dənəvər nar ola bilməz.

Nurəddin Məmmədli:

Bu adam bədəməl siyasətçi ki,

Özü də çox tənbəl siyasətçi ki,

Rəsul elə əfəl siyasətçi ki,

Dəryadan o tayda çar ola bilməz.

Rəsul Quliyev:

Yayılar şöhrətim elə-oymağa,

Tutaram kütləni yağa-qaymağa,

Gəldim yaralara məlhəm qoymağa,

Səsimdən qulaqlar kar ola bilməz.

Nurəddin Məmmədli:

Cibində on mini yoxdu cəmisi,

Dəryada batmaqda artıq gəmisi,

On il keçsə belə, Rəsul kimisi

"İP"-in meydanında var ola bilməz.

Rəsul Quliyev:

Tutaram ət-yağa, salata kimi,

Verərəm narıncı xalata kimi,

"Hərəkat" önündə "palata" kimi,

Önümdə İsa tək mar ola bilməz.

Nurəddin Məmmədli:

Rəsul əzilənə verməz amanı,

Ondan çox görmüşəm pislik, yamanı,

Nə hər kamançadan Habil kamanı,

Balalaykadan da tar ola bilməz.

Rəsul Quliyev:

Yalnız pullu Rəsul danlaya bilər,

Məni tanıyanlar anlaya bilər,

Nə "palata" dönüb banlaya bilər,

Nə "İP"-dən toyuğa tar ola bilməz.

Nurəddin Məmmədli:

İndi o danışır bir babat kimi,

Burda şahə qalxar təpər at kimi,

Rəsul Nyu-Yorkda kvadrat kimi,

Ondan diyircəkli şar ola bilməz.

Rəsul Quliyev:

Fələk çoxlu pulu edibdi qismət,

Çoxlu pul verərəm eyləsən biət,

Rəsuldu əzəldən qartal təbiət,

Qarşımda İsaüz sar ola bilməz.

Nurəddin Məmmədli:

İndi nüfuzu yox, dildən düşübdü,

Yorğundu, aylardan-ildən düşübdü,

Rəsul çox qocalıb əldən düşübdü,

Onun dəncəyində par ola bilməz.

Rəsul Quliyev:

Kütləyə hörmətim qəlbdə - dərində,

Olaram hamının xeyir-şərində,

Mənim bu dünyanın hər şəhərində,

Pivə içmədiyim bar ola bilməz.

Nurəddin Məmmədli:

Qərb özü yolardı bu cür kalanı,

Ciblərə girməkçin yalız planı,

Yeriməz, tutsa da ayaq yalanı,

Onda külli miqdar var ola bilməz.

Rəsul Quliyev:

Rəsul cibişdanı pullu-minlidi,

Əli, İsa timsal rəqib kinlidi,

"İP"-in yalanları məqsədyönlüdü,

Bu böhtan aləmə car ola bilməz.

Nurəddin Məmmədli:

Bosslar arxasında güclü dirəkdi,

Qərbin də verdiyi duzdu-çörəkdi,

İsa da, Əli də geniş ürəkdi,

"İP"-də hövsələ də dar ola bilməz.

Rəsul Quliyev:

İndi "palata"da işlər qəlizdi,

Rəsulun əzəldən qanı təmizdi,

Qərbdə, Vaşinqtonda xətri əzizdi,

Genində cüzi xılt yar, ola bilməz.

Nurəddin Məmmədli:

Rəsul olacaqdı lap ondan betər,

Burada ayaqlar altında itər,

"Palata" Rəsula vurmayıb xətər,

Gözünün altında far ola bilməz.

Rəsul Quliyev:

Təknəndə "hərəkat" ancaq - yap-yoğur,

"Hərəkat"dan xeyir əməllər doğur,

Rəsul diləməkdə sizlərə uğur,

Nəfəsdə nə ah, nə zar ola bilməz.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər