Partiya müxalifətdə önə çıxmaq üçün manevr edir
Bu günlərdə Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin "AMİP siyasi müxalifətin seçkiyə vahid komanda ilə getməsinin tərəfdarıdır" kimi açıqlama verməsi sədrlik etdiyi partiyasının müxalifət düşərgəsindəki sönük həyatını fəallaşdırmaq məqsədi güddüyünü üzə çıxarıb. Belə ki, həmin məqsəd daxilində daha bir nüans ortaya çıxıb ki, həmin nüansın tərkib hissəsi özündə bir çox "komponentləri" birləşdirir. Bəs nədir həmin "komponentlər"?
İlk olaraq, demək mümkündür ki, yaxın iki ayda müxalifətdəki siyasi partiyaların güc mərkəzi şəklində birləşəcəyini iddia edən AMİP yetkilisi "güc mərkəzi" dedikdə, məhz təmsil etdiyi partiyasını nəzərdə tutub. Məsələnin maraqlı məqamı ondan ibarətdir ki, uzun müddət digərlərindən, xüsusilə, Müsavat və AXCP (i)-dən passiv fəaliyyət göstərən AMİP 2013-cü il seçkilərindən ruhlanaraq, yenidən siyasi arenada nə isə əldə edəcəyini fikirləşib. Qeyd etmək yerinə düşərdi ki, Y.Bağırzadə hələ bu kimi açıqlamasını verməmişdən öncə, AMİP "lideri" Etibar Məmmədovdan bəzi tövsiyələrini alıb. Çünki seçki ərəfəsində daha bir məqam- xarici təşkilatlar qarşısında götürüləcək öhdəliklər də mövcuddur. Söz yox ki, həmin öhdəliklər yerinə yetirilərsə (burada aksiyaların keçirilməsi və s. bu kimi məsələlər yer alıb - R.R.), müəyyən qrant almaq imkanları da genişlənəcək. Məhz E.Məmmədovun Y.Bağırzadəni AMİP-i siyasi proseslərin mərkəzinə cəlb etmək tövsiyələri də bu amil ətrafında formalaşıb. Bundan sonra isə, AMİP bir neçə müxalifət partiyası ilə görüş keçirib və həmin görüşdə partiyanın yuxarıda qeyd edilən məqsədləri bəlli olub.
Həmçinin, Y.Bağırzadənin müxalifətin ayrı-ayrı qütblərində fəaliyyət göstərən birlik və qurumları da ittiham etməsi bu məqsədin davamı kimi başa düşülür. Məsələn, o, daha sonra bildirib ki, AMİP olaraq onların məqsədi Azərbaycanda siyasi müxalifətin ağırlıq mərkəzini yaradılması, müxalifətin daha geniş koalisiyada birləşməsindən ibarətdir: "Bir tərəfdə "İctimai Palata", "Qarabağ" bloku, "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı" var. Biz istərdik ki, siyasi partiyalar ittifaq şəklində deyil, daha geniş çəkidə ağırlıq mərkəzi kimi fəaliyyət göstərsin. Çünki qarşıdan prezident seçkiləri gəlir. Hakim komanda seçkiyə vahid namizədlə getdiyi üçün biz də vahid namizəd, platforma və vahid komanda ilə gedək. Ona görə də AMİP indiyədək heç bir blok yaratmayıb və hansısa ittifaqa qoşulmayıb".
Yəni AMİP sədri "palata"da, "Qarabağ" blokunda, "Müqavimət Hərəkatı"nda təmsil olunan partiya sədrlərinə eyham vurub ki, 2013-cü il seçkilərində vahid namizəd kimi onun "lideri" E.Məmmədov olmalıdır. Ona görə də Müsavat, AXCP (i), ADP, "Ümid", ALP, "ACP", "KXCP" yalnız AMİP-in yaradacağı "ağırlıq mərkəzində" toplaşmalı və vahid namizəd olaraq E.Məmmədova dəstək verməlidirlər.
Lakin Y.Bağırzadənin iddialarına gəlincə, belə bir qənaətə gəlmək mümkündür ki, bu gün həm vahid namizəd ideyası, həm də ana müxalifətçilik uğrunda aparılan amansız mübarizə onun və "liderinin" arzularının reallaşmasına imkan verməyəcək. Çünki ən azından, post-seçki dövrüdür və hər dəfə bu dövrlərdə müxalifət nəinki birləşmir, eləcə də, dərin parçalanma uçurumuna doğru yuvarlanır. 2013-cü ilin prezident seçkiləri isə "ənənəvi müxalifətin" həmin uçurumun çıxılmaz qara dəliyində can verəcəyini indidən təsdiq edir.
R.RƏSULOV