PDF Oxu

Müxalifət

  • 34

Əli Kərimovun müdafiəçiləri nə üçün təlaşlanırlar?

Və ya ortada AXCP (i) sədrinin cinayət əməli yoxdursa, niyə məsələni siyasiləşdirməyə cəhd göstərirlər?

Əli Kərimovun müdafiəçiləri nə üçün təlaşlanırlar?

Məlum olduğu kimi, Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı Hafiz Hacıyevin iddiası üzrə cinayət işi başlanıb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Elçibəyin qəsdən zəhərlənməsi barədə Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb. Araşdırma zamanı Hafiz Hacıyev və başqaları Elçibəyin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.

Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək...

Qeyd edək ki, bu cür gündəmin ortaya çıxmasında Azərbaycanın ictimai həyatında böyük əks-səda doğurdu. Yəni, həm əvvəllər də Əbülfəz Elçibəyin ölümü ilə bağlı qaranlıq məqamların qalmasının etiraf edilməsi, həm də müxtəlif jurnalistlərin araşdırmalarında maraqlı faktların ortaya çıxması hər kəsi təəccübləndirməyə bilməzdi. Bu dəfə isə yenidən məsələnin gündəmə gətirilməsi və ortaya yeni faktların çıxması, həmçinin, Əbülfəz Elçibəyin ölümündən bir gün əvvəl "məni zəhərlədilər" deməsi də diqqəti daha çox cəlb edir. Lakin başa düşülməyən məqam ondan ibarətdir ki, nə üçün Əli Kərimovun və onun ətrafının məsələni siyasiləşdirməsidir...

Əli Kərimovun cinayətdə əli ola bilərdi. Bunu təhlillər deyir...

AXCP (i) sədri Əli Kərimov bütün müsahibələrində iddia etməyə çalışır ki, o, Əbülfəz Elçibəyin siyasi varisidir və partiyaya rəhbərliyi də ondan təhvil alıb. Amma əslində, Əbülfəz Elçibəyin AXCP (i) rəhbərliyindən getməsi günlərinə bir daha nəzər saldıqda, aydın olur ki, o dövrkü vəziyyət heç də hər kəsin düşündüyü kimi deyildi.

Aydındır ki, Əli Kərimov Əbülfəz Elçibəyə qədər bütün zamanlarda onun kölgəsində yer alıb və şəxsi iradəsini reallaşdıra bilməyib. Hətta bəzi məclislərdə Əbülfəz Elçibəyin zəif olduğunu və onun daha güclü birisi, yəni özü ilə əvəzlənməsini də tez-tez dilinə gətirirdi. Elə bu səbəbdən idi ki, Əbülfəz Elçibəyin səhhətində müəyyən problemlər ortaya çıxdığı zaman AXCP (i) daxilində parçalanmalar başlanmışdı. Əli Kərimov çalışırdı ki, partiya daxilində parçalanmaları dərinləşdirsin və özü sonda rəhbərliyə keçsin. Lakin Əbülfəz Elçibəyə sadiq olan insanlar Əli Kərimova yox deməsi, onu digər vasitələrə əl atmağa vadar etmişdi. Məhz birinci məqam ondan ibarətdir ki, Əli Kərimov partiyanı ələ keçirmək üçün Əbülfəz Elçibəyə qarşı cinayət işləyə bilərdi...

İkinci məqam isə Əli Kərimovun anti-Azərbaycan dairələrilə işbirliyinə girməyə çalışması ilə bağlıdır. Yəni, hər bir azərbaycanlı Əbülfəz Elçibəyi vətənpərvər biri kimi tanısa da, onun ətrafında olan Əli Kərimov kimilər antimilli planlarda həvəslə yer alırdılar. Lakin Əbülfəz Elçibəyin fiziki varlığı və partiyaya rəhbərlik etməsi Əli Kərimova və onun kimilərə Azərbaycan dövlətinin və xalqının əleyhinə iş görməyə imkar vermirdi. Bu səbəbdən də, Əli Kərimov çirkin planların işə düşməsi üçün yolunda olan yeganə maneə Əbülfəz Elçibəyi aradan götürməyə səy göstərə bilərdi.

Əbülfəz Elçibəydən sonrakı proseslər nəyi sübut edir?

Əli Kərimovun hələ də ictimaiyyət üçün gizli qalan vasitələrlə partiya rəhbərliyinə gəlməsindən sonra baş verən hadisələrin də təhlili onu göstərir ki, AXCP (i) sədrinin Əbülfəz Elçibəyə qarşı cinayətin törədilməsində əli ola bilərdi. 2000-ci ildən sonra Əli Kərimovun AXCP (i)-yə rəhbərliyə gəlməsindən sonra Azərbaycana qarşı xarici antimilli qüvvələrin fəaliyyətinin güclənməsi müşahidə olundu. 2003, 2005, 2008-ci illərdə ölkəmizə və xalqımıza qarşı çirkin planların işə salınmasını müşahidə etdik. Hətta Əli Kərimovun dövründə ermənilərlə xəyanətkar işbirliyinin qurulmasının da şahidi olduq. "Eurovision-2012" yarışması ərəfəsində isə Əli Kərimovun, xüsusilə, aktiv işləməsi və "beşinci kolon"un Azərbaycandakı rəhbəri kimi funksiyasını həyata keçirməsi, bir daha sübut etdi ki, Əli Kərimov antimilli planlara elə həmin zamanlardan qoşulub.

Bir sözlə, təhlillər onu göstərir ki, Əli Kərimovun həm AXCP (i)-ni ələ keçirmək, həm də anti-Azərbaycan dairələrindən çirkin planların reallaşdırılması üçün maliyyə vəsaitləri almaq üçün Əbülfəz Elçibəyi aradan qaldırmaq işində əli ola bilərdi.

Bu gün isə bu məsələnin yenidən açılması isə tarixi zərurətdən irəli gəlir. Yəni, Azərbaycan xalqının sayıb-seçdiyi şəxslərdən olan Əbülfəz Elçibəyin ölümü ilə bağlı bu günə qədər deyilmiş fikirlər, artıq ünvanın tapmalı və cinayətdə əli olanlar cəzalandırılmalıdır.

Məsələnin siyasiləşdirilməsi Əli Kərimovun yeganə şübhəli olmadığını göstərir

Əlbəttə ki, istənilən vətəndaşın müraciəti əsasında ölkənin hüquq-mühafizə orqanları axtarışa başlamalıdır. Çünki edilən müraciətin əsasında faktların da durması cinayət işinin başlanmasına rəvac verir. Daha bu müraciət əsasında başlanmış işin siyasiləşdirilməsinə yol açmamalıdır.

Lakin Əli Kərimov və onun müdafiəçiləri hansısa səbəbdən Hafiz Hacıyevin iddiası üzrə başlanmış cinayət işini siyasiləşdirməyə cəhd göstərir. Əli Kərimov başda olmaqla, bir çoxları, hətta Eldar Namazovun reneqat ziyalı dəstəsinin üzvləri çalışırlar ki, ictimai fikri yayındırsınlar və başlanmış cinayət işinə siyasi don geyindirsinlər. Müxalifət düşərgəsinin bu cür yanaşma ortaya qoyması isə ortaya yeni mülahizələri çıxarır:

- Birincisi, həqiqətən, Əli Kərimovun Əbülfəz Elçibəyin zəhərlənməsində rolu olub və bu səbəbdən, o, çalışır ki, məsələni siyasiləşdirsin;

- İkincisi, Əli Kərimov məsələni siyasiləşdirməklə, özünü sığortalamağa çalışır;

- Üçüncüsü, müxalifət düşərgəsinin nümayəndələrinin də təlaşlı açıqlamalar verməsi və Əli Kərimovun müdafiə etməsi həmin şəxslərin də cinayətdə əlinin olduğunu sübutlayır və s.

Təbii ki, yazdıqlarımız, sadəcə olaraq, mülahizələrimizdir. Amma daha doğru nəticə cinayət işinin araşdırılmasının sonunda bəlli olacaq. Düşünürük ki, bu cinayət işini törədənlər müəyyənləşəcək və cinayətkarlar cəzalarını alacaqlar.

"Səs" Analitik Qrupu

Digər xəbərlər