PDF Oxu

Müxalifət

  • 52

Əli Kərimovun bəyanatı başına bəla açdı

"Cəbhə" sədri "Ümid" və ADP "liderlərinin" kəskin hədəfinə tuş gəlib

Əli Kərimovun bəyanatı başına bəla açdı

Bu ərəfələrdə AXCP sədri Əli Kərimovun təmsil olunduğu düşərgəni çalxalayacaq açıqlama verməsi onsuz da gərgin olan münasibətləri daha da qızışdırıb. Məsələ ondadır ki, dağıdıcı düşərgə daxilində partiyalar arasında uzun müddətdir ki, aparılan "vahid namizəd" müzakirələrinin dalana dirənməsi, yəni müxalifətin namizədinin kim olacağının müəyyənləşdirilməməsi artıq parçalanmağa doğru gedən proseslərə təkan verib. Bu səbəbdən də, "cəbhə" sədrinin məhz özünün "vahid namizəd" ehtimalının guya daha "reallığa" söykənməsi haqqındakı cəfəngiyyatı digər partiya sədrlərini hövsələdən çıxarıb: "Mənim belə bir ehtimalım var ki, bu böyük birliyin namizədi mən ola bilərəm".

İqbal Ağazadə: "Ehtimal edirəm ki, müxalifətin vahid namizədi mən olacam"

Belə ki, "Ümid" partiyasının sədri İqbal Ağazadə Ə.Kərimovun iddiasına münasibət bildirərkən deyib ki, "cəbhə" sədrinin bu və ya digər formada düşərgədaxili situasiyanı öz əlində cəmləmək arzusu heç bir gerçəkliyə sığımır və "vahid namizəd"in kimliyi ikinci dərəcəli məsələdir. "Ümid" sədri AXCP sədrinə adekvat cavab olaraq, məhz özünün müxalifətin "vahid namizəd"i olacağını ehtimal edib: "Əli Kərimli ehtimal edir ki, "vahid namizəd" o olacaq, mən də ehtimal edirəm ki, müxalifətin vahid namizədi mən olacam... Müxalifət olaraq seçkiyə niyə birlikdə getməyimizin səbəbi müəyyənləşdirilərsə, vahid namizədin kimliyi ikinci plana keçər".

Sərdar Cəlaloğlu: "Necə olub ki, bu, onun ağlına gəlib?"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da İ.Ağazadə kimi Ə.Kərimovun "vahid namizəd" məsələsində qeyri-ciddi danışdığını bildirib. ADP sədri onu da qeyd edib ki, əslində, "cəbhə" sədrinin "vahid namizəd" olacağını, ümumiyyətlə, ehtimal etmir. S.Cəlaloğlu AXCP sədrinin məlum ehtimalının nəinki dəstəkləməyəcəyini, eləcə də, başqa müxalifət partiyaları tərəfindən də rədd ediləcəyini proqnozlaşdırıb. Belə ki, onun fikrincə, Ə.Kərimov uğursuz zarafat edib və bu zarafat ona baha başa gələcək. ADP sədri Ə.Kərimovun qeyri-ciddi adam olduğuna eyham vuraraq, AXCP (i) sədrinin "qeyri-ciddi" addım atmasına inanmadığını bildirib: "Əli bəyin "vahid namizəd" olma məsələsi haqqında nə bizim partiya, nə Müsavat, nə "KXCP", nə də ki, digər partiyalar düşünmür. Necə olub ki, bu onun ağlına gəlib. Düşünürəm ki, Əli Kərimli zarafat edib. Çünki o belə qeyri-ciddi addım atmaz".

S.Cəlaloğlu Ə.Kərimovun ehtimal iddiasına ironik cavab verdikdən sonra, İ.Ağazadənin də bostanına daş atmağı unutmayıb. O, "Ümid" sədrinə işarə edib ki, əgər namizədliyini irəli sürərsə, müxalifətdəki növbəti uğuruna imza atmış olacaq. Çünki düşərgədə həm Ə.Kərimov kimi, həm də İ.Ağazadə kimi partiya sədrləri kifayət qədərdir və onlar heç bir vaxt şəxsi mənafelərini digər partiya sədrinin xeyirinə tapdalamaq düşüncəsində deyillər: "Mən bilirəm ki, vahid namizəd məsələsində razılığa gəlinməsə, İqbal bəy öz namizədliyini irəli sürəcək. Həm də İsa Qəmbər, Mirmahmud Mirəlioğlu onun namizədliyini heç vaxt dəstəkləməz".

Bütün bunlar isə seçki ərəfəsində hələ də özünə gələ bilməyən müxalifətin, xüsusilə, düşərgənin hər iki qütbünün bir-birinə qarşı savaş taktikası qurduğundan xəbər verir. Belə taktikaların hansı nəticə ilə başa çatmasını isə siyasətlə maraqlanan ictimaiyyət yaxşı bilir. Görünür, nəyin nə vaxt baş verməsini real baxışla izləməkdən ötrü 2013-cü ili gözləmək lazımdır. Ancaq müxalifət həmin seçkilərə qədər ayaq üstündə qala biləcəkmi?

R.RƏSULOV

Digər xəbərlər