Qurumdaxili çəkişmələr fonunda üzə çıxmış təfərrüatlar
Hələ 2010-cu ilin parlament seçkilərindən sonra, yəni xalqın etimadını qazana bilməyən müxalif siyasilərin millət vəkili olmaq arzuları puç olan zaman düşərgə daxilində formalaşdırılmış "İctimai Palata" artıq 2013-cü il prezident seçkilərinə başqa statusda qatılmağa qərar verib. Və qərar verməyinə verib, amma həmin qərarın nə qədər həqiqətə yaxın olması bu gün də böyük suallar yaratmaqdadır. Çünki sözügedən qərardan öncə də bu qurumda müxtəlif qərarlar verilməsinə baxmayaraq, onların hər biri sadəcə kağız üzərində qaldı və "palata"nın əsas hədəfinin bəlirsizliyi ictimaiyyətin gözündən yayınmadı.
Daha dəqiqi, 2010-cu il parlament seçkilərindən narazı qalanlar "haqıszlığa uğradıqlarını" sübut edə bilmədilər və buna görə də, bu gün qurumun statusunun dəyişdirilməsi ətrafında baş sındırmağa başlayıblar. Nəticədə, orada növbəti fikir haçalıqları yaşanmağa başlanıldı. Hətta sonradan yaradılmış koordinasiya şurası və orada təmsil ounanlar da "İctimai Palata"nın əsas məqsədinin nədən ibarət olmasını tam dəqiqliyi ilə bilmirlər. Yəni prezident seçkiləri yolu ilə hakimiyyətə gəlmək iddiası varsa, həmin iddia qurumun statusuna cavab vermir. Başqa tərəfdən, yarandığı gündən etibarən Müsavat başqanı İsa Qəmbərovun, eləcə də, AXCP sədri Əli Kərimovun inhisarına keçən "palata" nəticə etibarilə iki partiyanın bir-birlərinə qarşı mübarizə meydanına çevrildi. Bu ətrafda narazılığın bir səbəbi də, seçkilərlə bağlı statusu bəlli olmayan bu qurumun adından artıq kimlərinsə namizəd ola biləcəyinə dair bəyanatlardır. Baxmayaraq ki, "İctimai Palata" 2010-cu il parlament seçkilərinin nəticələrinə etiraz edən namizədlərin birləşdiyi ictimai qurumdur və əsas məqsədi də parlament seçkilərinin nəticələrinin ləğvidir. Digər tərəfdən, "İctimai Palata"nın qarşısına 2010-cu ildə 2013-cü il prezident seçkilərində vahid komanda ilə iştirak, ümumiyyətlə, seçkilərdə iştirak məsələsi qoyulmamışdı. Bunun üçün "palata" yeni qərar verməlidir. Amma belə bir qərarın verilməsi hələ də baş tutmur və bunun da səbəbi daxildəki qeyri-normal rəqabət və onun yaratdığı anlaşılmaz vəziyyətdir.
Növbəti iddia yeni mübahisələri gündəmə çıxarıb
"Palata"da yaşanan növbəti fikir haçalıqları isə vahid namizəd ideyası ətrafında yaranmış anlaşıqsızlıqdır. Belə ki, AXCP sədri Əli Kərimovun "Amerikanın səsi" radiostansiyasına verdiyi məlum müsahibə qeyd edilənləri kifayət qədər əsaslandırır. Xatırladaq ki, sözügedən müsahibədə mərhum Əbülfəz Elçibəyin həyatına qəsd edilməsi ilə bağlı açılan cinayət işini "şou" adlandıran "cəbhə" sədri 2013-cü ilin prezident seçkilərində müxalifətin əsas namizədi qismində iştirak edə biləcəyini, ona qarşı hücumların kökündə də bunun durduğunu qeyd edib. Ancaq onun bəyanatı "müttəfiqlərini" razı salmayıb. Xüsusilə, Müsavat başqanı İsa Qəmbərov Ə.Kərimovun bəyanatını müavinləri vasitəsilə yersiz adlandırıb. Eyni zamanda, sözügedən bəyanatdan bir müddət əvvəl Ə. Kərimov "Azadlıq" qəzetinə verdiyi müsahibədə namizəd məsələsinin müzakirəsini "müxalifətə zərər verən məsələ" kimi qiymətləndirib.
Siyasiləşmiş QHT-lər də "İP"-dən qırılırlar
Digər məsələ isə "İctimai Palata"da təmsil olunan siyasiləşmiş QHT-lərlə bağlıdır. Belə ki, əldə etdiyimiz məlumatlara görə, "palata"da təmsil olunan siyasiləşmiş QHT rəhbərlərindən biri qurumun qarşıdan gələn prezident seçkilərinə dair konsepsiyasını hazırlayırmış. Lakin nə Müsavat başqanı İ.Qəmbərov, nə də ki, AXCP sədri Ə.Kərimov bundan ehtiyat edərək, siyasiləşmiş QHT nümayəndəsinə sözügedən konsepsiyanı hazırlamağa imkanı verməyərək, bunun yersiz olduğunu sübut etməyə cəhd göstəriblər. Nəticədə, oradakı başqa siyasiləşmiş QHT təmsilçiləri də aram-aram "İP"-dən qırılmağa start veriblər. Hazırda qurum daxilində iki, maksimum üç siyasiləşmiş QHT fəaliyyət göstərir ki, onların da fəaliyyət prinsipləri inhisarçı partiya sədrləri tərəfindən blokadaya alınıb.
Baş verənlərdən isə belə qənaətə gəlmək mümkündür ki, hələ 2010-cu ildə parlament seçkilərində məğlubiyyətə məruz qalmış müxalif siyasilərin ətrafında yaradılmış "İctimai Palata"nın bu gün tamamilə başqa statusda formalaşmaq arzusu da gerçəkləşməyəcək. Çünki bu qurum yarandığı gündən iflasına imza atıb. Bu baxımdan, "İctimai Palata"nın müxalifətə, eləcə də, cəmiyytə və ictimaiyyətə nəsə verdiyini düşünmək sadəcə sadəlövhlük kimi dəyərləndirilə bilər.
R.NURƏDDİNOĞLU