İqbal Ağazadə:
Ətalətdən Sərdar laxta qan qusur,
"Hərəkat"da belə çoxalıb qüsur,
"Palata" susmaqda, "Qarabağ" susur,
Sükutdan lal olan qulaqlar artıb.
Əhməd Oruc:
Şişib, əndazədən çıxıb kirişlər,
Bağlı "palata"da çıxış-girişlər,
Digər bloklarda əksilib işlər,
Bizim yan-yörədə qalaqlar artıb.
İqbal Ağazadə:
Açılıb-tökülüb "palata" dərzi,
Yoxdu "hərəkat"da sənətkar dərzi,
Xeyli dayazlaşıb təfəkkür tərzi,
Sıralarda yabı, ulaqlar artıb.
Əhməd Oruc:
Meydan bazarında artmaqda nırxlar,
Bütün bloklarda boşalıb çarxlar,
Çoxalıbdı çayı bulanıq arxlar,
Gözləri tutulan bulaqlar artıb.
İqbal Ağazadə:
Rəsulu gətirən sallar azalıb,
Meydanda qurulan vallar azalıb,
Xaricdən gur gələn yallar azalıb,
Hər addımbaşısa yalaqlar artıb.
Əhməd Oruc:
Lüzumsuz qurumlar gəlir ərsəyə,
Qərb lider adını verir hər səyə,
Cavanlar can atır yüksək kürsəyə,
Liderə verilən talaqlar artıb.
İqbal Ağazadə:
Əvəzin yanında qalıbdı madam,
Günbəgün artmaqda mənim şər-xatam,
Bizim "Qarabağ"da yoxdu bir adam,
"İP"-də, "hərəkat"da alaqlar artıb.
Əhməd Oruc:
İndi təmizlənib bizlərdən bulvar,
Hər lider xaricdə almaqda talvar,
Ərliyi çatmayan bəy geyir şalvar,
Forsdanmı, nədənsə balaqlar artıb.
İqbal Ağazadə:
Bir çox blokların sönüb çırağı,
İsaya azalıb Qərbin marağı,
"İP"-də yellənməkdə təslim bayrağı,
Aşağı sallanmış flaqlar artıb.
Əhməd Oruc:
Qərb oturdub məni lider postuna,
Çevirir özünün sadiq dostuna,
Ağıllı bir natiq çıxmaz rastına,
Falçı cadugərlər və maqlar artıb.
İqbal Ağazadə:
Xataya tuş gəlir xata iş görən,
Casus kimi gedər bada iş görən,
Uduzar pul alıb yada iş görən,
Bizi döyəcləyən şallaqlar artıb.
Əhməd Oruc:
Pis lider görəndə gəyir üzünə,
Daim tərəzini əyir özünə,
Çoxu siyasətçi deyir özünə,
"İP"-də, "hərəkat"da sallaqlar artıb.
İqbal Ağazadə:
İndi bloklarda alaq qalıbdı,
Liderlər əlində balaq qalıbdı,
Bir çoxu daxildə ulaq qalıbdı,
Zahirdə zebr tək zolaqlar artıb.
Əhməd Oruc:
Nitqi məntiqsizlər çaşıb qatıqlar,
Lider kürsüsündə ordu batıqlar,
Birlik, bloklarda ayran-qatıqlar...
Kərə azalıbdı, pis yağlar artıb.
İqbal Ağazadə:
Qərbdən gələn qrant ciblərə girmir,
İftira düzlüyün yerini vermir,
Dil deyən yalanı ürək sinirmir,
Qarınlarda şişkin dalaqlar artıq.
Əhməd Oruc:
Qalıb boş "palata" ürəyə həsrət,
Bir blok da bəndə-bərəyə həsrət,
Bəzi yetkililər çörəyə həsrət,
Bir-iki liderçün xoş çağlar artıb.
İqbal Ağazadə:
Heç yaxşı qavramır başlar dərini,
Qoca gəncə vermir kürsü yerini,
Liderlər didməkdə biri-birini,
Bərəlmiş gözlərdə həm ağlar artıb.
Əhməd Oruc:
İqbal "Ümid"ində yaman səyləyir,
Tənəzzül sürəti xeyli əyləyir,
"Solçuluq" get-gedə fəğan eyləyir,
Yalandan deyirlər ki, "sağlar" artıb.
İqbal Ağazadə:
Yalan danışmaqda mahirdi Əhməd,
İndi hər liderə düşür min töhmət,
Mərdliklə ölən hər ölüyə rəhmət,
Qərbə boyun əyən həm sağlar artıb.
Əhməd Oruc:
"Palata" meydanda qoyur baletlər,
Azalıb xaricə indi gəl-getlər,
Son vaxtlar alınmır mitinq, piketlər,
Lider qəlblərində həm dağlar artıb.
İqbal Ağazadə:
Çox zülmətli gecə səhər gətirmir,
Hər Qərbə yalmanan kəhər gətirmir,
İndi heç bir blok bəhər gətirmir,
Məhsulu azalan sıx tağlar artıb.
Əhməd Oruc:
Qərbi qane etmir lüzumsuz fəndlər,
"İP"-ə bağlanıbdı bərələr-bəndlər,
Liderlər önünə atılır sentlər,
Hər qərargahda boş çanaqlar artıb.
MİRZƏ QƏRƏNFİL