PDF Oxu

Müxalifət

  • 102

Xədicə İsmayılovanın erməni sevgisi haradan qaynaqlanır?

Və ya Ramil Səfərovun azadlığa qovuşmasına sevinməyən Xədicə İsmayılova Azərbaycan xalqının iradəsinin əksinə olduğunu nümayiş etdirir

Xədicə İsmayılovanın erməni sevgisi haradan qaynaqlanır?

Xəbər verdiyimiz kimi, ötən həftə Macarıstanda həbsdə olmuş Azərbaycan ordusunun zabiti Ramil Səfərov azadlığına qovuşub. Bu hadisə, əlbəttə ki, Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin şəxsi iradəsi, beynəlxalq nüfuzu və ali qanunvericilik əsasında baş verib. R.Səfərov 2004-cü ilin fevral ayında Azərbaycanın rəmzlərini təhqir etdiyinə görə, erməni zabitinə layiqli cavab verdiyi üçün Macarıstanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. 2006-cı il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.

R.Səfərov törətdiyi əməli məhkəmədə onunla izah edib ki, erməni zabiti Azərbaycan xalqını və Azərbaycan dövlətini dəfələrlə təhqir edib, erməni zabiti tərəfindən Azərbaycan bayrağının təhqir edilməsi isə Ramilin səbir kasasını daşdıran sonuncu damla olub. Ramil Səfərovun vəkilləri bu hökmün həddən artıq sərt olmasını və onun müdafiə olunmaq hüququnun pozulmasını hələ o vaxt qeyd etmişdilər. Aydındır ki, belə bir hökm çıxarılmasına erməni lobbisinin səyləri sayəsində bu məsələnin ifrat dərəcədə siyasiləşdirilməsi şəraiti yaratmışdı.

Bu mənada, 2006-cı il aprelin 13-də Ramil Budapeştdə ömürlük həbs cəzasına məhkum ediləndə, çoxları düşünürdü ki, artıq onu Azərbaycana qaytarmaq mümkün olmayacaq. Ekspertlər, analitiklər zabitin Azərbaycana verilməsinin mümkünlüyünə bədbinliklə yanaşırdılar. Lakin xalqımız, Ramilin ailəsi onun gec-tez ölkəmizə qayıdacağına ümidini itirmirdi. Onlar bilirdilər ki, hər bir azərbaycanlının harada olmasından asılı olmayaraq, dövlətimizin başçısı İlham Əliyev bu insanların taleyinə biganə deyildir. Ramilin Vətənə qaytarılması bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti öz vətəndaşlarını darda qoymur. Bu insanlar harada olsalar, dövlət onları müdafiə etmək, onların salamatlığı və təhlükəsizliyi qeydinə qalmaq iqtidarındadır.

Əlbəttə ki, xüsusi olaraq, vurğulanmalıdır ki, Ramil Səfərovun həbsdən azad edilməsi beynəlxalq qanunvericiliyə və Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanıb. Yəni, məhkum olunmuş şəxslərin cəzasını çəkmək üçün verilməsi proseduru 1983-cü ildə Avropa Şurası çərçivəsində qəbul edilmiş Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası ilə tənzimlənir. Macarıstan və Azərbaycan Respublikası həmin konvensiyanı ratifikasiya ediblər.

Göstərilən Konvensiyaya görə, razılığa gələn tərəflərdən birinin ərazisində məhkum olunmuş şəxs onun barəsində çıxarılmış hökm üzrə cəza çəkmək üçün razılığa gələn digər tərəfə verilə bilər. Bu halda Konvensiya məhkum olunmuş şəxsin hətta onun barəsində qəti hökmün qüvvəyə minməsindən dərhal sonra da verilməsinə mane olmur.

Ramil Səfərovun verilməsi məsələsi həll edilərkən həm Macarıstan, həm də Azərbaycan Respublikası Konvensiyanın müddəalarına tam riayət ediblər.

Azərbaycan tərəfi hökmün icrasının davam etdirilməsi proseduruna aid bütün zəruri hüquqi informasiyanı təqdim edib. Macarıstan tərəfi alınmış informasiya əsasında Ramil Səfərovun verilməsinə razılıq verib.

Ramil Səfərovun əfv edilməsi məsələsi ilə əlaqədar dəqiqləşdirmək zəruridir ki, Macarıstan məhkəməsi tərəfindən çıxarılmış hökm yalnız həmin hökmün çıxarıldığı andan etibarən 30 il müddətində məhkumun vaxtından əvvəl şərti azad edilməsinin mümkünlüyünü məhdudlaşdırırdı. Bu məhdudiyyət məhkumun əfv edilməsinin və ya amnistiyaya düşməsinin mümkünlüyünə şamil edilmir. Ramil Səfərov Məhkum olunmuş şəxslərin verilməsi haqqında Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq əfv edilib. Konvensiyada nəzərdə tutulub ki, hər bir tərəf qüvvədə olan Konstitusiyaya və ya digər hüquqi aktlara müvafiq olaraq əfv, amnistiya elan edə və ya cəza tədbirini azalda bilər.

Azərbaycan Konstitusiyasına müvafiq olaraq əfvetmə ölkə Prezidentinin müstəsna səlahiyyətidir. Azərbaycanın cinayət qanunvericiliyində nəzərdə tutulub ki, ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin cəzası əfv qaydasında 25 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər.

Ramil Səfərov 2004-cü il fevralın 19-dan həbsdə olub, yəni o, öz cəzasının səkkiz il yarımdan artıq müddətini çəkib. Əfv aktına ömürlük cəzanın məhkumun artıq çəkmiş olduğu cəza müddəti ilə əvəz edilməsi kimi baxmaq lazımdır. Bunu nəzərə alaraq Ramil Səfərov azad edilib.

Beləliklə, həm Ramil Səfərovun cəzasını Azərbaycanda çəkmək üçün Macarıstan tərəfindən verilməsi proseduru, həm də sonradan onun əfv edilməsi Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyasına və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə tam müvafiq olub.

Ramil Səfərovun isə Vətən torpağında dediyi ilk sözlər belə olub: "Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. Buna görə Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm. İlk növbədə, humanist bir addım olaraq əfv Sərəncamı imzalayaraq həbsimi başa çatdıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Həmçinin, ölkəmizin ictimai-siyasi xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Ramil Səfərovun azadlığa qovuşdurulmasını yüksək qiymətləndiriblər. Hətta Ramil Səfərovun azadlığına qovuşdurulması təkcə Azərbaycanda deyil, həmçinin, dünyanın bir çox ölkələrində sevinclə qarşılanıb.

Amma təəssüf doğuran məqamlar ondan ibarətdir ki, beynəlxalq miqyasda ikili standartlı siyasət yürüdən bəzi qüvvələr, eləcə də, Azərbaycanın daxilindəki bir sıra antimilli ünsürlər Ramil Səfərovun azadlığa çıxmasını xoş qəbul etməyiblər.Maraqlıdır ki, terrorçuları ilə fəxr edən Ermənistan Azərbaycan qəhrəmanının azadlığa çıxmasına etiraz olaraq, Macarıstanla diplomatik münasibətləri kəsib, orduya xüsusi hazırlıq göstərişi verilib. Eyni zamanda, ABŞ Dövlət Departamenti də anlaşılmaz şəkildə etiraz sərgiləyib. Təbii ki, erməni lobbisinin təsirində olan bəzi anti-Azərbaycan qüvvələrinin etirazları yalnız qısqanclıqdan irəli gələn məsələ olduğundan, böyük dəstək ala bilmir. Ona görə də, beynəlxalq qanunvericilik əsasında azadlığına qovuşan Ramil Səfərovla bağlı xarici qüvvələrin qərəzli etirazları nəticəsiz qalacaq. Çünki Ramil Səfərov erməni zabitinin təxribatının qurbanı olub. Bir Azərbaycan zabitinin də əsas vəzifəsi dövlətini, torpaqlarını düşməndən müdafiə etmək, qorumaqdır. Lakin Azərbaycandakı anti-milli qüvvələrin səyləri başadüşülən deyil. Söhbət Xədicə İsmayılovanın mövqeyindən gedir. Xədicə İsmayılova sırf erməni mövqeyindən çıxış edərək, Ramil Səfərovu qatil adlandırıb. İstənilən səviyyədə düşünərkən belə Xədicə İsmayılovanın bu cür ifadəsini anlamaq mümkün deyil. Buna yalnız bir ad vermək olar: düşmənçilik, erməniçilik.

Ramil Səfərovun azadlığına qovuşmasına sevinməyən Xədicə İsmayılova Azərbaycan xalqının iradəsinin əksinə olduğunu bir daha nümayiş etdirib. Bu mövqe ilə Xədicə İsmayılova və onun kimilər yenidən ermənilərə olan sevgisini, dəstəyini ifadə edib.

"Səs" Analitik Qrupu

Digər xəbərlər