KXCP sədri Müsavat başqanına kiçik xatırlatma edərək, öz iddiasını irəli sürüb
Müxalifət düşərgəsində yaşanan son hadisələr düşərgədaxili iddiaların səngimədiyini, əksinə, artığını yetərincə sübut edir. Belə ki, hər hansı partiya sədrinin irəli sürdüyü vahid namizəd mövzusu başqa partiya sədri tərəfindən həzm edilmir. Məhz həmin həzmedilməmələr fonunda ziddiyyət təşkil edən açıqlamalar onsuz da gərgin olan münasibətlərə daha ciddi xələl yetirir. Buna misal kimi, AXCP-Müsavat qarşıdurmasını göstərmək mümkündür. Gah vahid namizəd, gah da əsas namizəd mövzusu ətrafında yaranmış gərginlik artıq ümummüxalifət problemi kimi gündəmdə qalmaqdadır. Söz yox ki, belə məqamda ötən seçkilərdə baş vermiş hadisələr daha çox xatırlanır, baş vermiş məğlubiyyətlərdən dolayı günahlandırmalar açıq müstəviyə keçir. Belə ki, bu dəfə daha bir partiya sədri - KXCP rəhbəri Mirmahmud Mirəlioğlu öz namizədlik iddiasını ortaya qoyaraq, digər partiya sədrlərini onu dəstəkləməyə çağırıb. Qeyd edək ki, M.Mirəlioğlu daha çox Müsavat başqanı İsa Qəmbərin bostanına daş atıb.
Mirmahmud Mirəlioğlu: "Mən hamıdan qabaq, 2011-ci ilin oktyabrında namizədliyimi irəli sürəcəyim barədə bəyanat vermişəm"
2013-cü il seçkilərinə partiya olaraq qatılmayacağını bildirən "KXCP" sədri müstəqil namizəd kimi namizədliyini irəli sürəcəyini bildirib. Lakin o, bununla kifayətlənməyərək həm AXCP sədri Əli Kərimliyə, həm də Müsavat başqanı İsa Qəmbərə eyham vurub ki, hələ 2011-ci ildə öz namizədliyini irəli sürüb. M.Mirəlioğlu bununla demək istəyib ki, Ə.Kərimlinin və İ.Qəmbərin aralarında bir neçə gün fərqi olan namizədlik iddiaları müxalifətdə heç nəyi dəyişməyəcək və onlarla yanaşı, özü də vətəndaş hüquqlarından istifadə edərək, namizədliyini irəli sürəcək. Lakin bu baş verərsə, xüsusilə, İ.Qəmbər onu dəstəkləməyə borcludur: " Mən hamıdan qabaq, 2011-ci ilin oktyabrında namizədliyimi irəli sürəcəyim barədə bəyanat vermişəm".
"İsa Qəmbər mənim namizədliyimi dəstəkləyə bilər"
M.Mirəlioğlu Müsavat başqanının "bostanına daş ataraq" deyib ki, hazırda heç bir müxalifət partiyasının namizədini dəstəkləmək fikrində deyil. Partiya sədrinin xatırlatmasına görə, hələ 2003-cü ildə o və tərəfdarları Müsavat başqanının namizədliyini irəli sürüb, lakin sonradan İ.Qəmbərin xəyanəti ilə üzləşib. Ona görə də Müsavat başqanının ona borcu var: "Biz nəinki dəstək vermişdik, İsa Qəmbərin namizədliyini irəli sürmüşdük. Növbəti seçkilərdə kiminsə namizədliyini müdafiə etmək fikrimiz yoxdur. Amma perspektivdə hər şey ola bilər. Ola bilər ki, elə müdafiə etdiklərimiz bizi müdafiə esinlər. Ola bilər ki, İsa Qəmbər mənim namizədliyimi dəstəkləsin".
"KXCP" sədrinin İ.Qəmbərin 2013-cü il seçkilərdində onu dəstəkləməli olacağı barədə iddiasına Müsavatdan münasibət öyrənməyə çalışsaq da, partiyadan bununla bağlı heç bir açıqlama verilməyəcəyi bildirildi. Lakin Müsavatda təmsil olunan və adının açıqlanmasını istəməyən etibarlı mənbədən aldığımız informasiyaya görə, M.Mirəlioğlunun iddiası İ.Qəmbər tərəfindən ciddi qarşılanmayıb. Partiyada elə düşünürlər ki, bu iddia bilavasitə AXCP sədri Ə.Kərimlinin göstərişi əsasında verilmiş açıqlamadır. Əgər nəzərə alsaq ki, bu günlərdə "KXCP" AXCP ilə birləşmək təklifi ilə çıxş etmişdi, onda burada hər hansı sifarişin olması da açıq görünə bilər. Nəticədə vahid, yaxud da əsas namizəd məsələsi böyüdükcə, iddiaların da sayı durmadan artmaqdadır. Həmin faktor isə 2013-cü ildə müxalifətin seçkilərə heç də vahid formada gedəcəklərini əks etdirməməklə birgə, düşərgənin növbəti iflasını da sürətləndirir.
MÜBARİZ QULİYEV