PDF Oxu

Müxalifət

  • 51

İmzalanmış memorandum vəziyyəti daha da gərginləşdirib

"İctimai Palata" isə çıxış yolunu çıraqla axtarır

İmzalanmış memorandum vəziyyəti daha da gərginləşdirib

"İctimai Palata"da yaşanan vahid namizəd gərginliyi səngiməmiş, qurum daxilində növbəti kəskin polemikalara start verilib. Belə ki, "palata"nın iki münafiq, barışmaz gücü hesab edilən AXCP-Müsavat cütlüyü arasında imzalanmış memorandum vəziyyətin daha da kritik həddə çatmasına qədər irəliləyib. Xatırladaq ki, "İctimai Palata" qarşıdan gələn prezident seçkiləri və bu seçkilərdə palatanın rolu və mövqeyini müəyyən etmək, həmçinin, "palata"nın dağılmasının qarşısını almaq məqsədilə addımlar atmağı planlaşdırmışdı.

Lakin maraqdoğurucu məqamlardan biri də ondan ibarətdir ki, sözügedən memorandumda "İctimai Palata"da prezidentliyə namizəd olaraq məhz İsa Qəmbər və Əli Kərimlinin adı çəkilir. Bununla da, sübut olunur ki, qurumda bu şəxslərdən savayı namizədliyə layiqli adam yoxdur və olsa da, onların monopolist davranışları buna imkan verməyəcək. Məhz bu cümlə "palata"da olan bitərəflərin kəskin etirazlarına, narazılıqlarına kifayət qədər səbəb olub.

"Palata"nın bir çox məsul üzvü toplantıya qatılmayıb

Digər informasiyaya görə, sözügedən memorandum qəbul edilərkən, "İctimai Palata"nın koordinasiya şurasının bir çox məsul üzvləri toplantıda iştirak etməyib. Belə ki, onlardan nə Leyla Əliyeva, nə Zəfər Quliyev, nə Ədalət Yusifov, nə Köçəri Nağıbəyli, nə də digərləri toplantıya qatılmamaqla, "İctimai Palata"da fikir bütövlüyünün olmamasını sübuta yetirdilər. Eləcə də qeyd edək ki, memorandumun qəbul edilməsi təşəbbüsünü Pənah Hüseyn irəli sürsə də, hazırda bu məsələ ətrafında da ciddi problemlər yaşanır. "Palata" üzvü Ərəstun Oruclu mətbuata açıqlamasında iddia edib ki, həmin memorandum P.Hüseyn tərəfindən oğurlanıb. Yəni Ə.Oruclu həmin memorandumun özü tərəfindən təklif etdiyini, ancaq həmin vaxt bunun müsbət qarşılanmadığını iddia edib. Yəni təklifi partiyalar tərəfindən etirazlarla qarşılanıb. Nəticədə isə, koordinasiya şurası "İctimai Palata"nın mövcudluğunu qorumağa və birlik olduğunu göstərməyə çalışsa da bu arzusunu reallaşdırmağa nail ola bilmir. Hətta çıxış yolunu çıraqla axtarsa belə, heç nə əldə olunmur. Həmçinin, maraqlıdır ki, ciddi fikir ayrılıqlarının olduğunu da heç kim təkzib etməməklə seçkilərə qədər ənənəvi müxalifətin ayaqda qalmayacağını da təsdiqləyir.

MÜBARİZ QULİYEV

Digər xəbərlər