Rəsmən məğlubiyyəti elan edilmiş "İP"-in iclasında Müsavat və AXCP rəhbərlərinin təhqir olunması bu fikri bir daha sübut edir
Radikal müxalifət düşərgəsində ciddi parçalanmaların və qarşıdurmaların olduğu artıq hər kəsə bəllidir. Hətta dağıdıcı müxalifətin təmsilçisi olan AXCP və Müsavat partiyasının üzvləri belə Əli Kərimlinin və İsa Qəmbərin apardığı siyasəti bəyənmir və öz etirazını bildirir. Xüsusilə də, son günlər ərzində radikal müxalifət düşərgəsində namizədlik məsələsinə görə, böyük mübahisələrin düşməsi siravi müxalifətçilər arasından da narahatlıqlara səbəb olub. Vaxtilə Elçibəy və Müsavat yoluna inanmış və o zaman adı çəkilən partiyalara üzv olmuş insanların artıq bu gün "müxalifətçiliyin kiminsə əlində alət olmaq kimi qəbul etməsi" vəziyyəti daha da ağırlaşdırır. Müxalifətin yerdə qalan azsaylı üzvlərinin də həm İsa Qəmbərdən, həm də Əli Kərimlidən hesabat tələb etməsi, öz sözünü deməsi rəhbərlərlə siravi üzvlər arasında dava-dalaşa səbəb olur. Bunu sübut edən fakt isə şənbə günü "İP"-in iclasındakı mübahisədir.
Qeyd edək ki, şənbə günü Müsavat Partiyasının qərargahında "İctimai Palata"nın ("İP") sessiyası keçirilib və sessiyanın əvvəlində ciddi mübahisə düşüb. Belə ki, "İP"-in üzvü hüquqşünas Elman Cəlilov iclasda bir neçə təklif səsləndirib və təkliflərinin gündəliyə salınmasını tələb edib. O, həmçinin, Əbülfəz Elçibəyin öldürüldüyünü iddia edib və bu məsələnin araşdırılmasını istəyib.
İclasa sədrlik edən "İP" koordinasiya şurasının üzvü Ədalət Yusubov Elman Cəlilovun səsləndirdiyi təklifləri gündəliyə salmayıb. Bu zaman E.Cəlilov əsəbiləşib və israrla təkliflərinin gündəliyə salınmasını tələb edib: ""Həmişə deyirsiniz ki, demokratiya istəyirik. Özünüz demokratsınızsa, niyə təkliflərimi səsverməyə çıxarmadınız?"
"İP" koordinasiya şurasının üzvü Pənah Hüseyn də məsələyə qarışıb. E.Cəlilovun təklifləri səsverməyə çıxarılıb. Səsvermə nəticəsində E.Cəlilovun təklifləri rədd edilib. "İP" koordinasiya şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələyə münasibət bildirib. O, "İP"-in iclaslarına öyrədilmiş şəxslərin qatıla bilməsinə işarə edib. E.Cəlilov isə Müsavat başqanını onu hədəfə almaqda ittiham edib.
Beləliklə də, yaranmış mənzərədən aydın olur ki, radikal müxalifət daxilində ciddi narazılıqlar baş qaldırıb. Xüsusilə də, Müsavat və AXCP partiyalarının rəhbərlərinin avtoritar idarəçilik tətbiq etmələri və partiya daxilində siravi üzvlərin söz deməsinə qadağa qoymaları vəziyyəti daha da ağırlaşdırıb. Əlbəttə ki, hadisələrin bu cür gedişini nəzərə alaraq, belə bir proqnoz verə bilərik ki, AXCP və Müsavat daxilində sədr və müavinlərdən başqa heç kəs qalmayacaq.
2011-ci ildə olduğu kimi, Müsavat və AXCP daxilindəki dözülməz vəziyyətə etiraz edərək, vəsiqələrini birbaşa televiziyada cıracaqlar və həmin partiyaları tərk edəcəklər.
Facebookda İsa Qəmbərlə Əli Kərimlinin təhqir sifarişləri reallaşdırılır: şərhin biri 5 manata
"KXCP" sədrinin təhqir olunmasından "Azadlıq" qəzetinin borc ətrafında qurduğu kampaniyaya qədər bütün məsələlər tənqid edilir
Xəbər verdiyimiz kimi, son günlər ərzində Facebook sosial şəbəkəsində müxalifətin vəziyyətilə bağlı ciddi müzakirələr keçirilir. Əlbəttə ki, müxalifətin sosial şəbəkə daxilində formalaşdırdığı qruplarda əks fikrə dözümsüzlük olsa da, özləri bir-birini təhqir edir və bunu demokratik göstərici kimi qiymətləndirirlər. Əgər onların paylaşdıqları hər hansı informasiyaya əks fikir yazılarsa, o zaman da həmin fikri paylaşmış istifadəçini qrupdan kənarlaşdırırlar. Maraqlısı odur ki, bunu da demokratiyanın göstəricisi sayırlar.
Təbii ki, müxalifətin demokratiya anlayışının yalnız şəxsi maraqlardan ibarət olması haqqında dəfələrlə yazmışıq. Lakin bu dəfə onların demokratik şəraitdə biri-birilərini təhqir etmələrindən və müzakirə etdikləri mövzulardan danışacağıq.
"KXCP" sədrini təhqir etdilər...
Kənar əks fikirlərin yayımlanmasına şərait yaratmayan müxalifətçilər daxili qaydada lazım olan şəxslərin təhqir edilməsilə məşğuldurlar. Onlar bu dəfə "KXCP" sədri Mirmahmud Mirəlioğlunu hədəfə alıblar. İddi olunur ki, "KXCP" sədrinin oğlu FHN-də işləyir və buna görə də, Mirmahmud Mirəlioğlu Əli Kərimli ilə İsa Qəmbərin yanında deyil. Həmin paylaşımda yazılan rəylərdən bir daha anlışılır ki, konkret olaraq sifarişçi Əli Kərimli ilə İsa Qəmbərdir. Çünki Mirmahmud Mirəlioğlu Müsavat və AXCP partiyalarının sədrlərinin oyunlarının alətinə çevrilmək istəmir. Hər iki tərəf çalışır ki, Mirmahmud Mirəlioğlu vahid namizədlik məsələsində birinə dəstək versin.
Amma Mirmahmud Mirəlioğlu kənara çəkildiyindən Əli Kərimli ilə İsa Qəmbər ona qarşı təhqir kampaniyasına start verdilər.
"Azadlıq" qəzeti borc məsələsindən sui-istifadə edir
Sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri də, məhz "Azadlıq" qəzetinin Nəşriyyata olan 20000 manat borcu ətrafında qurduğu kampaniya haqqındadır. Xüsusilə də, Müsavat partiyasının nümayəndələri və İsa Qəmbərin muzdla tutduğu şərhçilər "Azadlıq" qəzetinin borc məsələsini siyasiləşdirməsini gündəmə gətirməklə, əslində, İsa Qəmbərin Əli Kərimliyə olan potoloji nifrətini ortaya qoyurlar. Belə ki, məsələ ilə bağlı yazılan şərhlərdə vurğulanır ki, əslində, "Azadlıq" qəzeti bu kampaniyanı başlamaqla bir neçə məqsədi qaşısına qoyub:
- birincisi, "Azadlıq" qəzeti və AXCP rəhbərliyi anti-Azərbaycan dairələri qarşısında götürdüyü öhdəlikləri yetirir,
- ikincisi, borc məsələsini siyasiləşdirməklə "Azadlıq" bir daha ölkədəki söz və mətbuat azadlığından sui-istifadə edir,
- üçüncüsü, "Azadlıq" qəzeti və AXCP rəhbərliyi işə reneqat ziyalıları da qatmaqla, əlavə gəlir əldə etmək istəyir və s.
Müsavatçılar əlavə edərək yazırlar ki, "Azadlıq" qəzetinin rəhbərliyi müxtəlif əyləncə məkanlarında külli miqdarda pul xərclədiyi halda, həmçinin, Əli Kərimli aldığı qrantlar hesabına oğlunu Bristolda əyləncələrə göndərdiyi zamanda nə üçün borcu bağlamır, əksinə, onu şişirdir? Əlbəttə ki, qarşı tərəf arqument gətirə bilmədiyindən, yenidən təhqirlərə keçir və beləcə müzakirə davam edir.
Şərhin biri 5 manata...
Bir sözlə, bu yazışmalardan da görünür ki, Əli Kərimli ilə İsa Qəmbər sosial şəbəkəni də özlərinin maraqları üçün istifadə edir. Müxtəlif vasitələrdən istifadə etməklə, məqsədini həyata keçirən AXCP və Müsavat sədrləri, hətta şərh yazmaq üçün könüllülərə 5 manat da təklif edirlər.
Bütün bunlar bir daha nümayiş etdirir ki, Əli Kərimli və isa Qəmbər münasibətəlri yalnız maddiyyat və təhqir üzərində qururlar. Bu səbəbdən də, onlar heç bir halda uğur əldə edə bilmirlər.
"Səs" Analitik Qrupu