PDF Oxu

Müxalifət

  • 49

Yerdə qalan müxalifət partiyaları "İctimai Palata"ya qarşı plan qurdular

"Vahid namizəd" mövzusu yenidən çoxqütblü müxalifəti bir-birinə vurub

Yerdə qalan müxalifət partiyaları "İctimai Palata"ya qarşı plan qurdular

Əldə etdiyimiz səhih informasiyaya görə, artıq bir neçə gündür ki, müxalifətin "İctimai Palata"dan kənar qalan hissəsi bu quruma qarşı sarsıdıcı zərbə ola biləcək plan üzərində işləməkdədirlər. Artıq həmin planın birinci hissəsi hazırdır və burada əsasən özlərini "ənənəvi müxalifət liderləri" deyə təqdim edən AXCP və Müsavat partiyalarının rəhbərləri hədəfə götürülüblər. Belə ki, apardığımız araşdırmalardan da bəlli olmuşdur ki, Əli Kərimli və İsa Qəmbər arasında imzalanmış memorandum sadəcə kağız üzərində qalıb və hazırda hər iki partiya sədri arasında "vahid namizəd", yaxud "əsas namizəd" mövzusu ətrafında kəskin hadisələr yaşanmaqdadır. Artıq nə "cəbhə", nə də Müsavat yetkililəri sözügedən mövzuda ümumi razılığa gələ bilmədiklərini ortaya qoyublar.

Əli Kərimliyə və İsa Qəmbərə qarşı tək gediş kartı - Firuddin Cəlilov

Məhz bu səbəbdən də "İP"-dən kənarda qalan müxalifət partiyaları əllərinə düşmüş bu fürsəti anidən AXCP və Müsavata qarşı çevirmək qərarına gəliblər. Artıq ilk gizli görüş keçirilib və müəyyən razılıqlar əldə olunub. İnanılmış mənbədən aldığılmız informasiyalara görə, sentyabrın 13-də bir neçə müxalifət partiyasının funksionerləri Dənizkənarı Milli Parkda, Xalça Muzeyinə yaxın ərazidəki çayxanalardan birinə toplaşaraq, qarşılıqlı fikir mübadilələri aparıblar. Məlum olub ki, həmin görüşdə ADP sədrinin müavini Taliyət Əliyev, Vətəndaş Həmrəyliyi Partiyasının və daha bir neçə müxalif siyasi təşkilat funksionerləri müəyyən razılığa gəlməyi bacarıblar. Lakin maraqlı məqamlardan biri də həmin görüşdə AXC hakimiyyəti zamanı təhsil naziri işləyən Firudin Cəlilovun iştirakı olub. Və buradan aydın olub ki, F. Cəlilovun həmin toplantıya qatılması bilavasitə 2013-cü il seçkiləri ilə əlaqədardır. Məlum olduğu kimi, bir müddət əvvəl müxalifətin 2013-cü il prezident seçkilərində irəli sürə biləcəyi namizədlər arasında Firudin Cəlilovun da adı çəkilirdi. Düzdür, o, mətbuata açıqlamasında belə iddiada olmadığını söyləsə də, bəzi mənbələr müxalifətin müəyyən hissəsinin məhz keçmiş təhsil nazirinin namizədliyi məsələsində israrlı olduğunu bu gün də iddia edirlər.

Həmin gizli görüşdə ADP sədrinin müavini T.Əliyevin də iştirakını nəzərə alsaq, belə qənaətə gəlmək mümkündür ki, məhz həmin partiya digər müxalif qüvvələrlə birgə F.Cəlilovun namizədliyi məsələsini müzakirə edir. Başqa tərəfdən isə xatırlamaq mümkündür ki, "Ümid" Partiyası ilə "Qarabağ" blokunda təmsil olunan ADP bundan öncə dəfələrlə AXCP və Müsavatın təmsil olunduğu "İctimai Palata"ya 2013-cü il seçkiləri ilə bağlı vahid mövqedən çıxış etmək, vahid namizədin müəyyənləşdirilməsi üçün bir neçə təklif irəli sürmüşdü. Ancaq "İctimai Palata"da özlərini əsas qüvvə hesab edən monopolist liderlər ayrı-ayrılıqda sözügedən təklifləri rədd edərək, özlərindən başqa heç kimin vahid namizəd olmayacağı iddialarında bulunublar. Yəni daha dəqiqi, həm AXCP, həm də Müsavatda bəzi qüvvələr hesab edirlər ki, müxalifətin "vahid namizəd"i məhz "İctimai Palata"nın ətrafında yaranmalı, "vahid namizəd" isə ya Ə.Kərimli, ya da İ.Qəmbər olmalıdır.

ADP-də ikili oyun

Qeyd edək ki, ADP ilə "palata" səlahiyyətliləri arasında bu və bu kimi başqa məsələlərlə bağlı ortaq məxrəcə gəlinə bilinməməsinin səbəblərindən biri də "Ümid" Partiyasına, partiya sədri İqbal Ağazadəyə "palata" daxilində xoşməramlı münasibətin olmamasıdır. Həmçinin, onu da vurğulamaq olar ki, S.Cəlaloğlunun prezidentliyə kənarda "vahid namizəd" axtarışına çıxması "ACP"-nin və onun lideri Rəsul Quliyevin son zamanlar yenidən aktivləşərək ortaya atılması ilə bağlı ola bilər. Bu baxımdan, söyləmək mümkündür ki, R.Quliyev ADP-çilər üçün persona non-qratadır və onun ətrafında yarana biləcək hər hansı birlikdə ADP qətiyyən iştirak etmək niyyətində deyil. Və əbəs yerə deyil ki, belə bir vəziyyətə ADP-nin və onunla birgə hərəkət etmək istəyən digər müxalif qüvvələrin məhz Firudin Cəlilovun zərində dayanmaları reallığa çevrilir. Baş verənlərə isə, həmçinin, ADP-nin ikili oyunu adını da vermək olar.

MÜBARİZ QULİYEV

Digər xəbərlər