"VİP" də şantaj oldunduğunu iddia edir
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyaların ünvanına kəskin yazılar yazdırmaqla sifariş yerinə yetirir. Bu sifarişin növbəti qurbanı "Vətəndaş və İnkişaf Partiyası" və onun sədri Əli Əliyev oldu. Müsavat başqanı İ.Qəmbərin də daxil olduğu bu çirkin oyun nəticəsində "VİP"-ə qarşı növbəti plan hazırlanır. Maraqlı məqam ondan ibarətdir ki, Müsavat partiyası, xüsusilə, "Yeni Müsavat" qəzeti çirkin planlarını həyata keçimək üçün "VİP"-in özü onların əlinə əlavə imkanlar verir. Sentyabrın 14-də ABŞ-ın Azərbaycandakı yeni təyin olunmuş səfiri Riçard Morninqstarla 7 siyasi partiyanın və REAL hərəkatının rəhbərliyi ilə görüşü olub. Həmin görüşdə "VİP" sədri Ə.Əliyev çıxış etməsə də, onun çıxış etməsi ilə bağlı mətbuatda fikirlər dərc olunub.
"Yeni Müsavat" qəzeti qeyd edir ki, vaxt darlığından "VİP" sədri Ə.Əliyevin görüşdə ümumiyyətlə danışmaq imkanı olmayıb. Başqa sözlə, "VİP"-in xəbərində Ə.Əliyevin adından səsləndirilən fikirlərin müəllifləri digər partiyaların sədrləridir. Hətta qəzet yazır ki, əvvəlcədən keçirilən görüşlə bağlı mediaya məlumat verilməyəcəyi ilə bağlı razılıq əldə olunub. Ona görə də, qəzet iddia edir ki, Ə.Əliyev öhdəsinə düşəni yerinə yetirə bilməyib, görüş barədə mətbuata məlumat verib. Eyni zamanda, görüş barədə facebook sosial şəbəkəsində REAL-ın lideri İlqar Məmmədov açıqlama verib və görüşdəki çıxışının mətnini yayıb. ABŞ səfiri ilə keçirilən görüşdə Ə.Əliyevin çıxış etməməsi barədə sözügedən qəzetə açıqlama verib. Bildirib ki, görüşdə ona növbə çatmayıb. Açıqlamasında digər partiya sədrlərindən ona ayrılan vaxtı da istifadə etdiklərinə görə gileylənib. "VİP" sədri qeyd edib ki, o, gələn görüşdə imkan verməyəcək ki, kimsə onun vaxtından sui-istifadə eləsin". Bu hadisələrə öz tərzlərində münasibət bildirən "Yeni Müsavat"ın yazdıqlarını cavabsız qoymayan "VİP", qəzeti yalan məlumat yaymaqda ittiham edərək, bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, görüşün detalları haqda məlumatlandıranlar savadsızlıqdan əziyyət çəkirlərsə və ya "VİP"-ə münasibətdə aşırı qərəzlərindən dolayı gerçəklik hissini itiriblərsə, bu, artıq bizə aid problem deyil. Özünü "Qafqaz mediasının lideri" adlandıran "Yeni Müsavat" sözügedən görüş haqqında yalnız bir gün sonra "xəbər tutur" və bu mövzu haqqında dərc etiyi materiallarda "VİP"-i uğursuz tərzdə hədəfə götürür. Əslində, şübhə yoxdur ki, qəzet bu görüş haqqında öncədən məlumatlı olub və ABŞ səfirliyində aparılmış müzakirələrdən sonra ruporu olduğu siyasi qüvvələrin rəhbərləri tərəfindən təfərrüatlar haqqında da bilgiləndirilib. Lakin görünür, "Yeni Müsavat" bağlı olduğu siyasi çevrənin bəsit maraqları çərçivəsinə qapanaraq, medianın təməl prinsiplərini arxa plana keçirməyi üstün tutub.
Bəyanatın sonunda qeyd olunur ki, "VİP" daxili siyasi rəqabətdə şantaj xarakterli bu tip gedişlərin nəticəsiz qalacağını bildirir. Onu da qeyd etmək lazımdır ki, "Yeni Müsavat" qəzetində bu məsələ ilə bağlı köşə yazısı da yazılıb. Həmin köşə yazısının sifarişçisi isə Müsavat başqanı İ.Qəmbərov olduğu deyilir.
Babək Hacıyev