PDF Oxu

Müxalifət

  • 61

"İctimai Palata"da daha bir qalmaqal

Pənah Hüseyn qurumdan istefa vermədiyini desə də, mətbuata verdiyi açıqlaması bunu demir

"İctimai Palata"da daha bir qalmaqal

"İctimai Palata"nın sonuncu sessiyasında baş vermiş məlum qalmaqal səngimədən, yaranmış növbəti mübahisə qurumdaxili vəziyyəti daha da kəskinləşdirdi. Belə ki, "palata"nın koordinasiya şurasının toplantısında təfriqəyə səbəb olmuş mövzu Pənah Hüseynin, Zəfər Quliyevin, Köçəri Nağıbəyinin istefaları ilə nəticəsini tapıb. Onu da qeyd edək ki, koordinasiya şurasının bir çox üzvü də (altı nəfər) iclaslara qatılmaqdan imtina ediblər. Onlar "İP"-in çıxardığı qərarlara inanmadıqlarını, antidemokratik vəziyyətin hökm sürdüyünü, inhisar dairəsində fəaliyyəti göstərdiyini iddia edərək, toplantılarda iştirak etməyəcəklərini bildiriblər.

Ümummilli məsələdə siyasi qüvvələrin bir araya gəlməsini öz gözlərində "xəyanət" kimi görənlər unudurlar ki, onların özləri Azərbaycana qarşı, onun haqq səsinə qarşı və ədalətə qarşı xəyanətlər törədiblər

Ancaq bu dəfə yaranmış situasiya əvvəllər baş verən hadisələrdən fərqlənib. Çünki "İctimai Palata"nın aparıcı funksionerlərindən biri olan P.Hüseynin nümayişkəranə şəkildə qurumun iclasını tərk etməsi, Z.Quliyevin və K.Nağıbəylinin onu dəstəkləməsi "palata" daxilində baş verən hadisələrin həqiqətən də iflasa doğru getdiyini sübut edir.

Xatırladaq ki, koordinasiya şurasının iclasında "İP"-ə daxil olan təşkilatların YAP-ın qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə müraciətə imza atması məsələsi ilə bağlı ciddi mübahisə yaranıb. Qeyd edək ki, əhəmiyyətli müraciəti imzalayan müxalifət partiyalarının hamısı həmin prosesdə iştirak etməyiblər. Məsələ ondadır ki, müraciətə imza atan müxalifət partiyaları həmin müraciətə imza atmayan partiyalar tərəfindən nəyə görəsə hiddətlə qarşılanıblar. Guya Yeni Azərbaycan Partiyasının qərargahında imzalanan müraciət müxalifət düşərgəsinə xəyanət imiş və s. Ancaq ümummilli məsələdə siyasi qüvvələrin bir araya gəlməsini öz gözlərində "xəyanət" kimi görənlər unudurlar ki, əhəmiyyətli müraciətə imza atamayan müxalifət partiyaları bilavasitə Azərbaycana qarşı,onun haqq səsinə qarşı və ədalətə qarşı xəyanət ediblər.

Pənah Hüseyn: "Koordinasiya şurasında iştirak edib-etməyəcəyimlə bağlı daha sonra açıqlama verəcəyəm"

Sözügedən mövzu ətrafında iki cəbhəyə ayrılmış başıpozuq müxalifət düşərgəsi hazırda nə edəcəyini bilmir. Situasiya isə onu göstərir ki, "İP"-də vəziyyət iflasa doğru inkişaf edir. Əgər belə olmasa idi, hər halda P.Hüseyn əsəsblərini cilovlayıb, iclasın sonuna qədər otura bilərdi. Ancaq onun və onu müdafiə edənlərin "istefa verəcəyəm" deyərək, iclası nümayişkəranə olaraq tərk etmələri qurumun 2013-cü ilə qədər ayaqda dura bilməyəcəyini təsdiq edir.

Hadisə baş verdikdən sonra P.Hüseynin guya istefa vermədiyini deməsinə gəlincə, onun artıq həmin qərara gəldiyini mətbuata verdiyi açıqlamasından da görmək mümkündür: "Bu barədə çox danışmaq istəmirəm. Bundan sonra koordinasiya şurasında iştirak edib-etməyəcəyimlə bağlı daha sonra açıqlama verəcəyəm".

Bu barədə çox danışmaq istəməmək, eləcə də, daha sonra açıqlama vermək istəyi isə birbaşa istefa etmək anlamında deyilmiş ifadələrdir. Yəni P.Hüseyn istefası barədə daha sonra, geniş qaydada bəyanat verəcək.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər