"Demokratik Qüvvələrin Məşvərət Məclisi" hər iki partiyanı dalana dirəyib
Müxalifət düşərgəsində bir-birini əvəzləyən gərgin situasiyalar partiyalararası vəziyyətə də təsirsiz ötüşməməkdədir. Yaradılan alternativ qurumlar isə bo prosesə sanki təkan verməklə, yaranmış gərginliyi daha kəskin xarakterə doğru sürükləyir. Məsələ ondadır ki, hazırda "İctimai Palata"da inhisarçılıq mövqelərini qorumağa səy göstərən və bunun nəticəsində barışmazlıq göstərən iki siyasi təşkilat - Müsavat və AXCP daha bir qurum tərəfindən təhdidlərə məruz qalmağa başlayıb.
Daha dəqiq desək, Müsavat və "cəbhə"nin özündə 16 müxalifət partiyasını cəmləşdirən "Demokratik Qüvvələrin Məşvərət Məclisi"ndə ("DQMM") iştirak etməsi məsələsi hər iki tərəfin qarşılıqlı və kəskin ittihamları ilə müşahidə olunmaqdadır.
Xatırladaq ki, az müddət öncə "DQMM"-də təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc Müsavat və AXCP də daxil olmaqla, Azərbaycandakı bütün müxalifət partiyalarını adıçəkilən quruma dəvət etdiyini deyib. Amma bununla yanaşı, Ə.Oruc həm Müsavatı, həm də AXCP-ni ittiham etməkdən də yayınmayıb. Belə ki, onun sözlərinə görə, hər iki siyasi təşkilatın rəhbərləri bir daha real siyasi baxışlarını ortaya qoymaqda acizlik göstəriblər: "Biz Demokratik Qüvvələrin Məşvərət Məclisi"ni yaradarkən ölkədəki bütün partiyaları ora dəvət etmişdik, o cümlədən, AXCP və Müsavatı. AXCP bir neçə tədbirdə müşahidəçi qismində iştirak etdi, ancaq sonradan müxtəlif bəhanələrlə oradan uzaqlaşdı".
Ə.Oruc iddia edib ki, müsavatçıların və "cəbhəçi"lərin "DQMM"-nın toplantılarında müşahidəçi qismində iştirak etmələri "İctimai Palata"da qısqanclıqla qarşılanıb və qurum daxilində belə məsələ qalxıb ki, orada təmsil olunan partiyaların başqa hər hansı bir mərkəzdə iştirak etməsi doğru deyil.
Ancaq buna rəğmən, "DQMM" yetkililəri ikinci dəfə də hər iki partiya sədrini qurumun toplantılarına dəvət edib. Hətta bu dəfə partiyalara deyil, "İctimai Palata"ya müraciət edildiyi qeyd edilib. Ancaq yenə də mənfi münasibət bəslənilib.
Əhməd Oruc: "Müxalifətçilikdən müəyyən mənada dolanmaqla məşğuldular... Onlar yalnız özlərinin müxalifətçi qismində tanınması, digərlərinə şər-böhtan atılması və s. mövqedən çıxış edirlər"
Məhz bundan sonra Ə.Oruc həm "İctimai Palata"nı, həm Müsavatı, həm də AXCP-ni parçalayıcı deyə adlandırıb. Bununla yanaşı, həmin qüvvələri ictimai rəydə tanınan qüvvə kimi qəbul edilmədiyini bildirib: "Onlar hesab edirlər ki, indiki dövrdə beynəlxalq ictimai rəydə əsas tanınan qüvvə onlardır, xarici ölkə səfirlikləri müxalifət qismində onları tanıyır, onlar da sanki müxalifətçiliklərini heç kimlə bölüşmək istəmirlər və müxalifətçilikdən müəyyən mənada dolanmaqla məşğuldular. Təəsüf ki, bunların bu mövqeyi müxalifətin bir araya gəlməsinə maneə törədir".
"DQMM"-in "İctimai Palata"ya alternativ olması barədə səsləndirilən fikirlərə münasibət bildirən Ə.Oruc təmsil etdiyi qrumun "İctimai Palata"ya alternativ olmadığını deyib və bununla sübut etməyə çalışıb ki, əslində, "palata" yararsız və səmərə verməyən qurumdur. Onun fikrincə, "İctimai Palata" intriqalara və qrant almağa hesablanmış bir qurumdur: "Onlar yalnız özlərinin müxalifətçi qismində tanınması, digərlərinə şər-böhtan atılması və s. mövqedən çıxış edirlər".
Səxavət Əlisoy: "Sankı bütün qüvvələr onun ətrafında birləşməlidir"
Müsavat partiyası başqanının müşaviri Səxavət Əlisoy isə öz növbəsində "Azadlıq" partiyasının sədri, eyni zamanda, "DQMM"-nin səlahiyyətlisi Əhməd Orucu günahlandırıb. Məhz "DQMM"-nın "İctimai Palata" qarşısında güc göstərə bilməyəcəyini iddia edən Əlisoy deyib ki, Müsavat və AXCP-nin, eyni zamanda, "Demokratik Qüvvələrin Məşvərət Məclisi"ndə iştirak etməsi absurd görünür: "Siyasi potensialı özünə və cəmiyyətə bəlli olan bir qüvvə elə çıxışlar edir ki, sankı bütün qüvvələr onun ətrafında birləşməlidir".
Nəticədə, müxalifətdə daha bir seçkiqabağı intriqalı vəziyyət kök atmaqdadır ki, bu vəziyyətin nəticəsini artıq indidən proqnozlaşdırmaq mümkündür. Seçkilərə qədər müxtəlif çıxış yolları axtaran müxalifət bu çıxış yolunu təbii olaraq. Öz məğlubiyyətində tapacaq.
MÜBARİZ QULİYEV