PDF Oxu

Müxalifət

  • 62

"İctimai Palata" AXCP və Müsavatın maraqlarını təmin etdimi?

Qurum parçalanma astanasında, inhisarçı "liderlər" isə qarşılıqlı savaş hazırlığındadır

"İctimai Palata" AXCP və Müsavatın maraqlarını təmin etdimi?

Artıq heç kimiə sirr deyil ki, "İctimai Palata"nın dağılması ilə bağlı vəziyyət tam yetişib. Və əslində, sözügedən məsələ bir amil kimi ölkə miqyasında hər hansı ciddi təpki, yaxud, ictimai əhəmiyyət kəsb edən olay qismində dəyərləndirilməsə də, "İctimai Palata"nın parçalanması dağıdıcı müxalifətlə bağlı olan proqnozları kifayət qədər təsdiqləyir. Bununla da, demək mümkündür ki, 1992-ci ildən başlayaraq, müxtəlif adlar altında yaradılmış "Demblok", "SİDSUH", "DUBB", "MKM" və başqa bu kimi "birliklər" elə qısa müddət ərzində də sıradan çıxaraq, tarixin arxivinə gömüldülər. Təbii ki, belə azömürlü qurumların dağılmasının əsas səbəbi, konkret olaraq, qrup maraqlarının mənafelərinə bağlı olub. Həmçinin, hər hansı antimilli xarici siyasi dairələrdən gələn "sərfəli təklifə", "stavkalara" baxmayaraq, daim bir-birini satan, xəyanətlər edən AXCP, Müsavat, ADP, ALP və başqalarının addımları sözügedən proseslərdə az rol oynamayıb.

Müxalifətdə yeni tarix yoxdur, hər şey köhnə və təkrardır

Məhz bu kimi faktorlardan yararlanaraq, demək mümkündür ki, 2010-cu ildə yaradılmış və 2012-ci ildə parçalanmağa başlayan "İctimai Palata" eynilə yuxarıda qeyd edilən aqibəti yaşamaqdadır. Xilas yolu isə ümumiyyətlə yoxdur. Çünki 2013-cü il seçkiləri vurğulanan prosesi sürətləndirir.

Başqa tərəfdən, məhz bu gün Əli Kərimli və İsa Qəmbərin onlara verilən xarici siyasi sifarişlərin müəyyən dərəcədə yerinə yetirildiyinə və Müsavatla AXCP-nin maraqları təmin olunduğuna görə, artıq həmin "qurum"a ehtiyac qalmayıb. Yəni AXCP və Müsavat öz maraqlarını müəyyən mənada təmin etdikləri üçün "İP"-lə də vidalaşmaq qərarına gəliblər. Və onlar nəyəsə ümid edərək, növbəti siyasi hadisələr burulğanını gözləyərək, başqa qurumlar yaradıb, xarici dairələrə işləmək amacındadırlar. Yəni müxalifətdə yenilik kimi qəbul ediləcək heç nə yoxdur. Hər şey köhnə və təkrardır.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı bildirib ki, AXCP və Müsavat digər qüvvələri cəlb etmək, bunu bütünlükdə Azərbaycan müxalifətinin güc mərkəzi etmək əvəzinə, onu uzun müddət iki partiyanın güc mərkəzi etdilər və indi də həmin iki partiya arasında ziddiyyət olduğundan, "İP"-nin fəaliyyətinin davam etməsi mümkün deyil.

"Palata"nın üzvü olmuş adının çəkilməsini istəməyən şəxslərdən birinin sözlərin görə, burada əsasən xaricdən daxil olan payların böyük hissəsini Müsavat və AXCP öz əllərində cəmləşdirmişdilər. "İctimai Palata"nın tərkibində yer almış digər siyasi partiyalar isə əldə olunan payın cüzi hissəsilə qane olurmuşlar. Məhz həmin siyasi partiyalar Müsavatla AXCP-nin oyunlarının aləti olduqlarını anlamağa başlayıbmışlar. "İctimai Palata"nın sadəcə bir oyuncaq olduğuna daha çox əmin olan partiyalar "İP"-in tərkibindən çıxdıqlarını bəyan etmişlər.

Hazırkı durumda müxalifət qüvvələrinin Məşvərət Məclisi yaratması da ciddi təsir bağışlamır

Sual oluna bilər ki, "nə üçün AXCP və Müsavat məhz 2013-cü il prezident seçkiləri ərəfəsində "İP"-i dağıtdılar"? Bunun çox sadə bir cavabı var: nə Müsavat, nə də AXCP artıq bir qurum altında fəaliyyət göstərmək və maliyyəni birgə bölməyə razı deyil. Hər iki partiya çalışır ki, siyasi sifariş əldə etsin. Bunları da isbatlayan dəlillər var. Göründüyü kimi, baş verənlər bir daha isbatlayır ki, "İP" Müsavat və AXCP-nin oyuncağı olub, bu gün isə o, heç kəsə lazım deyil. Yeni yaradılmış "birlik" ətrafında isə indidən mənfi fikirlərin yaranması onun qəbrini qazmaqdadır. Müxalifətin yeni yaradılan birlikləri də digərləri kimi uğursuzluğa düçar olacaq. Hazırkı durumda müxalifət qüvvələrinin Məşvərət Məclisi yaratması da ciddi təsir bağışlamır. Yəni dəyişən heç nə yoxdur.

Qısası, baş verənlərə nəzər salarkən, belə demək mümkündür ki, "İP" AXCP və Müsavatın maraqları üçün yaranmışdı və bu səbəbdən də dağılmaq ərəfəsindədir. Eyni zamanda, ölkədə olan ümumi ictimai rəy ondan ibarətdir ki, müxalifətin yaratdığı istənilən "birlik" də iflasa məhkumdur. Tarix bunun canlı sübutudur.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər