Ortada bir çox faktlar mövcuddur
Özlərini "Demokratik Qüvvələrin Məşvərət Məclisi" ("DQMM") kimi təqdim edən və16 müxalifət partiyasının birliyi kimi də gündəmə çıxan qurumun konfransı gözlənildiyi kimi, fiaskoya uğradı. Belə ki, "DQMM"-in təşəbbüsü ilə "Azərbaycanda demokratiyanın yaxın perspektivi: problemlər, risklər və imkanlar" mövzusunda keçirilən konfransına Müsavat, AXCP, "Ümid" və ADP partiyaları ilə yanaşı, bir sıra siyasiləşmiş ictimai birlik nümayəndələri də qatılmayıb.
Ancaq bildiyimiz kimi, qurum təmsilçiləri konfransa əvvəlcədən ölkədə fəaliyyət göstərən müxalif siyasi qüvvələri dəvət ediblər. Ancaq buna rəğmən, "DQMM"-in konfransı boykota məruz qalıb. Hətta yuxarıda adları çəkilən partiya sədrlərinə rəsmən dəvət məktubu göndərilsə də onlar tədbirə qatılmaqdan imtina ediblər. Hətta partiya sədrləri qatılmasa belə, onların aşağı ranqlı funksionerləri də konfransda görünməyiblər.
Bu baxımdan, "İctimai Palata"nın AXCP və Müsavat partiyalarını təmsil etməyən siyasi təmsilçilərinin də sözügedən konfransa qatılmamaları maraq doğurur. Məhz bu səbəbdən də, öncədən verilən fakt və proqnozlar özünü bir neçə tərəfdən doğrultmaqdadır. Baş verən situasiyanı təhlil etsək, belə bir mənzərənin şahidi olarıq.
1.Müsavat və AXCP-nin məqsədi
Bildiyimiz kimi, 2013-cü il seçkilərini özlərinin sonuncu şansı kimi elan edən hər iki partiyanın rəhbəri hələ bir neçə müddət bundan öncə "vahid namizəd" ideyası ətrafında ümumi razılığa gələ bilməyiblər. Bu baxımdan, sözdə "memorandum" imzalayan İsa Qəmbər və Əli Kərimli sözügedən məsələnin dondurulduğunu bəyan etsələr də, hazırda hər iki sədr gizli şəkildə bu ad uğrunda savaşlarını davam etdirməkdədirlər. Bu səbəbdən də, "Məşvərət Məclisi"nin konfransına qatılmaq həm adıçəkilən qurumu tanımaq, həm də tərəfdarları tərəfindən kəskin qınanmaq təhlükəsi ilə qarşılaşa bilərdilər. Ona görə də AXCP və Müsavat sədrləri konfransa qatılmaqdansa, qatılmamağı üstün tutublar.
2. "İctimai Palata" və dağılmaq faktorunun təsdiqi
Hələ 2010-cu ilin parlament seçkilərindən sonra məğlubiyyətlə üzləşmiş ənənəvi müxalifət yetkililəri "İctimai Palata"nı yaradarkən, bəyan etmişdilər ki, onların qurumu ölkə müxalifətinin birliyini təmin etməkdən ibarət olacaq. Ancaq qısa müddətdən sonra ard-arda verilən istefalar, bir çox siyasi təşkilatların "İctimai Palata"dan uzaqlaşmaları iddialarının reallaşmadığını göstərdi. Nəticədə, bəlli oldu ki, "İP" inhisarçı qurumdur və yalnız Ə.Kərimli ilə İ.Qəmbərin monopolist rejimi altında fəaliyyət göstərir. Sonradan qurumdaxili hərc-mərcliklərin da davamlı xarakter alması məhz bu səbəbdən "palata"nı dağılmağa doğru sürükləyib. Belə bir məqamda AXCP və Müsavat sədrlərinin "Məşvərət Məclisi"nin konfransına qatılmaları 2013-cü il seçkilərindən əllərinin üzülməsi ilə nəticələnə bilərdi. Düzdür, onsuz da onların məğlubiyyətə uğrayacaqları haqqında kifayət qədər səlist porqnozlar verilib. Amma buna baxmayaraq, gəlinən qənaət belə deməyə əsas verir.
3."Ziyalılar Forumu" onlara lazım olan mətbuatı itirmək istəmir
AXCP və Müsavatın, eləcə də, "İctimai Palata"nın "DQMM"-in konfransına qatılmamasının səbəbləri aydınlaşdıqdan sonra. Ortaya daha bir maraqlı məqam çıxıb ki, bu da cəmiyyətdə daha çox reneqatlar qrupu kimi tanınan "Ziyalılar Forumu"nun adı ilə bağlıdır. Qeyd edək ki, "Məşvərət Məclisi" bu qurumu da konfransa dəvət etmişdi. Ancaq "forum" təmsilçiləri oraya qatılmağa ehtiyat ediblər. Bunun səbəbi isə çox sadədir. Belə ki, Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, Rafiq Əliyevin və digər reneqatlar toplumunun əsas qayələri gündəmdə qalmaqdır. Onları siyasi gündəmdə ən çox təbliğ edənlər isə AXCP və Müsavata təhkim olunmuş mətbuat səhifələridir. "Azadlıq" və "Yeni Müsavat" qəzetləri "Ziyalılar Forumu"nun təbliğatını bir neçə gün dayandırsalar, adıçəkilən "forum" dərhal iflasa uğrayardı. Belə bir aqibəti yaşamamaqdan ötrü, reneqatlar qrupunun təmsilçiləri "DQMM"-in konfransına qatılmaqdan çəkiniblər. Digər tərəfdən, sirr deil ki, həm Ə.Kərimli, həm də İ.Qəmbər siyasi dividendlərini qarşılıqlı qaydada, yəni "sən mənə, mən də sənə" variantı ilə qazanırlar. "Ziyalılar Forumu" "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində təbliğ olunursa da, onlar da öz növbəsində, Ə.Kərimli və İ.Qəmbəri təbliğ edirlər. Ona görə də, demək mümkündür ki, hər iki tərəf - həm partiya sədrləri, həm də "forum" təmsilçiləri siyasi dividendlərini qeyb etməməkdən ötrü ümumi razılığa gedərək, konfransın işinə qatılmaqdan imtina etmək məcburiyyətində qalıblar.
4. "Ümid" və ADP-nin "baxışları"
Daha öncədən "Qarabağ" blokunda təmsil olunan "Ümid" və ADP-nin "Məşvərət Məclisi"nin konfransına qatılmamaları da yuxarıda qeyd edilən amillərə yaxındır. Nəzərə alsaq ki, bu günlərdə "Ümid" sədri İqbal Ağazadə də İ.Qəmbərə və Ə.Kərimliyə meydan oxuyub, bu zaman baş verənləri bir neçə funksiativ bölmələrə aid etmək mümkündür. Birincisi, İ.Ağazadə hər iki inhisarçı "lider" tərəfindən inkar olunur. Yəni həqiqi müxalifət partiya sədri kimi qəbul edilmir. "Ümid" sədri isə iddia edir ki, nə Ə.Kərimli, nə də İ.Qəmbər 2013-cü il seçkilərində iştirak etməyəcək. İ.Ağazadə özünə dividend qazanmaqdan ötrü, daha dəqiq desək, özünü müxalifətin güc mərkəzi kimi nümayiş etdirmək üçün konfransa qatılmamağı məqsədəuyğun hesab edib.
ADP isə, bildiyimiz kimi, "Ümid"-lə müttəfiq olduğuna görə, İ.Ağazadəni dəstəkləmək məcburiyyətində qalıb. Sərdar Cəlaloğlu bunu etməsə, dərhal üzdə olan az-çox siyasi nüfuzunu da itirmiş olacaq. Təkcə ADP sədrinin ötən günlərdə müxalifətin məğlubiyyətə uğrayacağını bəyan etməsi ilə "Ümid" sədrinin açıqlamasının bənzərliklərinə diqqət yetirsək, deyilənlərin həqiqətə nə qədər uyğun olmasını görərik.
5. Baş verənlərə nəticəli baxış
Nəticədə, baş verən hər bir hadisəyə ümumi olaraq, belə qiymət vermək mümkündür: ümummüxalifət düşərgəsində görüntü xarakteri təsirini bağışlayan bu kimi olayların - konfransların, sessiyaların, toplantıların keçirilməsi imitasiya, ya da siyasi bleflərdir. Təbii ki, "demokratiya axtarışı" pərdəsi arxasında aparılan müxalifətdaxili savaşın daha ağır nəticələri 2013-cü ildən sonra daha aydın görünəcək. Görünəcək mənzərə isə belədir: Müxalifət düşərgəsinin müxtəlif qütblərində fəaliyyət göstərən qurum və birliklər tez bir zamanda dağılacaq, dağılmalar partiyaların parçalanmaları və iflası ilə nəticələnəcək, "lider" statusuna yiyələnə bilməyən siyasi fərdlər sonuncu şans axtarışı çərçivəsində kölgəyə çəkiləcək və həmin kölgədən bir daha gün işığına çıxa bilməyəcək, nəticədə, ölkədə yeni, sivil, ümumxalq maraqlarına, dövlətçilik mənafelərinə cavab verəcək konstruktiv müxalifətin yaranması zərurəti əmələ gələcək.
RÖVŞƏN RƏSULOV