AXCP sədri Əli Kərimlinin daha bir sifarişini Ədalət Yusibov yerinə yetirdi
KXCP-də cərəyan edən gərgin situasiya artan xətti ilə davam etməkdədir. Artıq bildiyimiz kimi, AXCP sədri Əli Kərimli KXCP sədri Mirmahmud Mirəlioğlunun partiya sədrliyindən uzaqlaşdırılmasından ötrü parçalayıcı mövqeyini ortaya qoyub ki, bu da "klassiklər" daxilində narazı qüvvələrin yaranması ilə nəticələnib. "Demokratik Birlik" adı altında yaradılmış fraksiya da məhz "cəbhə" sədrinin "əməyinin nəticəsidir". Hələ ötən aydan başladılan bu oyun KXCP-nin AXCP ilə birləşməsi mövzusu ilə start götürmüşdü ki, həmin məsələdə ilikn addımı Mirəlioğlunun müavini Qaya Qəliyev atmışdı. Az keçməmiş, bəlli oldu ki, Q.Əliyev Ə.Kərimlinin emissarıdır və "klassiklər" daxilində M.Mirəlioğlunun deyil, Ə.Kərimlinin siyasətini yürüdüb.
Ali məclisin toplantısında bir çox KXCP üzvü xəyanətlərinə görə "klassiklər" sıralarından uzaqlaşdırılacaq
Burada ətrafını qruplaşma vasitəsilə möhkəmləndirən Q.Əliyev az keçməmiş, KXCP sıralarından istefaya göndərildi. Bundan sonra isə vəziyyət daha da kritik həddə çatdı. Düzdür, Ə.Kərimli sözügedən məsələ ilə bağlı inkaredici münasibət bildirməsə də, onun susqunluğu deyilən fikirlərin həqiqətəuyğunluğunu kifayət qədər təsdiq edir. Q.Əliyevlə yanaşı adıçəkilən fraksiyaya uzun illərdir ki, KXCP-də fəaliyyət göstərən müavinlərin, funksionerlərinin də qoşulması partiyanın növbədənkənar toplantısı ilə başa çatıb. Artıq KXCP-nin ali məclisinin iclasının vaxtı da müəyyənləşdirilib. M.Mirəlioğlunun tərəfdarlarından biri kimi çıxış edən digər müavini Xəzər Teyyublu istisna etməyib ki, məclisin toplantısında bir çox partiya üzvü xəyanətlərinə görə onların sıralarından uzaqlaşdırılacaq. Məhz bu baxımdan, bu günlərdə Mirəlioğlunun daha bir müavini olan Ədalət Yusibov siyasi təşkilatdakı vəzifəsindən istefaya gedib. Həmin məsələni isə ona məhz Ə.Kərimli sifariş edib.
Ədalət Yusibov: "Bu açıqlamanı verməyim tezləşə də bilər"
O bildirib ki, 1 oktyabr tarixindən etibarən KXCP sədrinin müavini və "Daimi Seçki Qərargahı"nın rəhbəri postlarından istefa verib. O deyib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: "Ola bilər 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər".
Onu da qeyd edək ki, Ədalət Yusibov hazırda "İctimai Palata"nın koordinasiya şurasının üzvüdür və həmin qurumda AXCP sədrinin yaxın adamı kimi tanınır. Bu kimi faktlara söykənərək, demək mümkündür ki, Ə.Kərimlinin KXCP-ni parçalayaraq mənimsəməsi məsələsində Q.Əliyevlə yanaşı, Ə.Yusibovun da xüsusi xidmətləri var. Lakin xatırladaq ki, M.Mirəlioğlunun hələ ki, öz bəyanatlarını özünə yaxın olan adamları vasitəsilə verməkdədir. Ali məclisin toplantısında isə onun AXCP-yə və partiya sədri Ə.Kərimliyə qarşı ittihamlar yağdıracağını indidən proqnozlaşdırmaq mümkündür. Bu amil isə, hazırda gərgin vəziyyətdə olan müxalifət düşərgəsində yeni ajiotajların yaranmasına gətirib çıxaracaq.
R.Hüseynova