PDF Oxu

Müxalifət

  • 53

ACP boykot olunmasına münasibətini açıqladı

Zəminə Dünyamalıyeva Müsavat və AXCP ilə yanaşı, ADP və "Ümid"-i də yerdən-yerə vurdu

ACP boykot olunmasına münasibətini açıqladı

Bir neçə gün öncə ACP-nin təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində baş verən məlum hadisələr bir daha onu deməyə əsas verir ki, müxalifətdə alınmayan birlik ideyalarının əsas baiskarları məhz həmin müxalifəti "idarə" edən partiya "liderləridir". Bu kimi məsələlər ətrafında yaşanan qalmaqallar isə tükənmir, əksinə, daha da çoxalır. Xatırladaq ki, ACP-nin konfransına müxalifət partiyalarının hər biri dəvət almışdı. Lakin buna baxmayaraq, siyasi ambisiyalarını müxalifətdaxili dialoqdan üstün tutan ambisioz "liderlər" nəinki həmin dəvətdən imtina etmiş, eləcə də, ACP-yə qarşı daha intriqal mövqe nümayiş sərgilədilər. Bu da, təbii ki, Rəsul Quliyevin "lideri", Sülhəddin Əkbərin sədri olduğu partiya yetkililərinin "nüfuzlarına" xələl vurub. Bu baxımdan, ACP-nin növbədənkənar toplantısı keçirilib və həmin toplantıda Müsvat partiyası, AXCP, ADP, "Ümid", eləcə də, həmin partiyaların mətbuat orqanları yerdən - yerə vurulub.

Zəminə Dünyamalıyeva: "Məncə, "Yeni Müsavat"dan "müstəqil qəzet" adını yığışdırmaq lazımdır"

Hətta ACP-nin ali məclisinin sessiyasında yeni məclis sədri seçilmiş Zəminə Dünyamalıyeva Müsavatı partiya kimi qəbul etmədiyini vurğulamaqla yanaşı, tədbirlərinin boykot edilməsi haqqında yazan "Yeni Müsavat" qəzetinin müstəqil qəzet olmadığını iddia edib: "Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli konfransa gəlmədilər. Özləri bunu necə izah edirlər, bilmirəm...Mənim Müsavat partiyasının özünə iradım var. Müsavat partiyası bu qəzetin başlığına "müstəqil informasiya qəzeti" yazır. Əgər bu müstəqil mətbu orqandırsa, hesab edirəm ki, qərəzli mövqe tutmamalıdır. Əgər bu qəzet Müsavat partiyasının təbliğ edilməsi ilə məşğuldursa, partiyanın digər qüvvələrlə mübarizəsində Müsavata açıq dəstək verirsə, məncə, müstəqil qəzet adını yığışdırmaq lazımdır... Son vaxtlar rəhbərliyin təsirinə düşərək nə deyirlərsə, onu da yazır. Belə mövqe olmaz axı...Mən artıq qeyd etdim ki, partiyanın mövqeyi artıq qəzetin mövqeyidir. Bunlar iddia edirlər ki, guya partiya və qəzet bir-birindən ayrıdır, müstəqildir. Amma əslində, 10 yaşında uşaq da bunları oxusa, dərhal bilər ki, bir adamdırlar".

"Konfransın keçirilməsi AXCP və Müsavat partiyasında siyasi qısqanclıq yaradıb"

Məlum konfransın keçirilməsində həm AXCP-nin, həm də Müsavatın daxilində siyasi qısqanclıq hisslərinin baş qaldırmasını istisna etməyən Z.Dünyamalıyeva müxalifətin bu gedişlə heç bir uğur qazana bilməyəcəyini bildirib: "İstər "Məşvərət Məclisi", istərsə də "İctimai Palata" olsun", heç biri üçün, 2013-cü il seçki ilidir. Mən hesab edirəm ki, 2013-cü ildə keçiriləcək seçkilərdə həlledici rol oynayacaq müxalif qurum hələ yoxdur və gözə dəymir. İstər hüquqi, istərsə də ictimai-siyasi baxımdan belə həlledici rol oynaya biləcək qurum yoxdur. Ona görə də, bunların həzm etmədiyinin nə olduğunu bilmirəm. Bunların yenidən toplaşmaq istəməməkləri açıq göstərir ki, bu insanların və qurumların insan mövqeyi, yaxşı-pis lider olaraq həzm etmə qabiliyyəti yoxdur. Bax, bu məsələ artıq ortadadır".

ACP yetkilisi ADP və "Ümid"-i arsız adlandırdı

ACP-nin təşkilatçılığı ilə keçirilmiş və boykotçular sırasına aid edilmiş ADP və "Ümid" partiyaları da ACP yetkilisi tərəfindən ittiham hədəfinə çevriliblər. Belə ki, o, bunu atalar sözü ilə izah etməyə çalışıb: " Atalar deyir ki, çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Əgər sən sayılıb hörmətlə bir yerə dəvət edilsən də, bu hörməti özündə görüb addım atmırsansa, deməli, problem sənin özündədir. Biz heç bu haqda düşünmürük".

Göründüyü kimi, artıq müxalifət düşərgəsində partiyalararası münasibətlərin pozulması bir daha belə qənaətə gəlməyə əsas verir ki, gələn ildə keçiriləcək prezident seçkilərində müxalifətin ümumi birliyi olmayacaq. Bu səbəbdən, post-seçki dövründə önə çıxmağa cəhd göstərən partiyaların bundan sonra da qarşılıqlı ittihamlara getmələri kifayət qədər çox olacaq.

Mübariz QULİYEV

Digər xəbərlər